Bu gün özünə vurğunluq və özünə dəyər arasında çox ciddi fərqlər var. Sosial elmlərin və psixologiyanın da bəzən bu məsələlərin müzakirəsində uzun perspektivli addımlar ata bilmədiyini müşahidə edirik. Mənim hətta Freyddən də çox bəyəndiyim psixoanalitik Karl Yunq deyirdi ki, olduğun şeyi – özünü sevmək, isti dəmiri qucaqlamaq kimidir.
Bununla belə, psixoloqlar vurğulayırlar ki, özünü sevmək eqoist davranmaqla eyni deyil. Özünü sevməyin sağlam və uyğun formaları ilə “bədxassəli” və ya narsisistik formalar arasında aydın bir xətt var. Çin mədəniyyətində özünü sevmə fenomenini araşdıran tədqiqatçı Li Ming Xue və onun həmkarları iddia edirlər ki, Qərb filosofları özünü sevməyin bir fəzilət olduğuna inanır. Qərb etika tarixində minlərlə fərdiyyətçi tövsiyələrə rast gəlirik. Eyni zamanda estetika nəzəriyyəçiləri də Qərb kültürünün bəzən həddən artıq narsist olduğunu söyləyirlər.
Digər tərəfdən, “qonşunu özün kimi sev” tezisini indi bir çox xalqların məişət deyimində və fikrində müşahidə edə bilirik. Şərq cəmiyyətşünaslığında bu yanaşma belə də ifadə oluna bilir; “Qonşunu özün kimi sevmək üçün əvvəlcə özünü sevməlisən”. Buna görə də filosof Jan Bransen deyir ki, Sokratın “özünü tanı” məsləhətinə əməl etmək üçün özünü sevməyin düsturunu bilmək lazımdır.
Müasir psixoloqların irəli sürdüyü özünə məhəbbət özümüzlə mərhəmətli münasibət qurmaq deməkdir. Və bu fikirdə ziddiyyətli heç nə yoxdur. Biz dəyər verdiyimiz insanlarla mehriban və anlayışlı münasibət qurmağa çalışmalıyıq. Ancaq bu, onların etdikləri hər şeyi tənqidsiz bəyənmək demək deyil. Eyni zamanda özünü sevmək özünü tənqiddən imtina etmək demək deyil.
Zəif cəhətlərimizi və ehtiyaclarımızı başqaları ilə bölüşmək (digər adı ilə təmkinli olmaq) insan olmağın ən şirin tərəflərindən biridir. Beləliklə, biz güclü bağlar qura, insan olmağın xoşagəlməz bir həqiqəti olan “tənhalıq” hissini qismən aradan qaldıra bilərik.
Bu prosesdə zəif tərəflərimizi heç kimə açıqlamamaqdansa, vəziyyətlə barışmaq, ən azından nisbətən “özümüzü sevmək” və ətrafımızdakılardan və ya bir mütəxəssisdən kömək istəmək işimizi asanlaşdıracaq. Tənqid burada vacib faktordur. Özünü tənqid etməyi bacarmayanların özünə sevgisinin isə nə fərdə, nə də onun mənsub olduğu sosiuma heç bir faydası ola bilməz.
Özünütənqidin hüdudsuzluğu ilə əhatə olunmuş biz özümüzü sevməyin nə demək olduğunu kifayət qədər bilirikmi? Bu sual üzərində düşünərkən Meister Ekhartın sözlərini xatırlamaqda fayda var: “Özünü sevirsənsə, başqalarını da özün qədər sevəcəksən. Başqasını özünüzdən daha az sevirsinizsə, özünüzü sevməkdə, həqiqətən, uğur qazana bilməzsiniz”.
Eqoizm sevginin tam əksidir. Ona görə də özünü sevməyin eqoizm olduğu fikrinə etiraz eqoist insanın özünü də sevməməsidir. Eqoist insan özünü çox deyil, “lap çox sevir”, hətta özünə nifrət edir. Bu özünü bəyənməməsi və özünə maraq göstərməməsi, qeyri-məhsuldarlıq əlaməti onu boş və narahat edir. Belə bir insan aqressivdir və özünə şüursuz maneələr yaradaraq hirslə çata bilmədiyi məmnunluqları həyatdan uzaqlaşdırmağa çalışır. O, zahirən özü ilə çox maraqlanır, amma əslində, bunlar onun həqiqi mənliyinə diqqət yetirə bilməməsini ört-basdır etmək və kompensasiya etmək üçün uğursuz təcrübələrdir.
Özünü sevməyin fəlsəfəsini bilmək həyatımıza işıq tutmaq iqtidarındadır.