Qlobal araşdırmaya görə, dərmana davamlı superböcəklər 2050-ci ilə qədər dünyada 39 milyon insanı öldürə bilər. Xüsusilə yaşlı əhali bu təhlükə ilə üzləşir.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Lancet” jurnalı məlumat yayıb.
Araşdırmaya görə, 2021-ci ildə artıq 1,14 milyon insan bu səbəbdən həyatını itirib. Lakin 2050-ci ildə bu rəqəmin 1,91 milyona yüksələcəyi proqnozlaşdırılır.
Qeyd edilib ki, ölümlərə səbəb antimikrobiyal müqavimətdir (AMR). Antimikrobiyal müqavimət bakteriyaların zamanla təkamül etdiyi və mövcud antibiotiklərə qarşı davamlı olduğu bir vəziyyətdir.
Bu müqavimət infeksiyaların müalicəsini çətinləşdirir və milyonlarla insanın həyatını təhlükə altına alır.
Qlobal ictimai sağlamlıq təhlükə altındadır
Vaşinqton Universitetində çalışan Möhsün Naqavi mikrob əleyhinə dərmanların müasir tibbin təməl daşlarından biri olduğunu və mikrobların bu dərmanlara qarşı artan müqavimətinin böyük narahatlıq doğurduğunu bildirib.
“Bu tapıntılar antimikrobiyal müqavimətin qlobal sağlamlıq təhlükəsi olduğunu və getdikcə artdığını göstərir”, – Naqavi vurğulayıb. O qeyd edib ki, dünya liderləri bu məsələ ilə bağlı daha çox tədbir görməlidirlər.