“Bir gün sinfə yeni bir müəllim daxil oldu. İlk dəfə sinfə daxil olan bu müəllim özünəxas bir təbəssümlə: “Salam, əziz şagirdlər”, – dedi. Sonradan yaşının qırxın üzərində olduğunu bilsək də, nədənsə daha yaşlı görünürdü. Sanki dünyanın bütün yükünü çiyinlərində daşıyırdı. Özünü təqdim edib dərsinə aid olmasa da, bir neçə sual verdi, amma heç kim əl qaldırmadı, hamı susurdu. Təbəssüm edərək dedi: “Çəkinməyin, cavabınızın doğru və ya yanlış olmasından asılı olmayaraq sizi dinləməyə hazıram. Çünki “İnsan dilinin altında gizlənib” deyir böyüklər. Danışın ki, sizi tanıyım”. Onun tədris metodu tamam başqa idi, həyatın müxtəlif sahələrindən nümunələr gətirir, fənninə aid olmayan həyat dərsləri verirdi. Mənim kimi tənbəl şagirdlər belə onun dərsini səbirsizliklə gözləyir və digər dərslərdən daha çox onun dərsinə çalışırdıq. Hətta onun suallarını cavablandırmaq üçün yarışırdıq da. Onunla həmsöhbət olmaqdan zövq alır, bizə qarşı olan isti münasibətini hiss etməmək mümkün deyildi…”
Tarix boyu insanın inkişafı hər zaman pedoqoqların, psixoloqların, insan mühəndislərinin diqqət mərkəzində olmuşdur. Bu diqqət həm də arzuolunan insan şəxsiyyətinin formalaşdırılmasının nə qədər önəmli olduğunu ön plana çəkmişdir. İnsanın inkişafı prosesində onda formalaşan müxtəlif qabiliyyət və bacarıqlar paralel olaraq şəxsiyyətin formalaşmasında da mühüm rol oynayır. Yaşadığımız dünyanın bir parçası olduğumuz üçün baş verən hadisələrdən bizim də təsirlənməyimiz qaçılmazdır.
Sağlam xarakterə malik şəxsiyyətin formalaşdırılması ailənin, məktəbin və cəmiyyətin əsas hədəflərindən biri hesab olunur. Bunun həyata keçirilməsində isə məktəbin rolu xüsusilə önəmlidir. Bu məqamda PİSA Beynəlxalq Şagird Qiymətləndirməsi proqramının yaradıcısı Andreas Şleyxerin fikrini xatırlamaq yerinə düşər: “Bu günün məktəbi sabahın cəmiyyətidir. Bu gün məktəbimiz necədirsə, sabah cəmiyyətimiz elə olacaq”.
Xarakter şəxsiyyətin ətrafa yansımasıdır. Şəxsiyyət insanın maraqlarını, ətrafdakılarla rəftarını, nitq tərzini, xarici görünüşünü və mühitə uyğunlaşma formasını özündə birləşdirən unikal bir özəllikdir. Fərdin malik olduğu, öyrəndiyi, nümunə yolu ilə qazandığı xüsusiyyətlər şəxsiyyətin formalaşmasına təsir edən başlıca amillərdir.
Cəmiyyətimizdə daha çox əxlaqi dəyərləri ifadə etmək üçün istifadə olunan xarakter termini uşaqlıqdan başlayaraq sosial və digər təsirlərin hesabına formalaşır. Bu təsirlərin olduğu ilk mühit ailədir. Mövzunun əsasını təşkil edən xarakterin formalaşmasında məktəbin rolu isə danılmazdır. Məktəb uşaqların ailədən sonra daha çox vaxt keçirdiyi ikinci ən önəmli mühitdir. Ailədə başlayan inkişaf prosesi məktəbdə davam edir. Bu baxımdan insanın, onun şəxsiyyətinin formalaşmasının əsasını təşkil edən məktəb dövrü çox önəmlidir. Məktəb sosial inkişafla yanaşı, həm də zehni yüksəlişin baş verdiyi məkandır. Hər iki cəhətdən inkişaf təhsilin qayəsini təşkil edir. Təhsil prosesi öz-özlüyündə müxtəlif sistemlər vasitəsilə həyata keçirilir. Bu prosesdə müxtəlif dəyərlərin ötürülməsi nəticə etibarı ilə fərdlərin müəyyən davranışlar qazanmasına səbəb olur. Bu baxımdan ən uzun təhsil prosesini əhatə edən məktəb dövrü insan həyatında mühüm rol oynayır. İnsan dünyaya gözünü ailədə açsa da, onun cəmiyyətə inteqrasiyası məktəbdə baş verir. Sosiallaşmaq insanı digər varlıqlardan fərqləndirən əsas özəlliklərdən biridir. Sosiallaşmanın əsasını təşkil edən tərbiyə prosesi insana arzuolunan özəlliklərin qazandırılmasıdır. Məktəb akademik biliklərin verilməsi ilə yanaşı, həm də insana xas olan digər özəlliklərin vətənpərvərlik, humanizm, paylaşmaq, tolerantlıq və s. formalaşdırılmasında olduqca əhəmiyyətlidir.
Məktəbdə bilik, bacarıq və digər davranış formaları müəllimlər tərəfindən şagirdlərə ötürülür. Bu səbəbdən də müəllimlərin insan xarakterinin formalaşmasındakı rolunu xüsusi qeyd etmək olar. Şagirdlər təlim-tərbiyə prosesində müəllimləri vasitəsilə aid olduqları cəmiyyətin dəyər və normalarını mənimsəyirlər. Bu mənimsəmə özünü müxətlif davranışlar formasında biruzə verir. Davranış prosesi özünü xarakter kimi göstərir. Xarakterin formalaşması isə zamanla baş verir.
Bütün cəmiyyətlərin sağlam təməllər üzərində inşası həmin cəmiyyətlərdə təhsilin inkişafına, bu inkişafın fonunda verilən təhsilə bağlıdır. Məktəb əsas baza təhsilinin formalaşdırılması ilə yanaşı həm də sosiallaşma məkanıdır. Bu sosiallaşma prosesi uşaqların doğulduğu cəmiyyətə gələcəkdə sağlam fərd kimi inteqrasiyasını təmin edir. Uşaqlar davranış formalarını, dəyərləri və digər münasibətləri məktəblərdə öyrənirlər. Ailədə başlayan münasibətlər məktəbdə yeni mərhələyə keçir. Məktəblər mövcud olduqları cəmiyyətlərin dəyərləri və digər mədəni xüsusiyyətlərinin təbliğ olunduğu məkandır. Məktəb həm də uşaqlarda olan müəyyən bacarıqların üzə çıxmasına, yeni bacarıqların formalaşdırılmasına səbəb olacaq məkandır.
Məktəblərin yuxarıda qeyd olunan ali missiyaları ilə yanaşı, həm də formal təhsil vermək kimi vəzifəsi var. Bu iki önəmli prosesin birgə həyata keçirilməsi gələcəyin insan kapitalının dəyərini daha da artırır. Amma, təəssüf ki, bu gün məktəblər bilgi vermək baxımından daha öndədirlər. Məhşur təhsil araşdırmaçısı Ken Robinson özünün “Siz, uşağınız və məktəb” kitabında bu nüansa toxunaraq qeyd edir: “Sosial şəbəkələrdə valideynlərə xitab edərək “övladlarınızın təhsili ilə bağlı sizi narahat edən məqam nədir?” deyə bir sual vermişdim. Sorğuda amerikalı valideynlərdən biri çoxumuzun ürəyindən xəbər verən, amma zaman-zaman dilə gətirmədiyimiz, bəzən ciddiyə almadığımız belə bir nüansı qeyd etmişdi: “Güclü tərəfləri dəyərləndirilmədiyi halda zəif cəhətləri şişirdilir. Aldıqları qiymətlər mənlik şüurundan daha vacib sayılır”.
Təhsil prosesindən, xüsusən də məktəbdən danışarkən şəxsiyyətin formalaşmasında müəllimin rolunu nəzərə almamaq olmaz. Ailədən sonra məktəb olduğu kimi, valideynlərdən sonra da uşaqlar üçün nümunə müəllimləridir. Müəllim sadəcə informasiya ötürən şəxs olmaqdan daha çox rol-model olmaldır. Erkən inkişaf dövrü ailədə baş verərəkən, məktəb dövrü ondan sonrakı ilk formal təhsil dövrüdür. Bu dövrdə müəllimlər uşaqların şəxsiyyətinin, xarakterinin formalaşmasında müstəsna rol oynayırlar. Müəllimlər sadəcə bilik öyrədən deyil, həm də cəmiyyəti inşa edən şəxslərdir. Bu barədə dahi alimimiz Xudu Məmmədovun bu fikri xüsusilə önəmlidir: “Müəllim sadəcə dərs deyən, bir-iki saat sinif otaqlarında şagird və tələbələrlə təmasda olan şəxsiyyət, adi tərbiyəçi deyil. O, zaman və gənclik arasında körpü yaradan, öz şəxsiyyəti ilə nümunə olan, sabahın qurucularını hazırlayan, millətin gələcəyi üçün böyük məsuliyyət daşıyan bir varlıqdır”.
Həm bilgisi, həm də öz müsbət keyfiyyətləri ilə uşaqların inkişafında rol alan müəllimlər onların sosiallaşmasında da öz müsbət tövsiyələrini vermiş olacaqlar. Yazımızın əvvəlində qeyd olunan hekayədəki müəllim modeli əslində cəmiyyətimizin ehtiyacı olan müəllimdir. Ədalətli, əxlaqlı, səbirli, dürüst, dözümlü, şəfqətli və s. müsbət keyfiyyətlərə malik müəllim nümunəvi davranışları ilə əlbəttə ki, öz şagird və tələbələrinin şəxsiyyət kimi inkişaflarında müsbət rol oynayacaqlar. Filosof, psixoloq Erik Fromun dediyi kimi: “Müəllim bütün müsbət keyfiyyətləri ilə həm yaşayır, həm də öyrədirsə, onun insanlara təsiri əvəzedilməzdir”.
Ailəmizlə cəmiyyətimiz arasında ən yaxşı, sağlam körpü məktəb olmalıdır. Dünyanı anlayan, dəyərini bilən və daha yaxşı gələcəyi formalaşdırmaq üçün çalışan, sadəcə öz ölkəsinin deyil, dünyanın vətəndaşı olmağı hədəfləyən insan kapitalının formalaşdırılmasının yolu təhsildən, məktəbdən keçir.