Dilqəm Əhməd Füyuzat 125 Şəxsiyyətlər

MÜHACİRƏTDƏ  İKİ QƏRİB MƏZAR

Azərbaycan Cümhuriyyətinin işğalı vətənsevər, xeyriyyəçiliyi ilə  tariximizdə önəmli iz qoymuş bir çox mesenatlarımız kimi milyonçu Hacı Zeynalabdin Tağıyevin də ailə üzvlərinin mühacir həyatı yaşamasına səbəb olmuşdur. Belə ki, Hacının qızı Leyla xanım Tağıyeva (17.01.1896–23.02.1948) həyat yoldaşı Əli Əsədullah və 3 övladı (Əli – 1918–1943?; Nadir – 1920? –1940?; Gülnar – 1919–2007) ilə 1924-cü ildə Bakıdan Təbrizə, oradan isə İstanbula mühacirət etmişdir. Kiçik oğulları 1926-cı ildə İstanbulda doğulmuş (o, babası Hacı Zeynalabdinin adını daşımışdır), ailə daha sonra Parisə köçmüşdür.

II Dünya müharibəsi zamanı Əli Əsədullah böyük oğlu ilə almanların tərəfində sovet ordusuna qarşı döyüşdə həlak olmuş, Nadir və Zeynalabdin isə Parisdə bədbəxt hadisə nəticəsində vəfat etmişlər.

Əli Əsədullahla Leyla Tağıyevanın digər övladı Gülnar Parisin Sarbonna Universitetini bitirdikdən sonra anası ilə İstanbula köçmüşdür. 1948-ci ildə İstanbulda dünyasını dəyişərək Feriköy islam məzarlığında dəfn edilən Leyla xanımın məzar daşında belə yazılıb: “Hacı Zeynelabidin Takının kızı Leyla Esadullah. Bakü, 17 ocak 1898 – İstanbul, 23 şubat 1948”.

İstanbulda Tağıyev ailəsinə məxsus ikinci məzar isə Hacının nəvəsi Əbdürrəhman bəyin məzarıdır.  Əbdürrəhman Tağı 1897-ci ildə Bakıda doğulub. Atası İsmayıl Tağıyev, anası Nurcahan xanımdır. “Türkiye mühendislik haberleri” jurnalının 1 yanvar 1967-ci il tarixli sayında yazdığı tərcümeyi-hala görə, Əbdürrəhman 1926-cı ildə İstanbul Texniki Universitetinin inşaat fakültəsini bitirib. 1928-ci ilə qədər yol inşaatında tikinti şefi, Dövlət Dəmir Yollarında mühəndis, 1928–30-cu illərdə Kayseri-Sivas dəmir yolu çəkilişində inşaat müdiri, 1930–43-cü illərdə Dövlət Dəmir Yollarında yol müfəttişi, yol baş müfəttişi, Eskişehir yol atelyesi müdiri, Ankarada dəmir körpülər fənn heyəti müdiri vəzifələrində çalışıb. Çürek, Divrik, Ərzincan və Karabükdə müxtəlif yol, körpü, stansiya inşaatlarında baş mühəndis (1943–1947)  işləyib. Sonralar əmək fəaliyyətini İstanbul Bələdiyyəsində davam etdirərək 1947-ci ildən 1952-ci ilə qədər Eyüp bölgəsinin tikinti planını hazırlayıb. 1952-ci ildən etibarən 10 il Yıldız Teknik Universitetində dəmir yolları və torpaq işləri üzrə dərs deyib. Əbdürrəhman Tağı yaşı ilə əlaqədar universitetdən ayrıldıqdan sonra İstanbul Liman İnşaatı bölgə müdirliyində kontrol mühəndisi, “Simel Limited İnşaat” şirkətində baş mühəndis vəzifəsində çalışıb. Ə.Tağı Türkiyə İnşaat Mühəndisləri Birliyinin üzvü olub. O, 1983-cü il noyabrın 4-də İstanbulda vəfat edib, Ədirnəqapı məzarlığında dəfn olunub.

Əbdürrəhman bəyin Faika Onat (1903–1994) xanımla evliliyindən dünyaya gələn Suna (1932–2011) adlı qızı professor, hərbçilərin hakimiyyəti dövründə nazir (1983–1986) vəzifəsində çalışan Mehmed Nimet Özdaş (1921–17.06.2014) bəylə ailə qurub. Onların Orxan və Mehmed adlı iki övladı var.P.S.Bu yazımızda görkəmli xeyriyyəçi, dövrünün zənginlərindən olan milyonçu Hacı Zeynalabdin Tağıyevin Azərbaycan Cümhuriyyətinin işğalı nəticəsində Vətənindən didərgin düşərək mühacir həyatı yaşamış – qızı Leyla xanımın və Hacının nəvəsi Əbdürrəhman bəyin ailəsi haqqında söhbət açdıq. Lakin Cümhuriyyətin işğalı təkcə bəhsi keçən ailələrin deyil, digər soydaşlarımızın da həyatına ağır zərbə vurmuşdur. Xalqını, millətini həmişə uca tutan yardımsevər insanlarımız məlum səbəbdən də mühacir həyatı yaşamış, son nəfəslərini də qəriblikdə vermişlər. İndi onlar doğulduqları torpaqdan uzaqlarda – qərib məzarlarda uyuyurlar. Vətən həsrəti çəkən belə məzarlarımız çoxdur…