NATO 4 aprel 1949-cu ildə Şimali Atlantika Müqaviləsinin (Vaşinqton Müqaviləsi) imzalanması ilə yaradılıb. Alyansı 12 dövlət (ABŞ, Böyük Britaniya, Belçika, Kanada, Danimarka, Fransa, İslandiya, İtaliya, Lüksemburq, Hollandiya, Norveç, Portuqaliya) birlikdə formalaşdırıb.
NATO-nun qurulmasında və fəaliyyətində bir sıra məqsədlər əsas təşkil edir ki, bu məqsədlərdən bəzi əsas nüansları aşağıdakı kimi qeyd edə bilərik:
1. İnsanları qorumaq. Günümüzdə baş verən münaqişə və müharibələr zamanı, xüsusilə sosial media vasitəsilə döyüşlər gedən bölgələrdə döyüşən tərəflərin qəddarlıqları ilə qarşılaşırıq. Sakitlik və stabillik mühitində təhlükəsiz və iqtisadi cəhətdən sabit mühitdə rahat yaşamağın nə qədər önəmli olduğunun fərqində olmuruq. Amma müharibələrin səbəb olduğu qeyri-təhlükəsiz vəziyyət sabitliyin, təhlükəsiz yaşamın önəmini təkrar göstərir. Təhlükəsizlik gündəlik həyatın hər mərhələsində rifahın açarıdır.
2. Tərəfdaşlıq münasibətləri. Dinc münasibətlərin inkişafı, beynəlxalq əlaqələrin möhkəmlənməsi, dövlətlər arasında ikili və çoxtərəfli münasibətlərin şaxələnməsi üçün dialoq və əməkdaşlıq son dərəcə vacibdir.
NATO tərəfdaş və üzv ölkələrlə etimad yaratmaq və uzunmüddətli perspektivdə münaqişələrin qarşısını almaq, təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr aparmaq üçün yeni imkanlar vəd edir. Praktiki əməkdaşlıq və çoxtərəfli təşəbbüslər vasitəsilə ölkələr yeni təhlükəsizlik təhdidləri ilə birlikdə mübarizə aparırlar ki, bu da yaxşı nəticə əldə etmək üçün yeni fürsətlər deməkdir.
3. Yeni təhlükələrlə mübarizə. Təhdidlərin xarakteri dəyişdikcə sülhməramlı üsullar da dəyişir. NATO müdafiə imkanlarını bugünkü təhdidlərə uyğunlaşdırır. Terrorizm, qeyri-qanuni addımlar və kütləvi qırğın silahları kimi digər təhlükələrlə mübarizə aparmaq üçün qüvvələrini uyğunlaşdırır və çoxmillətli yanaşmaları inkişaf etdirir.
4. Sülh və sabitliyin təmin edilməsi. Sabitliyin faydalarından bir çox tərəf eyni vaxtda istifadə edə bilər. Gərginliyin təhlükə yaratdığı bölgələrdə sabitliyin təmin edilməsi son dərəcə vacibdir. Bu səbəbdən NATO digər beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində böhranın idarə olunması əməliyyatlarında fəal rol oynayır.
Hazırda NATO-nun 33 üzvü var: Almaniya (1955), Amerika Birləşmiş Ştatları (1949), Albaniya (2009), Belçika (1949), Böyük Britaniya (1949), Bolqarıstan (2004), Çexiya (1999), Danimarka (1949), Estoniya (2004), Fransa (1949), Finlandiya (2023), Xorvatiya (2009), Hollandiya (1949), İspaniya (1982), İtaliya (1949), İslandiya (1949), İsveç (2024), Kanada (1949), Monteneqro (2017), Şimali Makedoniya (2020), Latviya (2004), Litva (2004), Lüksemburq (1949), Macarıstan (1999), Norveç (1949), Polşa (1999), Portuqaliya (1949), Rumıniya (2004), Slovakiya (2004), Sloveniya (2004), Türkiyə (1952), Yunanıstan (1952).
Siyahıdan da göründüyü kimi hər nə qədər birlik olsa da, NATO daxilində bir-biri ilə fikir ayrılığı yaşayan ölkələrin sayı kifayət qədərdir. Məsələn, Türkiyə və Fransa həm tarixi, həm də çağdaş baxımdan düşmən sayılacaq qədər gərgin münasibətlər konteksində olan əsas örnəkdir. Bundan başqa, İtaliya və Fransa, Şimali Makedoniya və Yunanıstan, Türkiyə və Yunanıstan örnəkləri də digər nümunələri təşkil edir. Ancaq bununla da bitmir. Gözlə görünən çəkişmələrdən başqa ittifaqı təşkil edən Böyük Britaniya, ABŞ, Almaniya, Fransa, İtaliya, Türkiyə kimi dünyəvi və regional güclərin öz maraqlarını qorumaq üçün bilinməyən rəqabət içində olduqları da bəllidir. Bu isə alyansın əsas gücləri arasında etibarlılıq və etimadı azaldır.
Dünyada yaşanan son hadisələr fonunda isə NATO qəribə təzadla üzləşir: Alyansın mövcudluğu həm əvvəlkindən daha vacib bir hal alır, həm də ittifaq daxilində fikir ayrılıqları artır. Müttəfiq dövlətlər özünümüdafiə məsələlərində alyansın ümumi prinsiplərindən çıxış etsə də, digər münaqişələrdə dövlətlər fikir ayrılıqları yaşayır və vahid fikir formalaşmır. Misal üçün, İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələləri Türkiyə və Macarıstan kimi dövlətlərin narazılığı ilə qarşılanırdı. Düzdür, həmin dövlətlər narazılıq yaradan xarici siyasət xətlərindən müəyyən mənada imtina etdilər və sonda Türkiyə və Macarıstan hər iki dövlətin ittifaqa üzvlüyünü təsdiqlədi. Ancaq bu, bənzər problemlərin gələcəkdə yaşanmayacağı anlamına gəlmir.
Rusiya məsələsi isə, NATO daxilində formalaşan fikir ayrılıqlarının bariz nümunəsidir. Hətta deyə bilərik ki, bu məsələ NATO daxilində parçalanmaya səbəb olacaq ilkin çatları formalaşdırıb. Belə ki, bir müddət əvvəl Fransa prezidenti Emmanuel Makron və Polşa Prezidenti Andjey Duda NATO canlı qüvvələrinin Ukraynadakı əməliyyatlara cəlb olunma ehtimallarından danışmışdı. Bu, Rusiyada birmənalı qarşılanmamış, Rusiya ilə bərabər NATO dövlətlərinin bəziləri də etirazını bildirmişdi. Məsələn, Macarıstan tərəfi bu fikirlərin NATO ilə əlaqəsinin olmadığını, həmin dövlətlərin öz yanaşmaları olduğunu qeyd edib. Hətta NATO-nun baş katibi Yens Stoltenberq də Ukraynaya silah və sursat tədarük etməyin vacib olduğunu qeyd etmiş, ancaq Fransa və Polşadan səslənən fikirlərin reallığı əks etdirmədiyini əlavə etmişdi. Hətta ABŞ Senatından da mövzu ilə bağlı açıqlama verilmiş, senator Mayk Li NATO dövlətlərindən Ukraynaya qoşun göndəriləcəyi təqdirdə ölkəsinin ittifaqı tərk etməli olduğunu müdafiə etmişdi.
NATO dövlətləri, həmçinin Yaxın Şərqdə, İsrail–Fələstin məsələsində də fikir ayrılıqları yaşayır. ABŞ, Böyük Britaniya kimi dövlətlər İsraili müdafiə edir. Türkiyə isə birmənalı şəkildə Fələstin dövlətindən yanadır. Digər dövlətlər isə birmənalı şəkildə hər hansı tərəfi müdaifə etməsə də, ABŞ və İngiltərə mərkəzli siyasət yeridən ölkələr İsraili, ABŞ və İngiltərə mərkəzli siyasət yeritməyənlər isə Fələstini dəstəkləyir.
ABŞ və İngiltərə mərkəzli demişkən…
Təkqütblü dünya sistemində ABŞ əsas dünya dövləti, Böyük Britaniya isə onunla müttəfiq şəraitində dünyada söz sahibi ölkələr olaraq ön plana çıxmışdı. Ancaq yeni dünyaya – çoxqütblü dünya sisteminə keçid zamanı ABŞ–Britaniya mərkəzli dünya sistemi də son günlərini yaşayır. Çin, Rusiya, Braziliya, Türkiyə, Hindistan kimi dövlətlər öz regionlarında aktiv oyunçulara çevrildikcə yeni güc mərkəzləri formalaşmağa başlayır. Xüsusilə, anti-ABŞ, anti-Britaniya qüvvələr yeni yüksələn dövlətlərlə əməkdaşlıqlarını artıraraq prosesi daha da sürətləndirirlər.
Elə Britaniyanın özü də yeni dünyada ABŞ-dan daha vacib, hər kəsdən daha vacib bir dövlətə çevrilməyi hədəfləyir və bir sıra məsələlərdə ABŞ-ı nəzərə almadan öz maraqları naminə addımlar atır.
Həm qeyri-NATO dövlətlərin sürətlə yüksəlişi, həm də ABŞ, Britaniya, Fransa, Almaniya kimi dövlətlərin liderlik yarışına qoşulması NATO-dakı həmrəyliyi sarsıdacaq səbəblər doğa bilər. Misal üçün, Türkiyə artıq öz xarici siyasətində Qərb mərkəzli yanaşmaları balans siyasəti ilə dəyişir. Sadəcə maraqları nəyi, necə tələb edirsə, ona uyğun addımlar atır.
Macarıstan, İtaliya kimi Avropa dövlətləri də qitədən kənar maraqlarına uyğun bütün əlaqələrə açıqdır. Şərqi Avropada isə dövlətlər artıq ikiyə bölünüb: Şərqə yönələnlər və Qərbə yönələnlər.
Bütün bunları nəzərə alaraq iddia etmək mümkündür ki, əslində, NATO daxilində artıq çatlar formalaşıb. Bu çatların dərinləşməsini, ittifaqın dağılmasını əngəlləyən isə tək bir faktor var: Xarici təhlükə.
Avropa dövlətləri yarım əsrdən çoxdur ki, müharibə görmürlər, ümumiyyətlə Avropada xaotik sayılacaq ciddi hərbi qarşıdurmalar yaşanmır. Daha Orta Əsrlərdəki kimi İngiltərə və Fransa yüzillik savaşlar etmirlər, “dünya uğrunda ağalıq” mübarizəsini ya başqa bölgələrdə proksi qüvvələrlə edirlər. Ya da sadəcə sivil qaydada ağıl və iqtisadi metodlarla bir-birilərini qabaqlayırlar. Belə bir situasiyada Avropa yenidən müharibə yaşamaq istəmir, təhlükəsizliyini əsas tutur. NATO hərbi təşkilat olaraq bu təhlükəsizliyin qarantı rolunu oynayır.
Birincisi, həm Avropa daxilində dövlətlərin bir-birinə müharibə elan etməsinə imkan vermir. İkincisi, xarici təhlükələri Avropaya, ümumiyyətlə, ittifaqa üzv hər hansı bir dövlətə müdaxilə fikirlərindən daşındırır. NATO-nun varlığı isə ikinci faktorda daha labüd bir məsələdir.
Ona görə də NATO-nun daxilində hər nə qədər fikir ayrılıqları, çatlar yaşansa da, ittifaqı üzvləri sırf xarici təhlükələr qaldıqca alyansı dağıtmaq, yaxud onu tərk etməyi ağıllarına belə gətirməyəcəklər. Əgər Rusiya, Çin və ya qeyri bir dövlət NATO-nun dağılmasını istəyirsə, ilk işi ittifaqı təşkil edən dövlətlərin gözündə sivil imaj yaratmaq olmalıdır. Yoxsa bütün beynəlxalq hüquq və normaları pozaraq Ukraynada işğala başlayan Rusiya NATO dövlətlərinə hansı güvəni verə bilər ki, onlar da Rusiyanı xarici təhlükə və potensial “ölüm” kimi görməsinlər? Axı o, işğalçı və təcavüzkardır…
Ona görə də NATO dövlətləri arasında potensial xarici təhlükə olaraq qiymətləndirilən böyük dövlətlər NATO üzvləri ilə münasibətlərini yaxşılaşdırmadıqca ititfaqın parçalanması mümkün olamayacaq. Necə ki, Rusiyanın aqressiyası artan kimi Finlandiya və İsveç NATO-ya “qaçdı”. Amma əgər həmin dövlətlər NATO üzvləri ilə sağlam və həqiqi əməkdaşlıq şəraiti formalaşdırarsa, bu halda özünü təhlükəsizlikdə hesab edəcək həmin dövlətlərin NATO-ya gərəyi qalmayacaq. İndiki məqamda yaxın gələcəkdə bunun yaşanması mümkün görünmür. Ən azından yeni çoxqütblü dünya sistemi tam formalaşana, yeni güc mərkəzləri tam bərqərar olana qədər NATO öz aktuallığını qoruyacaq.