Elmin Nuri Köşə Yazıları

Təhsilin vəhdəti-vücud şifrləri – vahid bilik nəzəriyyəsi

Qəribə-qəribə dünyalar

Bunu, adətən, yazıçılar, ümumən, yaradıcı insanlar haqqında deyirlər: Bütün yaradıcı insanlar, yazar, şair, rəssam, bəstəkar yaşadığımız dünyaya paralel olan bir dünyadır. Belə “dünya”ların öz varlıq sistemi, Günəş ətrafında hərəkət mexanizmi var.

Düşünürəm ki, hər alim (amma əsl alim) və təhsil adamına da bu yanaşmanı tam yəqinliklə aid etmək olar. Həqiqətən də, Edison kimi alimin təfəkkür qatlarındakı dünya vaxtilə içində yaşadığı dünyadan daha fərqli olub. O dünya bu dünyadakı boşluqlar sisteminin üzərində qurulduğundan ona yeni nələrsə qazandırmağa, real aləmlə öz təfəkkür qatı arasındakı dostluq bağı yaratmağa çalışıb. Saysız kəşflərinin də hamısı, əslində, bu mənəvi bağın özüdür… Bu təkcə Edisona da aid deyil; mənə görə, hər bir alim öz kəşfi və ixtirası ilə yaşadığımız dünyanı öz üzərindəki dünyaya bənzətməyə çalışıb. Biri bir az çox, digəri isə bir az az….

Amma hər alimin dünyası bizim dünya ilə nə qədər dostlaşmağa çalışsa da, sanki onun fövqündə, ondan uzaqda qalıb. Daşıdıqları dahilik adı və onun dərəcəsi də bizlər üçün bu uzaqlığın məsafə ölçüsü qədərincə müəyyənləşdirilib.

Eyni sözü həm də təhsil adamları haqqında deməliyik. Amma əsl təhsil adamları, həqiqi təhsil fədailəri haqqında…

Yaşamları, yaşam tərzləri, yanaşmaları ilə birlikdə məktəb yaradan tədris adamları da özü-özlüyündə fərqli dünya daşıyan insanlardır.

Onlar da alim və yazıçılar kimi Günəş ətrafında tamam ayrı cür fırlanırlar. Bizim Yer kürəsi də, başqa paralel dünyalar da bəzən onların kölgəsində hərlənib. Müəllim, “dünya” səviyyəsinə çatandan sonra (dünya səviyyəsinə yox,  məhz “dünya” səviyyəsinə) Günəşə Yer kürəsindən daha yaxın olub… Amma kimlər? – Bəhmənyar, İbn Sina, Nəsrəddin Tusi, İbn Rüşd, Eynəlqüzzat Miyanəçi, Sührəverdi kimi müəllimlər…

Bir az vəhdəti-vücud haqqında…

Bir də “vəhdəti-vücud” adlanan bəşəri bir düşüncə var (“Durduq yerə, bunu niyə xatırladıq?” – cavabı qalsın az sonraya). Adəm ata ilə eyni vaxtda yaranan bu təfəkkür məhsulu mahiyyət etibarilə bütün mövcudatı vahid halda qəbul edən bir konsepsiyadır. Bu fəlsəfənin dərinliyinə gedəndə bir daha əmin oluruq ki, yaşadığımız dünya vahid bir mərkəzdən, özü də Ali mərkəzdən, vahid külldən idarə olunur. Vəhdəti-vücudun bətnindəki vahid bilik nəzəriyyəsi (ad şərti və subyektiv düşüncə məhsulumuzdur. E.N.), əslində, bəşər övladının varmaq istədiyi ən ali tendensiyadır. İşıq zərrələrinin küll halında olan Günəşə doğru hərəkətini özündə əks etdirən vəhdəti-vücud sonradan bir çox elmlərə parçalandı.

Ayrı-ayrı elmlər Allaha – Yaradana doğru kiçik zərrələrin hərəkət mexanizmini yamsılamaqla özlərinin müxtəlif predmetlərini, kodekslərini yaratdılar.

Demək, Vəhdəti-vücuda boşu-boşuna toxunmamışdıq. Adəm ata ilə birlikdə Yer üzünə gələn bu düşüncə sistemi özü ilə birlikdə ilk (bəlkə də, yeganə) elmi də, ilk bilik sistemini də, ilk tədris metodikasını da gətirmişdi. Hələ bir neçə il bundan əvvəl böyük Lütfi Zadənin davamçısı, müəllimim Rafiq Əliyevlə söhbət zamanı ondan belə bir dəyərli fikir eşitmiş və elmə olan bağlılıq zəncirinə o cümləni də əlavə etmişdim: “Elmin ən böyük uğuru Allahı, İlahi qüdrəti yamsılamaqdır”.

Elmin praqmatik və romantik tərifini ustalıqla ifadə edən bu cümlə, əslində, onun pərdəarxası funksiyasını da özündə əks etdirir. Bəli, elm doğrudan da, İlahi qüdrət işartılarının (hamısı mümkün deyil) praktiki tətbiqlər şəklində ifadəsidir. Kimliyindən, dini inancı və milli şəcərəsindən, ateist-deist, xristian-müsəlman olub-olmamasından asılı olmayaraq elm üçün çalışan hər alim məhz elə bu proseslə məşğul olub. Və hazırda da olmaqdadırlar… Ötən il nə əcəbsə, Nobelə layiq görülmüş alimlərdən biri bunu etiraf etdi…

Yuxarıda şərti olaraq adlandırdığınız vahid bilik də, əslində, Yer üzünün həm ilk elmi nəzəriyyəsi, həm də ilk tədris metodudur. Çünki öyrənilən hər şey, bütün predmetlər, hadisələr, olaylar son mənzil olaraq, son nəticə olaraq mütləq və mütləq Küllün işartıları, Ali enerjinin səpələnmiş şüalarıdır… Sadəcə, bu şüaları fizika elmi bir başqa cür görür və göstərir, kimya elmi bir başqa cür, riyaziyyat isə tamam başqa cür… Məqsəd və məram isə eynidir – Vahidə doğru hərəkət və bu hərəkətin mexanizmlərini müəyyənləşdirmək…

Təhsilin başlanğıc nöqtəsi

Vahid bilik nəzəriyyəsi bu gün özünü ən çox, bəlkə də, elə təhsilin simasında əks etdirir. Bütün insanları eyni işıq ətrafına toplayan, bütün mədəniyyətləri, düşüncə sistemlərini vahid biliyin, ali düşüncənin tərkib hissəsi kimi göstərən təhsil həm də Mövlana səmazəninin dünyanın başına hərlənməsini əks etdirən rəqsidir. (Bildiyimiz kimi, Mövləvi dərvişlər Yerin hərəkət istiqaməti üzrə fırlanaraq 72 milləti qucaqladıqlarını rəmzi olaraq diqqətə çatdırırlar).

Təhsil (həmçinin, elm və onun tədrisi prosesi) həm də Fəridəddin Əttarın məşhur “yeddi dərə”sindən o tərəfdəki çağırışın modern versiyasıdır. Əttarın qəhrəmanları (söhbət məşhur “Mantiqüt-teyr” əsərindən gedir) “yeddi dərə”ni qət edəndən sonra yalnız bir varlığa – mükəmməl Simurq quşuna çevrilir. Çünki həqiqəti qucaqlayan insanlar bir olur, birin, vahidin tərkib hissəsinə çevrilir. Aristoteldən bu yana var olan, bu günə qədər isə dəfələrlə dəyişən, min bir versiya və forması olan tədris prosesləri, təhsil nəzəriyyələri, bəlkə, heç özlərinin də xəbəri olmadan bu ali məqama doğru yürüşün eskizlərini insanlar üçün cızmışlar.

Hazırda şəxsiyyətyönümlü tədris prosesinin (kurrikulum əsaslı) ana məqsədi də məhz təhsilin şagirddən şəxsiyyət yetişdirmək prinsipi deyildimi? Elə isə Həqiqətə doğru yürüşü özünün aydınlanma missiyasına çevirən şəxsə deyilsə, başqa kimə “şəxsiyyət” deyə bilərik ki?

Təhsilin deyilməyən uğursuzluğu

Dünyada hazırkı dövrdə təhsil sürətlə inkişaf edir. Az qala hər həftə hansısa yeniliklər, təhsil sahəsində innovativ yanaşmalar tətbiq olunur. Saysız-hesabsız tədqiqatlar aparılır, təhsilin gələcək konturları cızılır. Amma bir detal, demək olar ki, vurğulanmır – Ana missiyası fərdlə Ali enerji mərkəzi arasında öyrənmə prosesi vasitəsilə güclü rabitə yaratmaq olan təhsil bunu bacarırmı? Fikrimin yanlış anlaşılmaması üçün deyim ki, burada söhbət qətiyyən dini dərslərdən, şəriət öyrənimindən, müqəddəs kitabların əmrləri ilə ayaqlaşmaqdan getmir. Burada söhbət birbaşa dünyəvi elmlərin pərdəarxasındakı mahiyyətindən gedir. Fizika qanunları ilə yanaşı, fizika qanunlarının ilahi sirrinin də tədrisi təhsili özünün ana qayəsinə doğru apara bilməzdimi?! Həmçinin, riyaziyyatdakı saysız-hesabsız düstur, teorem və hökmlərin batini qatında ilahi ahəngin, ilahi nizamın qüdrətinin dayandığı göstərilə bilməzdimi? İlahi nizamın, ilahi ədalətin rəqəmli təsviri olan riyaziyyat həm də bu rakursdan niyə dəyərləndirilmədi?!

Suallar çoxdu… Elmlər vaxtilə ayrıldığı vahid elmi prinsipdən – Vahid bilikdən daha da ayrıldılar. Mikro hissəciklər, nano hissəciklərə də bölünmüş oldu… Məsələn, təkcə elə bu riyaziyyatın (hansı ki, ana qayəsini dedik) 100-dən çox elmi istiqaməti var.

Bu gün müxtəlif ölkələrdə modern elmi inkişafı əks etdirən tendensiyalardan biri də hər bir elm sahəsi üzrə istiqamətlərin say çoxluğu və ayrı-ayrılıqda inkişaf etdirilməsi mexanizmdir. Bu bir çox ölkələr üçün çətin, müəyyən qisim üçün isə mümkünsüz görünsə də, inkişaf etmiş dövlətlərdə (ABŞ, Böyük Britaniya, Yaponiya, Almaniya və s.) uğurlu strategiya kimi həyata keçirilir. Bu zaman hər elmi istiqamət üzrə spesifik kadr bazasının varlığı istehsalat dünyasında da öz sözünü deyə bilir.

Məsələn, riyaziyyat üzrə ixtisasların təsnifatında ixtisas şifrləri həcmcə 100 səhifədən çox olan məlumatı əhatə edir. Təkcə riyaziyyat sahəsində hər bir istiqamət üzrə yüksək səviyyəli ixtisasçının hazırlanması üçün çoxsaylı ayrıntılara varılır. Bir neçə misal:

1) Kriptoqrafiya “riyaziyyatı” – özəl informasiya təhlükəsizliyi sistemlərinə malik olmaq üçün vacibdir;

2) Furye analiz, veyvlet analiz, freymlər nəzəriyyəsi – müxtəlif təbiətli siqnalların (təsvirlərin) riyazi emalı, identifikasiyası, ötürülməsi, saxlanılması üçün çox vacib riyazi aparatdır;

3) Aktuar (risk) riyaziyyatı – investisiya, sığorta və bank sahələrində, ümumiyyətlə, müxtəlif təbiətli risklərin qiymətləndirilməsinin riyazi aparatıdır.

Görün odur ki, təkcə riyaziyyat bu qədər kiçik hissələrə elm-elm bölünübsə, biz bütün elmlərin vaxtilə bir elm, bir nəzəriyyə olduğunu necə qeyd edə bilərik ki, düzgün də anlaşılsın?! Cavabı çox çətin, bəlkə də, mümkünsüzdür…

Son söz olaraq… Yaxud, nə vaxt üçünsə proqnozlar

Bugün bir çox belə xırda “elmlər” var ki, onlar Vahid bilik nəzəriyyəsindən yararlanmır, şirəsindən qəti qidalanmırlar. Onların Ali enerji mərkəzi ilə əlaqəsi ümumiyyətlə yoxdur. Onlarla enerji mərkəzi ilə rabitənin bərpası üçün isə görüləcək bir əsas iş var – onların birləşdirilməsi…  

Bugün yalnız bir-birinə yaxın, eyni kökdən qidalan elmlərin birgəliyi onları yenidən həmin dalğaya qoşa biləcək. O dalğanın içində onu çata biləcəyi məram gözləyir. Öz “Ana Vətən”inin işartılarını bu rabitədə tapan elm və ondan qidalanan insan xoş bir auranın içində rahat nəfəs alacaq.

Bu gün elm və təhsil bəşəriyyətdəki işıq zərrələrinin Ali küllə doğru istiqamətlənmə cəhdi kimi anlaşılmırsa, deməli, o həm də öz mahiyyətindən kənardadır. Həm də çox kənarda….

Aydın məsələdir ki, nüvəsində MÜƏLLİMLİK və ALİMLİK olan bir insan elm və təhsilin ana qayəsi üzrə tanıtımı üçün mütləq özündəki fərqli dünyanı axtaracaq və həmin dünyanı da Günəş ətrafında hərəkət etdirməyə cəhd göstərəcək.

Bu cür alim və müəllim dünyaya paralel olan bir “dünya”nı qurub orada “özünün təkadamlıq planetində” məskunlaşandan sonra eynən Yer kürəsi kimi Günəş ətrafında hərəkət etməyə can atacaq. (Hər halda, bu, planetlərin vərdişidir, hərəkət etməsələr, mövcud ola bilməzlər).

Vəhdəti-vücudun müasir dövrə əmanət qoyduğu meyarlardan biri də budur: Elm (həm də təhsil) bir gün öz missiyasına qayıtdıqda Günəş ətrafında necə hərəkət etməyin qaydalarını bir daha bizlərə göstərəcək… Biz, bəlkə, o zaman ELMə, Vahid biliyə və onun hüzur və xoşbəxtliyinə doğru addımlaya biləcəyik…

Elmin Nuri