Romantik və realist yapon ədəbiyyatının önəmli isimlərindən biri də Yasuanri Kavabata hesab olunur. Yaponiyaya ilk Nobeli qazandıran addır. Osakada dünyaya gələn yazıçı iki yaşında yetim qaldığı üçün babası və nənəsi tərəfindən böyüdüldü. 15 yaşına qədər bütün doğmalarını itirdiyi üçün anasının qohumları ilə qalmağa başlayır və Tokio Universitetinə qbul olduqdan sonra ədəbiyyatla peşəkar formada məşğul olur. Həm jurnalist, həm də yazar kimi fəaliyyət göstərir və İkinci Dünya Müharibəsinə dair çoxlu yazılar qələmə alır. 1972-ci ildə qazla özünü zəhərlədi və intiharının səbəbləri indiyə kimi məlum deyil. Dostu Misimanın intiharının ona təsir göstərdiyini deyənlər var, lakin Misimadan fərqli olaraq heç bir intihar məktubu yazmadığına görə ölümünün səbəbləri hələ də məlum deyil. “Qarlar ölkəsi”, “Go ustası”, “Kiyoto”, “Gilas çiçəkləri” ən məşhur əsərləridir.
Yaponiyanın bu gün ən sevilən yazarı Haruki Murakamidir. Mənim dünya ədəbiyyatında xüsusi yerə qoyduğum şəxsdir və ona israrla Nobelin verilməməsinin alt mahiyyətinin suallara açıq olduğunu dəfələrlə qeyd etmişəm. 12 yanvar 1949-cu ildə Kyotoda anadan olub. Murakaminin atası buddist din xadimi idi və həyatının böyük illərini təbiətinin gözəlliyi ilə məşhurlaşan Kobedə keçirib. Tokiodakı Vaseda Universitetindən 1975-ci ildə məzun olandan sonra Avropa və Amerikada gəzdi. İlk əsəri 1979-cu ilin nüfuzlu “Gunzoi mükafatı”na layiq görüldü. İlk kitabının davamı ilə yeni mükafatlar aldı. Murakamini bütün dünyaya tanıdan 15-dən çox dildə tərcümə olunan “Norveç meşəsi” oldu. İki il öncə Murakaminin yeni romanı hələ nəşrdən öncə onlayn sifarişlərlə ən çox istək alan kitab sırasına daxil oldu. Murakamini bu gün tənqid edənlər onun yaradıcılığından daha çox siyasi fikirlərini tənqid edirlər. Amerikaya olan hədsiz simpatiyası və aşırı bağlılığı ölkədə xoş qarşılanmır, ümumiyyətlə, yaponlar qərbçi fikir adamlarını yalnız ədəbiyyatda deyil, fəlsəfi və siyasi fikir tarixində də heç zaman sevmədilər, onlara qarşı toplumda antipatiya öz mövcudluğunu qorudu. Murakami yapon karikaturalarını da sevirdi. Yazdığı qeydlərdə tez-tez çəkilən karikaturalardakı səhnələrdən nümunələr gətirir. Mühafizəkar dünyagörüşü qəbul etmir, amma bütün sosial dünyagörüşünün ənənələrin tənqidi üzərində fokuslandığı fikirini söyləmək də haqqsızlıq olar. Murakami sakitliyin axtarışında olan yazardır. “Tək axtardığım şey tanınmayan bir kənddə sonsuz yuxuya getməkdir”, yazır notlarında. Murakaminin fərqliliklərə verdiyi önəm onun çıxışlarında və yazılarında diqqət mərkəzindədir. Dünyanın dairəvi halında çox maraqsız olduğunu söyləyən yazar, yaşamın maraqlı tərəfinin rəngliliklərə, fərqliliklərə, orijinallıqlara hörmətdən qaynaqlandığını yazırdı. “Kafka Sahildə”nin bir yerində Murakami obrazın dilindən yazır: “Fərqli insanları sevirəm. Bu həyatda normal bir həyat yaşayan insanlar daha çox güvənilməz olur çünki.” Yazar ruhu insan bədənindən kənarda mövcudluq kimi dəyərləndirmir, klassik alman fəlsəsəfinin və Hegelin ruh fenomenologiyası ilə bağlı müddəalarını müdafiə edir.
Romanın başqa bir yerində xoşuma gələn sitatda da Murakaminin inandığı fəlsəfi ideyanı necə müdafiə etdiyinə şahid olursan. O yazır: “Mən hərəkət halındakı bir ruham. Məni yaralaya bilməzsən, ola bilsin ki, qanım axa, ancaq bu gerçək qan olmaz. Tutaq ki, ağrılar içində qalıram, amma bu doğru və həqiqi bir ağrı olmaz. İndi məni məhv etmək istəyən insanın o ölçüdə qabiliyyətləri olmalıdır. Ancaq buna hazır deyillər, indiki hallarıyla yetərsiz, xam xəyaldan başqa bir şey ola bilməzlər.” Yapon ədəbiyyatı bütöv Yaponiya modelinin bir komponentidir və ölkədəki inkişafla həmahəng formada addımlamağı bacararaq, tarixin sınağından uğurla çıxdı.