Dilqəm Əhməd Füyuzat 128 Tarix

Sarı Ələkbər

Milli istiqlal hərəkatının tanınmış üzvü, Gəncə üsyanının başçılarından Sarı Ələkbər İmamqulu bəy kimi tanınan Ələkbər bəy Məhəmmədzadə 1875-ci ildə bu şəhərdə dünyaya gözlərini açıb. Gəncə Polis İdarəsinin rəis müavini, Milli Müsəlman Komitəsinin taqım komandiri olan Ələkbər bəy 1918-ci ildə Qafqaz İslam Ordusu ilə birlikdə Bakıya gəlib.

Doktor Fəthi Tevetoğlu “Mənim gördüyüm bugünkü Rusiya” kitabında Müzəffər Tuğsavul paşadan və bir neçə başqa azərbaycanlıdan eşitdiyi xatirəni qeyd edib: “Mürsəl paşa komandanlığındakı türk ordusu Bakını almaq üzrə irəliləyərkən Gəncədə bir könüllü alayı qurulmuş, türk silahlı qüvvətlərinə qatılmış. Bu könüllü alayın başında böyük mücahid gəncəli Sarı Ələkbər bəy idi. Trabzon liseyindəki qardaşımız İsmayıl Sarıyalçının atası olan bu qəhrəman azəri-türk övladı 41 dərəcə atəşlə xəstələnir və Bakıya girmədən yolda buraxılmaq, Gəncəyə geri göndərilmək istənilir. “Mən bu mücadilədə ölməyə gəldim, dönməyə gəlmədim!” deyən bu gəncəli türk övladının alovu və ruhuyla Gəncədən Bakıya gəlinir və şəhərə girilir” (Tevetoğlu Fethi. “Benim Gördüğüm Bugünkü Rusya”. Ankara, 1968, s. 156-157).

Gəncə üsyanının yatırılmasından sonra oğlu İsmayılla mühacirətə gedən Ələkbər bəy əvvəlcə Trabzonda, daha sonra Qars şəhərində məskunlaşır.

Sarı Ələkbərin mühacirətindən sonra ailəsi Qazaxıstana sürgünə göndərilir. Lakin onlar sürgündən qaçaraq Qarsa – Ələkbərin yanına gəlirlər. Bu qovuşma ilə bağlı tədqiqatçı Zakir Muradov “Gəncə qiyamı: Sarı Ələkbər və qisasçı bacıları” adlı məqaləsində yazır: “Göyçədən Məmmədəli bəy adlı bir tacir (o, Türkiyənin sərhəd ərazilərinin əhalisi ilə alış-veriş edirmiş) Gəncədə olarkən Sarı Ələkbərin bacılarına onun Qars şəhərində məskunlaşdığı, öz ailəsinin də Türkiyəyə göndərilməsini arzuladığı haqda xəbərlər gətirir. Odur ki Sarı Ələkbərin həyat yoldaşı və iki övladını gizlincə Qazaxıstandan Gəncəyə gətirmək qərarlaşdırılır. Onları etibarlı adamların köməyi ilə bir neçə aya Vətənə çatdırırlar. Bu müddətdə Məmmədəli bəy də dəfələrlə sınağa çəkilir. Nəhayət, o, son dəfə Türkiyədən dönərkən özü ilə tutarlı əşyayi-dəlil, Sarı Ələkbərin kəmərini gətirdikdən sonra şübhə yeri qalmır. O, Sarı Ələkbərin ailəsini özü ilə ErmənistanTürkiyə sərhəd məntəqəsindən birinə götürür. Tezliklə Sarı Ələkbər bura göndərdiyi adamları vasitəsilə ailəsini Türkiyəyə keçirir. Məmmədəli bəy Gəncəyə növbəti səfəri zamanı Sarı Ələkbərin ailəsinə qovuşması haqda müjdə ilə bacıları sevindirmiş olur”.

1938-ci il noyabrın 6-da xəstəlikdən vəfat edən Ələkbər bəy yaşadığı Qars şəhərində dəfn edilir (“Azerbaycan” dergisi, sayı 8, 1952). Ələkbər bəyin ölümü ilə bağlı oğlu İsmayıl Sarıyala Azərbaycan Cümhuriyyətinin qurucusu M.Rəsulzadə məktub göndərir. Sarı Ələkbərin varislərinin ailə arxivində qorunan həmin məktubda yazılıb:

Davamı…