Füyuzat 132

Milli istiqlal məfkurəsinin memarı Əli bəy Hüseynzadə

Əli bəy Hüseynzadənin 1907-ci ildə yazdığı “Siyasəti-fürusət” başlıqlı oçerkləri məhz yeni məfkurəli romantik teatrın kağız üzərində təsvir edilmiş modeli idi. Siyasətdə uduzmuş müsəlman və türklərin geri qalmasının səbəbləri bu oçerklərdə teatral səhnələrlə, faktların fonunda əyaniləşdirilir, səhvlər tənqid edilir, uğurlara aparan yollar göstərilirdi. Daranın zülmünə qarşı yunanlarda mübarizə əhval-ruhiyyəsi yaradan Esxilin, Evripidin dramaturgiyası əsasında yaranmış teatr Azərbaycan teatrının inkişaf etməsinə maraq göstərən səhnə fədailərinə nümunə göstərilirdi. Ə.Hüseynzadə həmçinin teatrı cəmiyyətin güzgüsü olaraq görür, onun yenilənməsini, zamanın siyasi-ideoloji tələblərinə cavab verməsini arzulayaraq Şillerin, Volterin, Russonun, Tolstoyun və digər dünya dramaturqlarının yaradıcılığını soydaşlarına nümunə göstərirdi. Türkün qədim tarixini yaradan, onun inkişaf və tənəzzülündə payı olan şahların, sultanların, hökmdarların adlarını sıralayıb dramaturgiyada tarixilik prinsiplərinin diqqət mərkəzində olmasını istəyən Hüseynzadənin ilk arzusunu Əbdürrəhim bəy Haqverdiyev reallaşdırdı və “Ağa Məhəmməd şah Qacar” (1907) faciəsi ilə tarixi mövzulardan birini qələmə aldı. Onun ardınca “Məmmədəli şah” (Mirzəli Abbasov, 1914), “Nəsrəddin şah” (Cəfər Cabbarlı, 1917) və “İblis”, “Topal Teymur”, “Xəyyam”, “Səyavuş” (H.Cavid) kimi səhnə əsərləri yazılaraq teatr fədailərinə təqdim edildi.

Ə.Hüseynzadə yazılacaq yeni ideyalı pyesləri səhnədə lazımi səviyyədə oynaya biləcək aktyorların yetişməsində də maraqlı idi. O, Bakıya gəldiyi ilk günlərdə Ə.Haqverdiyevin quruluş verdiyi bir neçə tamaşaya baxmışdı. Ak­tyor­lar arasında onun diqqətini çəkən ucaboylu, qarayanız bir gəncin səs tembri, xarici görkəmi diqqətini cəlb etmişdi. Lakin dostları Əbdürrəhim bəy və Sultan Məcid Qənizadənin onun bəyəndiyi aktyorun sənəti haqqında yüksək fikirdə olmadıqlarını bildikdə heç də fikrindən vaz keçmədi. Hüseynzadənin gənc aktyorun istedadına olan inamı dəyişmədi. Səhnədə bir gəncin həmişə epizodik rollarda çıxış etdiyini görən Əli bəy onu yaxın dostu Nəcəf bəy Vəzirova tapşırmışdı. Oynadığı tamaşalarda diqqəti cəlb etməyən Hüseyn Xələfovun danışıq manerası, sözə münasibəti səhnə sənətinin etik­-estetik tələblərini yaxşı bilən jurnalistin gözündən qaçmamışdı. Odur ki dostu Nəcəf bəydən gəncin üzərində çalışmağı xahiş etmişdi. Hüseyn Xələfovun bəxtindən vəziyyət elə gətirmişdi ki, 1904-cü ildə Ə.Haqverdiyev Dumaya vəkil göndəriləcək namizəd kimi teatr kollektivindən ayrılıb Gəncə şəhərinə getmişdi. Kollektivin dağılmasına imkan verməmək üçün tacir Cahangir Zeynalov evini səhnə fədailərinin üzünə açmışdı. Buradakı məşqlərə Nəcəf bəy Vəzirov rəhbərlik edirdi. Nəcəf bəy fikirlərinə hörmət və etibar etdiyi Əli bəyin arzusunu gerçəkləşdirmək üçün Hüseyni özünün köməkçisi təyin etmişdi. İstəyirdi ki, Xələfovun səhnə çəkingənliyini tədricən əridib yox etsin. Gənc aktyorda rejissor köməkçisi olaraq özgüvən yaratmağa çalışan Vəzirov tezliklə istədiyi nəticəni aldı və bir neçə tamaşada Xələfova böyük rollar verərək onu sınadı. Hüseyn artıq Vəzirovun köməkçisi və maraqlı aktyor kimi sınaqdan çıxmağı bacarırdı. 1905-ci ildə kollektivin Lənkəran qastrolu zamanı “Müsibəti-Fəxrəddin” tamaşasında oynadığı Rüstəm bəy rolunun ifasında  qazandığı uğur Hüseyn­zadənin təxminlərini doğrultmuşdu. Gənc aktyor bir il ərzində Dərbənddə və digər şəhərlərdə qastrol tamaşalarında ad qazandı, Ərəblinski təxəllüsü ilə tanındı. Artıq milli səhnəmizin aparıcı faciə aktyoru da yetişmişdi…

Davamı…