Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş ilk türk yazıçısı Orxan Pamuk 1952-ci il iyunun 7-də İstanbul şəhərinin Nişantaşı bölgəsində zəngin və ziyalı bir ailədə dünyaya göz açmışdır.
– Nobel mükafatına layiq görüldüyünüz gün hansı hissləri keçirdiniz?
– “Nobel” aldığım gün mənim üçün çox ağır keçdi. Avtomobil qəzasına düşmüş şəxslərin ifadəsi ilə desək: “Hər yerim qana bulanıb, amma ağrı hiss etmirəm”. Mən də sanki o gün sevinci hiss etmirdim.
– Nobel mükafatı sizi xoşbəxt etdimi?
- Bəli, bu mükafat məni xoşbəxt etdi.
– “Yazar özünü məsud hiss etdiyi zaman yaza bilməz”, “Xoşbəxtlik axmaqlara xasdır”, “30–40 yaşlarımda həyat yoldaşımla xoşbəxt yaşadığıma görə, 40–50 yaş arasında isə digər yazarların əldə edə bilmədiyi uğuru qazandığım üçün özümü çox qınayıram”… Bu sözlər sizə məxsusdur…
– Xoşbəxtliyin müxtəlif növü var. Bu mükafat da mənə o xoşbəxtliyin bir növünü yaşatdı.
– Bu ifadələrinizi necə anlayaq, xoşbəxtlikdən kədərlənməkmi?
– Xeyr, belə izah edək, xoşbəxtlik həyatın qayəsini təşkil edirmi? Bundan öncə yazdığım kitablarda xoşbəxtlik axtarışına çıxdım; ailə səadətini, hər kəslə xoşbəxt olmağı, səthi xoşbəxtliyi anlamağa çalışdım… Və bu nəticəyə gəldim ki, iqtisadi çətinlikləri, yoxsulluğu, siyasi problemləri çoxluq təşkil edən belə bir ölkədə xoşbəxt olmaq əxlaqi baxımdan nə qədər doğrudur? Bu mənim cavab tapmağa çalışdığım sualdır. “Qar” adlı romanım səthi də olsa siyasətə toxunur və orada da bu mövzulardan bəhs edilir: digər insanlar öz dərdləriylə boğuşduğu halda bizim xoşbəxt olmağımız doğrudurmu? Fərdi sevincimizlə toplumun kədəri arasına sərhəd çəkməkdə nə qədər haqlıyıq?…
– Fikrinizcə, xoşbəxtlik xudbinlikdirmi?
– Əgər insan başqalarının dərdiylə dərdlənməyibsə, həyatını, sadəcə, öz səadəti üzərində inşa etməyə çalışıbsa və bunların nəticəsində xoşbəxt olubsa, mən o xoşbəxtliyi sevmirəm. Amma mən romançılıq sahəsində çəkdiyim 32 illik zəhmətlər sayəsində Nobel mükafatına layiq görülmüşəmsə və bu mükafat əsərlərimin dünya miqyasında sevilib rəğbət qazanmasına səbəb olubsa, bu sevincdə bir təqsir görmürəm.
– İsveç Akademiyasının qərarını siyasi məsələlərlə bağlayanlara nə deyərdiniz?
– Mən 32 ildir roman yazıram və kitablarım 46 dilə çevrilərək ümumilikdə 11 milyon nüsxədə çap edilmişdir. Çəkdiyim zəhmətlərə, kitablarıma və dünyada roman sənəti üçün etdiklərimə görə Nobel mükafatına layiq görüldüyümü düşünürəm. Bunu təkcə mən düşünmürəm, mükafatı verənlər də bu fikirdədir və mükafatın siyasi məqsədlər üçün verilmədiyini onlar da qeyd edirlər. Amma bəziləri qısqanclıqdan bunu qəbul etmək istəmirlər.
– Amma mükafatın siyasi məqsədlər üçün verildiyini iddia edənlər təkcə Türkiyədəkilər deyil!..
– “Mənim adım qırmızı” romanımın dünyada ən önəmli mükafat olan – “Dublin Impac” mükafatına layiq görüldüyünə görə İrlandiyanın məşhur agentliklərindən birinin müxbiri İstanbula zəng edərək məndən müsahibə almaq istədiyini bildirdi. Müsahibə əsnasında İraq müharibəsi haqqında da sual verdi. Mən də hələ bu müharibə baş verməzdən əvvəl müharibəyə qarşı yazılar yazdığımı ona bildirdim. Agentlik həmin müsahibəyə “İraq müharibəsinə qarşı olan türk yazara mükafat verildi” adlı bir başlıq qoyaraq o müsahibəni dərc etdi. İctimaiyyət də bütün dünyanın müharibədən əvvəl oxuduğu və 7 il ərzində ərsəyə gətirdiyim o kitabın nailiyyətini mənim müharibəyə qarşı olmağımla əlaqələndirmək istədi. Bir çoxları buna bəlkə də inandı. Amma artıq onlara cavab vermək fikrində deyiləm. Çünki bu insanların əksəriyyəti onsuz da ədəbiyyat, xüsusən də romanla heç maraqlanmır.
– Cəmiyyətimiz xainləri də, qəhrəmanları da çox yaxşı ayırd edə bilir. Bəs sizə bu sifətlərin ikisi ilə də xitab etmələrinin səbəbi nədir?
– Cəmiyyət bu iki məfhumu çox şişirdir. Nə “xain” hesab etdikləri – düşündükləri qədər xain, nə də “qəhrəman” dedikləri – sandıqları qədər qəhrəmandır. Təəssüf ki, cəmiyyətimizdə bu iki sözü çox asan istifadə etmək vərdişi formalaşıb. Cəmiyyətin mənə nə xain, nə də qəhrəman deməsi mənə maraqlı deyil. Çünki bu sözlər o qədər çox istifadə edilir ki, gün keçdikcə hər ikisi öz dəyərini itirir…
– Prezident Əhməd Necdət Sezər Nobel mükafatı almağınız münasibətilə sizi təbrik etmədi…
– Mən istanbullu müstəqil bir yazaram. Dövlətdən təbrik gözləmirəm, etsələr sevinərəm, etməsələr də, bu məni narahat etməz. Yetər ki mənə əngəl olmasınlar. Məncə, prezident təbrikinin böyük əhəmiyyət kəsb etdiyi bir toplumda yaşamırıq. Qazandığım uğurdan zövq ala bilmək üçün dövlətin təbrikinə ehtiyac duymuram. Dövlətin missiyası mənə dəstək vermək deyil, düşüncə azadlığına şərait yaratmaqdır. Dövlət bəyəndiyi yazarlara göstəriş vermək və ya bəyənmədiklərini isə həbsə atmaq səlahiyyətinə də malik deyil. Buna baxmayaraq baş nazir Ərdoğan və xarici işlər naziri Gül məni təbrik etdilər. Onlara öz təşəkkürümü bildirirəm.
– Romanlarınızı yazarkən çətinlik çəkdiyiniz məqamlar olurmu?
– Xeyr. Çünki mən düşünərək, planlaşdıraraq yazıram. Lakin zaman-zaman romançının həyatında çəkdiyi əziyyətləri xatırlamağa ehtiyacı var. Çünki insan öz yaşadığı əziyyətli günlərə nəzər yetirərsə, digərlərinin də dərdlərini anlaya bilər. Bu özümüzü başqasının yerinə qoymaq qabiliyyətidir. Yaxşı romançı özünü başqasının yerinə qoya bilməlidir. Bir kişi yazıçı bir qadını anlamalı, özünü onun yerinə qoya bilməlidir ki, yazdıqları oxucuya inandırıcı təsir bağışlasın. Roman yazarkən bəzən elə səhnələr də olur ki, xarakterin tükəndiyini görürsən. O anda “mən olsam, nə edərdim” deyə özümə sual verirəm və öz yaşadıqlarıma müraciət edirəm.
– Kitablarınızın adını özünüzmü qoyursunuz?
– Bütün kitablarımın adını özüm qoymuşam. Əvvəllər bu xüsusda çox çətinlik çəkirdim, kitabı yazıb bitirsəm də, adını qoya bilmədiyim üçün çapı gecikirdi. Son zamanlar bu mövzuda bəxtim gətirir, artıq kitab bitmədən adını qoya bilirəm.
– Ətrafınızda sizi rahatlıqla tənqid edənlər varmı?
– Bəli, var. Tənqidə açıq adamam. Heç bir yazımı başqasına göstərmədən yayınlamıram. Hətta təkcə bir nəfərə yox, beş-altı oxucuya belə göstərirəm…
– Onlar kimlərdir?
– Həyatımı bölüşdüyüm yaxınlarım… Hər dəfə ata kimi evdə qazandığım uğur və mükafatlardan bəhs edərkən çox təvazökar olan qızım Röya mənə “ata, təkəbbürlənmə” deyir. Qızım böyüdükcə həyatıma daha çox qarışır… Bəzi yazarlar öz romanlarını heç kimə oxumadan çap etdirirlər. Bu mənə çox dəhşətli gəlir. Çünki mən beş səhifə yazsam belə, onu kiməsə mütləq oxumalıyam, həm də bundan böyük zövq alıram. Mənim üçün yazdıqlarıma başqasının üfüqündən nəzər yetirmək çox önəmlidir.
– Romanlarına həmişə tutarlı bir cümləylə başlayan Orxan Pamuk dərs qeydlərində də bunu təkrarlayaraq “romanlar ikinci həyatdır” deyir. Bu, xüsusilə diqqət etdiyiniz məqamdırmı?
– Kitabın ilk cümləsi mənim üçün çox önəmlidir. Bu haqda çox düşünürəm. İlk cümlə kitabın bütün ruhunu, axarını, oxucuda yaradacağı ruhi dəyişikliyi sezdirməlidir. Kitabın adını, ilk və son cümləsini illərcə qeydlər apararaq düşünürəm.
– Yazı prosesində özünüzü ən rahat hiss etdiyiniz yer hara olur?
– Mən romanlarımı hər yerdə yazıram; məsələn, 20 il bundan öncə qələmə aldığım “Qara kitab” adlı romanımın yarısını Nyu-Yorkda yazmışdım. Mənim üçün bunun fərqi yoxdur. Bəzən təyyarədə, bəzən isə gözləmə salonunda yazıram və bundan da zövq alıram.
– “Nobel”lə təltif olunmaq ədəbiyyatın zirvəsini fəth etməkdirmi?
– Xeyr, “Nobel” aldığım üçün özümü dünyanın ən yaxşı yazarı hesab etmirəm. “Nobel” məni ədəbiyyatın zirvəsinə qaldırmadı, lakin mənə etibar, məşhurluq və rəğbət qazandırdı. “Nobel” heç bir yazar üçün hədəf deyil, çünki onun kimə veriləcəyini öncədən heç kim bilmir.
Qeyd: Yazı Orxan Pamukun müxtəlif müsahibələri əsasında hazırlanmışdır.
Tərcümə edən: Seyid Ramin