Mənəviyyat

Səadət nədir?

“Əl-müəyyəd” qəzetində “Səadət nədir?” adı altında qələmə alınmış bir məqalə oxuduq. Yuxarıda adı çəkilmiş paraqraf oxunmağa layiq olduğundan eynən tərcümə edərək möhtərəm oxucuların istifadəsinə veririk. Məqalənin mənası belədir: “Səadət və bəxtiyarlıq nədir?.. Bəşəriyyətin seçilib-bəyənilmiş amalı olan bu böyük neməti əldə etmək necə mümkündür? Səadət əldə edildiyi təqdirdə onu mühafizə edə biləcək ən yaxşı vasitə hansıdır?..”

Məlum olduğu kimi, insan həyatın döyüş meydanı olan bu dünyada yarandığı gündən bəri həlli mümkün olmayan bu suallara doğru bir cavab tapmadıqda acizdir. Anlaşılması üçün sözü bir az aydın söyləyək: insan “Səadət nədir, ona qovuşmaq necə mümkün ola bilər?” və s. çətin məsələlərə qarşı nə qədər incədən-incəyə tədqiqat aparırsa-aparsın, qənaətbəxş olacaq bir cavab tapmağa müvəffəq olmamışdır, nəticədə dərin və qaranlıq olan bu qeyri-müəyyən həqiqət içində bir zəfər şöləsinə və qələbəyə rast gələ bilməmişdir. İnsanın vücuda gəlməsindən qabaq, Yer kürəsində vəhşilərin yaşadığı qədim dövrlərdə meymun, goreşən və fil kimi məxluqat da sövq-təbii “Səadət nədir?..” sualını bir-birlərindən soruşar, bu həqiqəti bilmək istəyirlərmiş, qəribə deyilmi?..

Deyilənə görə, İblis “mələklərin müəllimi” olduğu zaman belə bu sualı bilməyə həvəskar olmuş, hətta bəşəriyyətin atası Adəm xətasından ayıldıqda bu məsələni – “Səadət nədir?” məsələsini zövcəsi Həvva ilə müzakirə etmişdir. Saçını daradığı, üzünü görmək istədiyi anlarda, o vaxtın aynası hesab olunan güzgü sulara nəzər saldıqda yenə də bu suallar yadından çıxmırdı. Yalnız zövcəsi ilə deyil, hətta ulduzlara nəzərini çevirdikdə bunu onlara da irad edər, sanki ulduzlardan qəlbə şəfa verəcək doğru bir cavab almaq istəyirdi.

Bu çətin sual çox qədimlərə gedib-çıxır. Hansı cinsdən, hansı rəngdən, hansı millətdən olursa-olsun, bu insanlar sualın cavabını bilmək üçün həmişə fikir və zehinlərini işlədirlər. Bunların təfəkkür və tədqiqatlarına baxmayaraq, “Səadət nədir?” məsələsindən heç bir parlaq nəticə əldə edilə bilməmiş və bu həqiqət məchulluq kölgəsində qalmışdır. Bu sual həmişə əbədi qalacağı kimi, onun kəşfi yolu da sona qədər bağlı qalacaqdır. Çünki “Səadət nədir?” sualı və buna veriləcək cavab dünyadakı bütün həyat, səy və əməlin çiyninə yükləndiyi işlərin bir yerə yığılmasıdır. Yəni mövcudiyyət bu iki həqiqət ilə ayaq üstədir. Bəşəriyyətin səy və əməldən gözlədiyi səadət və bəxtiyarlıqdır. Həqiqətən, insan bütün mal-mülkü, bütün sərvəti ilə bərabər, bu çətin məsələnin bir xidmətçisi, xüsusi işçisidir. Çünki insan səadəti dərk etməsə də, qeyrət və çalışması bu “səadət” deyilən uca rütbəni əldə etməkdir. Çalışması həmişə bundan ötrüdür. Bəli, bütün bəşəriyyətin çiynində daşıdığı yüklər səadəti öyrənmək və məsud yaşamaq üçündür. Bu gün də qeyrət göstərib çalışmaq mədəniyyəti, inkişaf və tərəqqini və bu axtarışın ləzzət bəxş edən səmərəsini əldə etmək üçündür. Aydındır ki, insan doğulduğu zaman cahil və çılpaq olaraq dünyaya gəlir. Bundan sonra səadəti axtarır. Belə ki, çılpaq ikən paltar əldə edir, cahil ikən oxuyur, elm və maarifdən feyz payını alıb müasir mədəniyyətdən xəbərdar olur. Bizim səy və əməlimiz də səadət və rifah əldə etmək üçündür. Zati ehtiyaclar və həyati işlərimizi idarə edən yetkin qüdrət və qadir hikmət bizlərə səadət əldə etməyi qadağan edir. Çünki səadət və rifah əldə edəcək olsaq, həyatın lazım bildiyi əməl və səydən üz çevirəcəyimiz təbiidir. Buna görə də bizim səadətimiz səadəti axtarmamaqdır.

Beləliklə, “Səadət nədir, ona qovuşmaq necə mümkün ola bilər?” kimi çətin bir suala şəfa bəxş edən bir cavab verməyə iqtidarımız olmasa da, bu xüsusda bəzi fikirləri söyləyəcəyik:

  1. pişik siçanı gördüyü zaman bəxtiyar olur. Siçan isə bu anda məsud deyil;
  2. xəsis səadəti pulu saymaq və saxlamaqda hiss edər;
  3. xəsisin övladı isə atasının topladığı pulu-paranı istədiyi kimi israf etməklə səadət əldə etmiş olur;
  4. qadın hüsn və gözəlliyi ilə xoş, ürəkaçan göründükdə bəxtiyar olar, kişi isə aləmin ona həsəd etdiyi təqdirdə səadətə nail olmuş olur;
  5. vəhşi insan ona faydası olacaq bir sərvətə rast gəlib boğazını məmnun etdiyi əsnada kamil bir səadət tapmış olur;
  6. məşhur materialistlərdən Darvin isə otuz il qurdların həqiqi mahiyyətini öyrənib tədqiq etməklə özünü məsud hiss edir. Rokfeller otuz ildən də çox səadət qazanmışdır, nə ilə? Qızıllarını saymaqla. Demək, onun da səadəti pul saymaqda imiş. Pulların bir-birinə dəyməsindən hasil olan qızıl səslərində səadəti hiss edərmiş;
  7. uşaqlar oynamaq və yarışmaqla məsud olarlar;
  8. ixtiyarlar, qocalar rahatlıq və vüqar ilə xoşbəxt olarlar;
  9. birisi Şimal qütbündə bir qitə kəşf etməklə səadəti hiss edər. Belə ki, bu dözülməz səyahətdə onun ayaqları donmuş və burnunun ətrafı soyuqdan qızarmışdır;
  10. bir başqası səadəti onda hiss edər ki, yeməkləri havayı olan bir süfrə kənarında oturub ət yeməklə qarnını bol-bol doldura. Bu adam boğazını özündən məmnun edə bildisə, artıq bəxtiyardır.

Düşünürük ki, ən böyük həqiqət, ən əzəmətli səadət elə budur: ağıl və mərifət sahibləri səadəti gücü, qüvvəsi yetdiyi qədərində çalışmaqda və vəzifəsini gözəl yerinə yetirməkdə arayarlar. İnsan ona əmanət edilmiş pak insanlıq vəzifəsini haqqı ilə yerinə yetirmədikcə həqiqi bəxtiyarlığı əldə edə bilməz. Bu o vəzifə, o xidmətdir ki, bütün varlıq aləminə və bütün canlılara faydası vardır. Bütün canlılar zərurət səbəbi ilə özünü və ailəsini təmin etmək üçün necə səy göstərib çalışırsa, bir cəmiyyətin rifahı və səadəti uğrunda da insanlar elə qeyrət göstərməli, çalışmalıdırlar. Sözün xülasəsi: hər bir fərd fərdlərə faydalı olacaq xidmət və vəzifədə olmalı və bu yolda hər bir fədakarlıqdan geri durmamalıdır. ən böyük səadət də elə budur…

Məhəmməd Hadi