Füyuzat 137

“Tokio hekayəsi” və ya biganəliyin səssiz hayqırtısı

Yaponiya kinosu dedikdə ağıla gələn ilk rejissorlardan biri Yasujiro Ozudur. O, kinolarında izləyiciyə daha yaxın və daha səmimi, hər şeyi olduğu kimi göstərən pəncərə açır. Rejissorun əsərlərində onun gördükləri ilə bizim yaşadığımız, qarşılaşdığımız hadisələr, onun zamanı ilə bizim zamanımız iç-içə keçir. Ailədaxili qarşıdurmalar, modern dünya ilə adət-ənənələr arasındakı ziddiyyətlər, nəsillərarası qopuqluq, gündəlik həyatda rastlaşdığımız çətinliklər uğrunda aparılan mübarizələr çox kiçik, lakin həssas, zahirdə hər şey adi və normal kimi göstərilir, lakin daxildə xeyli təlatümlər və səssiz hayqırışlar var. Xüsusilə də “Tokio hekayəsi”ndə.

Yasujiro Ozunun məhək daşı sayılan, 1953-cü il istehsalı film “Tokio hekayəsi”  (Tokyo story, Tokyo monogatari) gec tanınan və çox sevilən sənət əsəridir. Ozu bu filmə Yaponiyanın ən məşhur ssenaristi Koqo Noda ilə birgə öz imzasını atıb. O, II Dünya müharibəsindən sonrakı çalxantılı dövrü, müharibənin insan taleyindəki yerini, şəxsi yanaşmasını və gördüklərini bir ailənin məişət həyatı və nəsillərarası qarşıdurmalar vasitəsilə təqdim etmişdir. İzləyici üçün poetik müşahidələrinə politik üslubda deyil, ənfəs bir film vasitəsilə güzgü tutan Yasujiro Ozunun səbirli, incə, təmkinli dəst-xətti bütün dünya kinorejissorlarına təsir edən beynəlxalq “art-haus kinosu”nun simvoludur.

40 illik karyerasında 50-dən çox filmə rejissorluq etməsinə baxmayaraq, yapon müəllif hələ də dünyada orta əsr klassikləri hesab edilən 2 filmi – “Tokio hekayəsi” və “Son bahar” ilə tanınır. Hər iki ekran işi müntəzəm olaraq dünyanın ən yaxşı filmləri siyahısında yer alsa da, çox təəssüf ki, beynəlxalq film festivallarının seçimlərinə daxil edilməyib. Kino ədəbiyyatı sahəsində dünyanın ən köklü qurumları arasında yer alan və 1930-cu illərdən bəri Brita­niya Film İnstitutunun nəzdində nəşr olunan “Sight and Sound” kino jurnalı “Bütün zamanların ən yaxşı 100 filmi” siyahısını hər on ildən bir yeniləyir. “Tokio hekayəsi” filmi isə bu siyahının 1992-ci və 2012-ci illərdəki açıqlamasında top 10-da öz yerini qorumağı bacarıb.

“Tokio hekayəsi” Qərb və Hollivud kinosundan çox fərqlənir. Gözümüzün öyrəşdiyi kadrlar, pafos yoxdur, heç nə qabardılmayıb, rollar çox təbiidir, bəzən rol oynanılmadığını düşünürsən, münasibətlər və yaşananlar bütün dövrlər üçün aktualdır. Bu filmdə II Dünya müharibəsindən sonra Yaponiyanın sosioloji və gündəlik portreti bir ailənin timsalında təsvir edilib. Deyə bilərik ki, əsər çox “yaponsayağıdır”. Filmdə yapon mədəniyyəti, ənənəyə sadiqliyi, yaşam və ölüm arasındakı normallıq, həyatla barışmaq, hadisələrə münasibət ən sadə dildə təqdim edilir.

Bu film nə üçün bu qədər yaxşıdır?

Ya da filmi bu qədər yaxşı edən nədir?..

Davamı…

Yunus Müşfiq