Müharibədən qısa müddət sonra jurnalist və tarixçi Dilqəm Əhmədə verdiyim müsahibədə demişdim ki, “Zəfər milli kimliyin inşasının tamamlanmasına imkan yaradacaqdır”. Çünki bütöv və güclü olan Azərbaycan xalqı və dövləti əsas məsələləri ilə məşğul olmağa özündə güc, qüvvət tapacaqdı. Məlum memarlıqda inşa edilən binalarla bağlı bineyi-qədimdən davam edən belə bir prinsip var ki, bina əvvəlcə sağlam, sonra funksional və nəhayət, estetik olaraq gözəl olmalıdır. Azərbaycan dövləti qazandığı tarixi siyasi-hərbi zəfərlə binanın sağlamlıq məsələsini (dövlətin suverenliyi) həll etdi. Artıq bundan sonra funksionallıq və estetik məsələlərlə məşğul olmaq mümkündür. Belə ki, tarixi zəfərdən sonra təhsil kimi strateji qurumların inkişafı, yenilənməsi və çağdaş dünyaya inteqrasiyası üçün yeni addımlar atıldığına, mühüm toplantılara ev sahibliyi edildiyinə şahid oluruq. Bununla belə, bu prosesin asan olmayacağının da fərqindəyik.
Bu toplantılardan biri isə yaxın günlərdə (9–11 sentyabr, 2024) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Diasporla iş üzrə dövlət komitəsinin ortaq fəaliyyəti ilə baş tutan “Xaricdə yaşayan azərbaycanlı alimlərin birinci forumu” oldu. Adından da məlum olduğu kimi forum ilk dəfə təşkil olundu və təbii olaraq alimlərin Şuşa, Xankəndi səfərləri ilə öz işini (rəsmi) yekunlaşdırdı. Sevindirici hal ondadır ki, ilk olmasına baxmayaraq, forum öz işini uğurla tamamladı. Xaricdə yaşayan və yaşadıqları ölkələrin ali təhsil ocaqlarında çalışan azərbaycanlı alimlərin yerli alimlər və gənclərlə də şəbəkələşməsini düşünmək bu işin uğurunu daha da artıracaqdır. Çünki çağımızın ən əhəmiyyətli məsələlərindən biri də məhz diasporadır. Torpaqlarımızı uzun müddət işğal altında saxlayan qonşumuzun məhz diaspora “gücü” ilə azərbaycanlıların Avropa və Amerikadakı fəaliyyətlərinə maneə ola bildikləri məlumumuzdur. Bunları nəzərə alaraq xaricdə yaşayan azərbaycanlı alimləri Azərbaycanın elçiləri, diasporanın öncüləri olaraq görmək, qəbul etmək lazımdır. Burada, əsasən, qonşu ölkələr olan Türkiyə və Rusiyadan başlamaq lazımdır. Türkiyə ilə tarixə söykənən qardaşlıq münasibətlərimiz olmasına baxmayaraq, azərbaycanlı alimlərin türk cəmiyyətində qazanacağı nüfuz uzun perspektivdə Azərbaycan üçün faydalı olacaqdır. Çünki Türkiyə böyük və müxtəlifliklərdən ibarət ölkədir. Digər tərəfdən münasibətlərimizi peşəkar, praqmatik və balanslı xarici siyasət prinsipi ilə uğurla davam etdirdiyimiz Rusiya var. Rusiyada kəmiyyət olaraq azərbaycanlıların sayı kifayət qədərdir. Lakin sənət, akademiya, elm sahəsində nüfuzumuz kəmiyyətlə ayaqlaşmır. Halbuki azərbaycanlı alimlərin Rusiyanın elit akademik çevrəsində varlığını düşünmək və dəstəkləmək lazımdır. Ondan sonra Avropa, Amerika və tədricən çağın yeni iqtisadi cazibə mərkəzi olan uzaq şərqi düşünmək olar.
Bir digər məsələ ilə xaricdə yaşayan və nüfuzlu universitetlərdə çalışan azərbaycanlı alimlərin Azərbaycan elminin inkişafına və çağdaş prinsiplər çərçivəsində institutlaşdırılmasına töhfəsini düşünmək və planlamaq lazımdır. Həmin qəbildən elm insanlarına fərqli yanaşmaq lazımdır. Misal üçün, Kembric Universitetinin professorlarından Qərib Mürşüdov belə elm insanlarındandır. Öz zəngin təcrübəsi ilə Azərbaycan elminin inkişafına töhfə verməyə hazırdır. Belə ki, dövlət dəvət etdiyində işlərinin çoxluğuna baxmayaraq Azərbaycana gəlir, bununla qalmır, bəzən orta məktəblərə səfər edir. Yenilənmiş və gəncləşmiş təhsil və diaspora bürokratiyasının bu prosesi uğurla və peşəkarlıqla icra edəcəyinə ümid edirəm. Xülasə, Cənubi Qafqazın əsas ölkəsi olan Azərbaycan zəfərdə yolgöstərici, lider olduğu kimi, elmdə də regionun əsas dövlətinə çevrilməlidir. Bu prosesdə xaricdə yaşayan azərbaycanlı alimlərin inteqrasiyası, cəlbi çox faydalı olacaq.
Əsas olan Azərbaycandır!