Gizli qiymətləndirmə…
Azərbaycan kino tarixinin ən möhtəşəm nümunələrindən biri olan “Nəsimi” filminin final səhnəsi, yəqin ki, hamımızın yadındadır. Bir çoxları elə düşünür ki, film Nəsiminin edam olunması, daha dəqiq desək, dərisinin soyulması səhnəsi ilə başa çatır. Əslində, elə deyil. Film sadalayacağım səhnələrin bir-birini ardıcıl şəkildə müşayiəti ilə bitir: dərisi soyulmaqda olan Nəsiminin dar ağacında məğrur duruşu, qürub etməkdə olan Günəş və ən sonda Nəsimidən qəzəlləri oxuyaraq harasa gedən dərvişlər. Bu sonluq əslində onu çatdırmaq istəyirdi ki, cisim olaraq ölməkdə olan Nəsimi ideya olaraq, mahiyyət olaraq səmavi məkanda, öz Günəşinin yanındadır. Bu dünya üçün isə o, artıq ideyadır, cisim yox, bir enerjidir. Öz sözləri, fəlsəfi yozumu ilə bütöv bir ideyadır və bu ideya dərvişlərin vasitəsilə hər yana yayılacaqdır. Yəni onun müridləri, indiki dildə desək, şagirdləri hara getsələr, Nəsimini də özü ilə aparacaq, böyük mütəfəkkir artıq bir enerji olaraq onlarla var olacaqdır…
Bu həm də bir müəllimin (burada mürşid) şagirdləri tərəfindən qiymətləndirilməsi və məhz bu qiymətin daxili energetik qüvvəyə çevrilməsidir. Bugün də var olan Nəsimi təkcə şagirdlərini qiymətləndirən, onları dəyərə çevirən ustad rolunda çıxış etmədi, o həm də şagirdlərin qiymət, dəyər meyarına çevirdiyi bir ideya kimi yaşadı… Nə yaxşı ki, rejissor (Allah Həsən Seyidbəyliyə rəhmət eləsin – red.) filmi məhz bu pozitiv səhnə ilə sona çatdırıb…
Təhsildə yol verilən ən böyük xətalardan biri də qiymətləndirmə meyarları ilə bağlıdır. Müəllim nədənsə, qiymətləndirməni məhz onun aparmalı olduğunu düşünür. Təhsilverənin fikrincə, qiyməti o verməli, şagird isə bu qiymətə layiq bilinən şəxs rolunda çıxış etməlidir. Prinsipcə doğru yanaşmadır, amma tam deyil. Tam olması üçün müəllim başqa bir detalı – gizli qiymətləndirmənin də varlığını qəbul etməli və onun prinsiplərini dəyərləndirməlidir. Gizli qiymətləndirmə nədir? O, proses olaraq həyata keçirilmir. Onun göstəricisi jurnala, yaxud hansısa rəsmi sənədə yazılmır. O, şüuraltı olaraq həyata keçir. Müəllim istəsə də, istəməsə də bir görünməz enerji kimi özünü hər zaman var edir. Gizli qiymətləndirməni şagirdlər aparır. Onlar müəllimi qiymətləndirir, özü də müəllimin özündən xəbərsiz, hətta bir-birilərindən xəbərsiz. Gizli qiymətləndirmə maddi yox, energetik proses olaraq müəllimi dəyərləndirir. Əgər müəllim bu dəyərləndirmədən uğurla çıxırsa, o, birbaşa “ideya”ya çevrilir. Şərq fəlsəfi məktəblərinin, sufi cərəyanlarının, orta əsr islam elm mədrəsələrinin, eləcə də Qərb bilik ocaqlarının uğurunun da təməli məhz bu idi – Böyük müəllimlərin hər biri şagird toplumunun şüuraltı, gizli qiymətləndirməsindən uğurla keçərək ideya şəklində onlarla yaşayır və davam edirdi. Eynən Nəsimi kimi… Filmdə bir epizodu da xatırlayaq: gedən cismimdir, ruhum Nəsimidədir, sizlərdədir… Müəllimlik bu gün nüfuzunu ilk növbədə ona görə itirdi ki, o, ruhun ötürücüsü kimi bir insandan digərinə (ustaddan şagirdə) keçə bilmədi…
“Niyə?” ətrafında gəzişmələr…
Müəllimin enerjiyə, ideyaya çevrilə bilməməsinin əsas səbəblərindən biri də uzun illər içində qaldığımız təhsil konsepsiyası oldu. Bu təhsil konsepsiyası şagirdin zehin və ruhunda gəzişməni deyil, gəzişərək onu gözəlləşdirib genişləndirməni deyil, məhz onu yükləməyi üstün tutdu. XX əsr Azərbaycan maarifçilərini sevdirən detal (maariflənən şəxsin mənəvi dünyasını qurmaqla, zehnini inkişaf etdirmək, onda ideyaya döndərək, hər zaman bir müsbət nümunə kimi şagirdi izləmək – red.) yerini yaddaşın izafi yüklənməsinə verdi. Hər zaman sevilən dost obrazında görünən müəllim, şagirdin nəzərində ağıryüklü yaddaş tələbçisinə çevrildi. O, müxtəlif sahələr üzrə informasiyaları şagirdə təlqin etdikcə etdi, o informasiyaların alt qatındakı ruhunu, qiymətini şagird üçün bir dəyər kateqoriyasına çevirə bilmədi. Nəticədə özü onun üçün “öldü”. Müəllimlik missiyası bitəndən sonra təhsilalan üçün ümumiyyətlə var olmadı. İdeyaya dönüb onunla addımlamadı. Bir sözlə, o, şagirdin gözündə yağlı bir “2” aldı…
Şagirddə energetik dəyərə dönə bilməməyin, onun üçün ideyaya çevrilə bilməməyin bir səbəbi də tədris prosesinin əvvəldən axırda yalnız “nə?” sualı üzərində qurulması oldu. İnformasiyanı şagirdə ötürən müəllim sonradan həmin bilgini şagirdin yaddaşından qoparmaq üçün ancaq “nə?” sualını vermiş oldu. Mahiyyəti, tədqiqi, şagirdin özünüifadəsini əks etdirən “niyə?” sualına ümumiyyətlə yer olmadı. Şagird məsələnin mahiyyətinə varıb onu zehninə, şüuruna hopdurmaq, cəmiyyətə atıldıqdan sonra isə “həzm etdiyi”ni həyati tətbiqə çevirmək üçün “niyə?” ətrafında gəzişə bilmədi… Bu isə həm də müəllimin onda öldüyünü göstərən əsas faktorlardan birinə çevrildi…
Qiymətləndirmə metodu – “Çoxluq sütunu”
Qiymətləndirmə həm də şagirdə özünü göstərməkdir. Onun özünüifadə bacarığını, şagird kimi faydalılığını (onun öz gözündə isə kimliyini, şəxsiyyətini) rəqəmlərin dili ilə elə özünə təqdim etməkdir. Təəssüf ki, bu təqdimetmə formulu çox zaman birtərəfli qaydada həyata keçirilib. Əslində bir formul üzərində qiymətləndirilən, lakin psixoloji olaraq bunu özünün bütün şəxsiyyət, bilik-bacarıq göstəricisinə aid edən şagird, təbii ki, müəllimi bir ideya olaraq özündə yaşada bilməyəcək. Amma burada ortaya daha bir vacib sual çıxır: Müəllimi hələ bir tərəfə qalsın, o, bu “dəyərləndirmədən” sonra özü-özünü gələcəkdə bir şəxsiyyət, ideya daşıyıcısı kimi görə biləcəkmi? Cavabı sizə buraxıram. Amma şagirdi şəxsiyyət adlı nəhəng bir yolun düzgün istiqamətlənmiş cığırına salan bir qiymətləndirmə nümunəsini təqdim edək:
NÜMUNƏ: Məsələn, 8-ci sinifdə oxuyan Nazim adlı şagird Azərbaycan tarixi fənnindən Atabəylər dövləti mövzusuna cavab vermək üçün çağırılır. Amma o, dərsə hazır deyil. Müəllim isə uzun illərin formalaşdırdığı bir ənənəni davam etdirərək, onu aşağı qiymətləndirərək yerində oturdur: “Otur, iki”.
Vəssalam, yalnız bir meyara görə Nazim həmin müəllimin gözündə qiymətləndirildi. Onun gözündə şagird “iki” qiymətinin insan ekvivalentidir. Çünki Atabəylər dövləti dərsinə cavab verə bilməyib. Əlbəttə ki, verilən mövzuya hazır olmaq çox yaxşıdı, amma bütün işlər bununla bitmir axı. Müəllim Nazimi bir yox, bir neçə müstəvidə qiymətləndirib, öz-özlüyündə “Nazim” adlı qiymətlər çoxluğu sütunu yaratmalı və ona uyğun qərar verməli idi.
Nazim dərsə hazır deyil, amma o, mövzu ilə bağlı situativ məsələləri gözəl təhlil edə bilər. Bu bacarıq Nazimə gələcək həyatında daha çox lazımdır. O, bu təhlili, onun gətirdiyi özünüifadə bacarığını gələcəkdə üzləşdiyi real həyat situasiyasında da tətbiq edə bilər. Müəllim də məhz yanaşmanı bu cür quraraq “Nazim çoxluğunu” özü üçün dolduracaq bir neçə sual verməlidir. Məsələn, şərti olaraq bu suallar:
– Atabəy Şəmsəddinin adından onun övladlarına məktub yazsa idi, sənin onlardan əsas istək və tələblərin nə olardı?
– Düşmən Atabəylər dövlətinə hücum edir. Bu zaman Şəmsəddin Eldəgəz sənə alimlərlə birlikdə gizli mədrəsələrdən birinə qaçmağı əmr edir. Səncə, o, bu əmri niyə verir və sən bu məqamda hansı qərarı verərdin?
– Atabəylər dövründə bir məktəbi inşa etmək sənə tapşırılıb. Amma Atabəy özü bildirib ki, həmin məktəbin 5 fərqli xüsusiyyəti olmalıdır. Sən o 5 fərqlilik üçün nələri və niyə təklif edərdin?
Bu və bu kimi suallar Nazim çoxluğunda onu daha yaxşı dəyərləndirmək, daha dəqiq qiymətləndirmək, özünüifadə bacarığını daha aydın öyrənmək üçün əla bir metod ola bilər. Bu zaman qiymətləndirmə çoxluğuna əsasən Nazim və bütün şagird yoldaşlarının məsələnin mahiyyətinə varma, analiz etmə, situasiyaya görə qərar qəbuletmə bacarıqları, ən azından bunun işartıları üzə çıxacaq…
Bu işartıları zərrə-zərrə üzə çıxaran müəllim özü də hər zaman Nazimlər üçün bir “ideya” şəklində var olacaq!