Köşə Yazıları Orxan Vəliyev

Texnologiya əsrində kitabxanalar

Dünya sürətlə dəyişir. Daha doğrusu, insan oğlunun daha əvvəl təcrübə etmədiyi bir sürətdə dəyişiklik baş verir. Beləliklə, bu sürət və dəyişikliyin nətəcəsi olaraq dördüncü sənaye inqilabı ilə bərabər, artıq “fiziki”, “bioloji” və “elektron” dünyanın bir-birinin içinə keçdiyini müşahidə edirik. Belə olan halda ötən əsrin fiziki məkanlarının (bura kitabxanalar da daxildir) əhəmiyyətsizləşdiyi kimi bir anlayış yaranıb. Məlumdur ki, artıq “çap kapitalizmi” ömrünü tamamlayır. Belə ki, artıq qəzetlər elektron formada çap edilməyə başlanır. Bununla belə, elektron formada yığılan dataların da saxlanması üçün fiziki məkanlar lazımdır. Yəni fiziki məkan anlayışı qəti ortadan qalxmır. Qısası, kitabxanalar fiziki məkanlar olaraq əhəmiyyətini mühafizə edir. Misal olaraq son texnoloji inkişafın məhsulu olan Ştutqart kitabxanası, Ankarada Prezident kitabxanası, Şanxayda inşa edilən dünyanın ən böyük kitabxanalarından birinin son dövrlərdə inşası bunu deməyə əas verir. Buradan yola çıxaraq yazıda Azərbaycanda kitabxanaların vəziyyətinə tənqidi bir nəzər salınacaq.

Ancaq bir kitabxanaçı baxışından daha çox, oxucu, tədqiqatçı, müəllim kimi kitabxanaların vəziyyətini dəyərləndirməyə səy göstərəcəyəm.

Hər peşənin “məbədi” olaraq qəbul edilən məkanı vardır. Ümumiyyətlə, modern insan geniş və dar mənada məkan insanıdır. Belə ki, insan geniş mənada “mülk”də özünü var edir, gerçəkləşdirir. Dar mənada isə və “iş yeri”ndə həyatını davam etdirir. Modern dünyanın təbiət elmlərinin “müşahidə”, “eksperiment” və “ölçmə” metodları çərçivəsində formalaşdırıldığını bilirik. Beləliklə, elmi prinsiplərin dominantlığında bir dünyada yaşayırıq. Elm, elmi tədqiqat, elm insanları anlayışları da modern dünyanın ən əhəmiyyətli anlayışları arasındadır.

Xülasə, kitabxana bir məkan olaraq elmin hakim olduğu modern dünyada bir “məbəd” statusu qazanmışdır. Karl Marksın “Das Kapital” əsərini məhz London kitabxanasında yazdığını bilirik. Məşhur “Əsl İnamlı” kitabının müəllifi Erik Hofferin də kitablarını məhz kitabxanalarda yazdığını, yaxud maddi imkanı olmadığı üçün ictimai kitabxanalardan kitab götürüb oxuduğunu bilirik. Bu siyahını uzatmaq da olar. Qısası, modern dünyada bir millət üçün ilkin olaraq milli suverenliyi təmin etmək prioritetdirsə, elmin, mədəniyyətin inkişafı bir o qədər zəruri olmalıdır ki, vətəndə mürəffəh şəkildə yaşaya biləsən.

Modern dünyanın əsas qurucu ölkələrində bu çərçivədə həm ecazkar memarlıq nümunələri olan, həm də işlək olan kitabxanaların olduğunu bilirik. Azərbaycanda isə məlum bir çox məsələdə olduğu kimi müasir kitabxana anlayışının formalaşması məhz Sovet dövründə mümkün olmuşdur. Tələbə və tədqiqatçılar arasında “Axundov” kitabxanası olaraq da bilinən “Milli kitabxana” məhz Sovet dövrünündə formalaşdırılmışdır. Tələbə ikən Gəncədən Bakıya oxumağa gəldikdən qısa müddət sonra ilk getdiyim yerlərdən birisi məhz “Axundov” kitabxanası olmuşdu. Girişdə Axundovun büstü və kitabxananın möhtəşəm memarlığının məndə yaratdığı ilkin təəssüratın izləri hələ də qalır. Lakin bu gün “Axundov” kitabxanası “köhnəlmiş” bir anlayışı təmsil edir. Hərçənd “Axundov” kitabxanasının qorunması, fəaliyyətini davam etdirməsi son dərəcə əhəmiyyətli bir hadisədir.

Universitetlərin (əsasən, dövlət universitetləri) kitabxanaları isə Sovet sisteminin ətalətində qalmağa davam edir. Bakı Dövlət Universitetində Bakalavr təhsili alarkən universitet kitabxanasının bu formada olmalı olduğunu zənn etmişdim. Hərçənd bizim təhsil aldığımız illərdə BDU-da mütaliə ənənəsi hələ qalmaqda, Sovet dövründə yetişmiş və müəyyən mənada peşəsinə bağlılıq qazanmış bir kitabxana və kitabxanaçılıq anlayışı qalmaqda idi. Sonrakı illərdə Azərbaycan ali təhsil sistemində ilk böyük kampüsə sahib ADA Universitetinin yaradılmasından sonra ilk dəfə bir universitetin kampüs daxilində ayrıca bir kitabxanasının olduğunu gördüm. Sonralar doktorantura üçün Türkiyəyə getdikdən sonra Avropada gördüklərimiz, oxuduqlarımdan aydın oldu ki, bu, müasir dünyada normal bir tələb imiş.

Hərçənd Bakı Dövlət Universitetinin yaxınlığında AMEA nəzdində müasir imkanlarla yeni elmi kitabxana inşa edildi. Əlbəttə ki, bunun üçün dövlətə təşəkkür etmək lazımdır. Dövlət bir çox məsələdə olduğu kimi köhnəlmiş məkanların yenilənməsində, yenilərinin inşasında öz üzərinə düşəni mümkün qədər edir. İstanbulda Dəyanət Fondunun nəzdində yaradılmış və hər elm sahəsindən, hər millətdən tədqiqatçını görə biləcəyiniz məşhur İSAM kitabxanasından nümunə çəkmək istəyərəm. Belə ki, İSAM-da həm fiziki imkanlar son dərəcə əlverişlidir, həm də xidmət anlayışı funksionaldır. Qidanlanma isə bazar qiymətindən aşağı qiymətə təşkil olunmuşdur. İSAM-ın geniş bağçasında hər millətdən tədqiqatçının müzakirəsinə şahid ola bilərsiniz. Digər bir misal, ötən il beynəlxalq bir layihə çərçivəsində Polşa Respublikası Vroslov Universitetində oldum. Universitetdə hər fakültənin ayrıca kitabxanası olmaqla bərabər, Odra çayının sahilində Türkiyədə belə görmədiyim böyük və funskional mərkəzi kitabxana var idi.

Başqa bir misalla yazını tamamlayım. Bu ilin yay aylarında “SOCAR Türkiyə”nin dəstəyi ilə İbn Haldun Universitetinin nəzdində qurulan Heydər Əliyev Avrasiya Araşdırmalar Mərkəzinin təşkil etdiyi bir layihəyədə mühazirə oxumaq üçün dəvət almışdım. Qaldığımız məkanın yaxınlığında həmin qəsəbənin (ilçə) bələdiyyəsi 40-50 minlik kitabdan mütəşəkkil son dərəcə funksional bir kitabxana qurmuşdu. Həm tədqiqatçılar, həm də universitetə, dövlət qulluğuna və başqa imtahanlara hazırlaşan qəsəbə sakinləri üçün möhtəşəm bir imkan idi. Bakıda və Azərbaycanın əyalət şəhərlərində bu qəbildən məkanlar imkan çərçivəsində olmalıdır.

Bütün bunları düşündüyümdə Türkiyə və Polşanın demoqrafiq, iqtisadi, siyasi və nüfuz baxımından Azərbaycandan böyük olduğunu görərək Azərbaycan kitabxanalarından eyni prinsipi gözləməmək lazım gəldiyini düşünürəm. Bununla bərabər, ADA Universiteti və Xəzər Universitetində olduğu kimi çağdaş prinsipləri mənimsəmiş universitet kitabxana anlayışını yaratmağın həm mümkün, həm də zəruri olduğunu düşünürəm.