Liberal demokratik prinsiplərə zidd kimi görünsə də, əksər modern millətlərdə milli kimlik müxtəlifliklərin toplamı və idarə olunmasıdır. Bu anlayışa görə, millət üzvlərinin müxtəlifliyindən ibarət özünəməxsus sosial, siyasi reallıqdır. Modern cəmiyyətdə bərabər yaşamağın, yaratmağın, qurmağın, qorumağın və qorunmağın cavabı milli kimlikdir. Milli kimliyin uğurlu tətbiqi eyni ölkədə eyni dildə danışa bilən vətəndaşların kədər və sevinc anlarında eyni fikirdə olmasından asılıdır.
Bu anlamda millət, milli kimlik modern insanın bərabər yaşamaq ehtiyacına əsasən, dövlət əliylə tapılan cavabdır. Belə olan halda mövcudolma baxımından uzlaşma əldə edilmiş, normativ və şərtləri qəbul etmiş fərdlər toplusunu millət olaraq qəbul etmək olar. Modern dünyada torpağın siyasi və hüquqi aqibəti milli suverenlik anlayışı çərçivəsində müəyyən edildi. Romada, orta əsr Avropa universitetlərində fərqli bir mahiyyət kəsb edən millət (natio) anlayışı modern insanı toplu olaraq bir arada tutan aparıcı anlayış olaraq ortaya çıxmışdır. Modernizmi doğuran intibah, coğrafi kəşflər, elmi inqilablar, siyasi inqilablar son təhlildə insanın birlik formasında dəyişikliyinə səbəb oldu. Daha doğrusu, “dövlət mənəm” deyən modern idarəetmə formaları (hökumətlər) inqilabların yaratdığı xaosu kapitalist iqtisadi münasibətlərin də dəstəyi ilə millətləri formalaşdıraraq həll etməyə çalışdı. Bu çevrilmənin (transformation) bir digər tərəfi iqtisadi istehsal prosesindəki inqilabi dəyişiklik idi. İnsanlıq əl əməyinə əsaslanan sahələrdə mexaniki istehsal mərhələsinə keçid etdi. Bütün bu inqilabi dəyişikliklər insanın azadlıq və bərabərlik anlayışı və ehtiyacından tutmuş kollektiv kimlik ehtiyacına qədər dəyişikliyə səbəb oldu.
İnsanın varolma şəkli renessans sənəti ilə bərabər ön plana çıxarıldı və modern dövrdə azad və bərabər insan modeli modernizmin əsas üstünlükləri olaraq ifadə edildi. Belə ki, İmmanuel Kant aydınlanmanı ağlını istifadə edə bilən (sapare aude) insan subyektinə bağlamışdı. Bununla belə, insan, onun azadlıq və bərabərlik istəyi ilk dəfə kəşf edilmədiyi kimi, ilk dəfə də yaradılmırdı. Sadəcə olaraq modern insanın siyasi varlığına dair anlayışlarda dəyişiklik edildi. Belə ki, böyük kütlələr tərəfindən öyrənmə və mənimsənməsi müşkül olan dini doktrina dünyəvilik (secularism) vasitəsilə dövlətdən ayrıldı. Yəni orta əsrlər dövründə dövlət quruluşu və qanunlarını ayaqda saxlayan dini doktrina və xanədanlığın (monarxiyanın) (Benedict Anderon. “İmagined Communities”, London: Verso, 1991, s. 9–37) siyasi və hüquqi əhəmiyyəti, özünəməxsusluğu ortadan qalxmış oldu. Beləliklə, Platon, Aristotel və orta əsr mütəfəkkirlərinin mətnlərində də mövcud olan bərabərlik və azadlıq ideyası da yeni dil (milli dil) vasitəsilə daha geniş kütlələr üçün əlçatan olmağa başladı. Şübhəsiz, azadlıq və bərabərliyin Afina senatından, xanədan sarayı və dini məbədlərdən geniş kütlələrə sirayət etməsində iqtisadi quruluşdakı çevrilmənin də rolu olmuşdur. Afinada senatı modern parlamentlər və millətlər adına siyasətlə məşğul olan peşəkar siyasətçilər əvəz etməyə başladı. Bu dəyişikliyin qavranması üçün iqtisadi münasibətlərdəki inqilabi dəyişikliyi nəzərə almaq lazımdır. Mexaniki dünyanın bir parçası olaraq ortaya çıxan kapitalist iqtisadi quruluş yeni bir dünya yaratmağa başladı. Beləliklə, millətlər, milli kimliklər modern dünyada kollektiv kimliyin ana elementi olaraq qəbul edilməyə başladı. Bərabərlik və azadlıq üçün millətin üzvü olmaq əsas şərtlərdən birinə çevrildi, bu isə vətəndaşlıq olmadan mümkün olmayacaqdı. Vətəndaşlıq müəyyən bir torpaqda yaşayan insanlarla bərabər və azad olmaq imkanını yaradırdı. Millətə üzvlük üçün hansı şərtlər zəruri idi? Bir millətin üzvü qəbul edilmək üçün bir insanın soykökünü, yoxsa sosial aidiyyətini (bərabər yaşamaq) əsas tutmaq lazım idi? Bu səpkidə müxtəlif yanaşma və nəzəriyyələr ortaya çıxdı və tədricən millətşünaslıq sahəsi formalaşdı.
Uğurlu bir milli kimlik inşa edərkən etnik və irqi birliyi millət üçün əsas şərt olaraq müəyyən etmək olmaz. Bu xüsusda ötən əsrdəki faşizm hərəkatından bəhs etmək kifayətdir.