Azadə Novruzova Füyuzat 135

Qarlı günlərdən…

Həmişə qar yağanda üşüyərdim. Bu gün üşümədim, Vətən! Buna səbəb nə əynimi qalın geyinməyim, nə də tox olmağım idi. Səbəb o idi ki, indi torpağı Uca Yaradanın bəxş etdiyi şirin ömür payını sənin uğrunda bağışlayan şəhidlərimizin canı isidir, səmanı isə onların ruhu. Daha sən üşümürsən… Qırışığın açılıb. Qar göydə də, yerdə də ipistidir, od kimi! Daha nə ayağımız, nə də başımız üşüyür. Bu gündən sonra həmişə elə belə də olacaq. Cahana Günəş kimi əbədi nur saçacaqsan! Əlimiz cibimizdə üşüyən günlərimiz olub, Can Vətən!

Bircəciyin deyim: 1988-ci il 25 noyabr… Camaatımızın öz evlərindən didərgin salındığı sonuncu gün… Zəngəzurdan, Qarakilsədən Laçına, Naxçıvana qar yarıb açılan cığırlar… İtən-batan çox oldu… Qarlı qara günlər… Siz geri dönməyin heç!

Qar yağar, qada-bala azalar. Götürər gedər qara nə varsa… Bəmbəyaz geyindirər dünyanı! Bərəkəti artar torpağın, zəmilər sünbüllərin qucağındakı dənlərdə xoş günlər bəslər elə-obaya. Ovqatlı olar həmin ilin çörəyi. Camaatın üzü gülər. Xırmanda toy-bayram havası olar. Nənələrimiz buğda sovurar bol-bol… Qara sacı kərə yağıyla yağlayar, qovurğa qovurar… Qovurğalar sacda atlanar-düşər… Gözü yerdə olanlar sacdan sıçrayar, təzədən oda düşər, yanar kül olar… O da aşiqlər kimi. Kirkirədə qavıt çəkər… Küplərə yığıb quyularda qışa saxlayar… Babalar dəyirmanda növbə tutar, buğda üyüdər… Yarma çəkdirər, irisini-xırdasını ayırar… Bu dəmdə dəyirmanın suyu kəsilər, səs-küy qalxar… Qolu çırmaqlı qalarlar iş başındakılar. İş yarı-yarımçıq tökülər, ortalıqda qalar… Görərdin, deyinə-deyinə əliboş gələrdilər. Pahooo, iş tərsə düşdü… Xeyiri Allahdan umaq… Hövsələlilər üçün olan işdir… Kəmhövsələlər tez-tez xəbər dalınca gedərdilər… Dəyirmanın qapısını biri açıb o biri örtərdi, ta ki pər fırlanana kimi… Növbə çəkənlər qabağa düşərdi… Allahın arxayın bəndələri – gəlib evində isti sobanın qırağında mürgü vuranlar gedib sonradan cığallıq salardılar…

Analar yarma plov dəmləyər, əvəlikli yarma, umac (sulu xörək) bişirər… Qovurma dürməyi edərdilər… Süfrə sərilər, nemətlər düzülər yan-yana: qara qovurma, toyuq soyutması, çoban şorbası, çaşır, baldırğan, qırmızı kələm turşusu, kalış soğan, göy-göyərti, ağ turp, kömür peçində kəpək kartof külləməsi, kərə yağı, motal pendiri, şor, sərmə qaymaq, çiçək balı, təzə sulanmış təndir lavaşı… Dalınca da kəklikotu ilə dəmlənmiş, dişləmə qəndlə armudu stəkanda çay… Süfrə qırağında şirin-şirin söhbətləşər babamın başına yığışanlar… Peçin istisi xumarlandırar başını nənəmin dizinə qoyan bacımı… Tənbəllər tez yatar, qoçaqlar nağıl dedirdər babasına-nənəsinə…. 

Səhər-səhər yolları qar alar… Qapıları qar basar… Rəhmətlik Eldar dayının traktorunun hayı-küyü kəndi oyadar… Yollara cığır salar… Çoban itlərinin qorxusu canımızda olsa da, sevinə-sevinə qarda yumalana-yumalana məktəbə gedərik… Olanların çoxu burada olar… Qartopu… Qardürməyi… Damlardan sallanan buzları qırıb xırtıldada-xırtıldada yemək. Bal bilmək… Xizək sürmək… Bir-birimizi itələyib yıxmaq… Əziyimizi, sınığımızı qorxumuzdan evdəkilərdən gizlətmək, üstü açılanda “quzu”ya dönmək…

Nə qədər sevinc yaşayardıq, İlahi! Eh… ehhh… Ay keçən günlər, hardasınız? Demirəm, uşaq olum… Demirəm, nənəli-babalı günlərimi geri qaytar, demirəm, qaçqın-köçkün olum, xiffətdən əriyim, demirəm, məktəb çantamla sürüşüb, kitab-dəftərimi isladıb, sonra da gəlib sərim sobanın qırağında qurudum, demirəm, şaxta kəsən əllərimi nənəm qoynunda qızdırsın… Deyirəm ki, Allah, bir də olsun o xoşbəxt günlər! Bir də, bir də…

Anam da cavan olsun, atam da. Güllü gəbəmizin üstündə yallı öyrətsinlər bizə!..