Xəbərlər

Yücel Karauz: “İki ölkə arasında hərbi əməkdaşlıq regional sabitlik üçün çox vacibdir”

Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselevə müsahibəsində regional və milli məsələlər, o cümlədən Türkiyə ilə Azərbaycan arasında mövcud hərbi əlaqələr haqqında mühüm açıqlamalar verib.

“Füyuzat”ın məlumatına görə, məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Türkiyənin Azərbaycandakı keçmiş Hərbi Attaşesi, istefada olan briqada generalı Yücel Karauz bildirib ki, Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər beynəlxalq aləmə mesajdır:

“Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev sözügedən müsahibədə Azərbaycanla Türkiyə arasında hərbi əlaqələrlə bağlı mühüm məsələlərə diqqət çəkib. Mən burada bir məqama diqqət çəkmək istəyirəm. Müsahibədən bir gün sonra hər il ölkələrimiz arasında keçirilən Yüksək Səviyyəli Hərbi Dialoq Toplantısı Ankarada keçirilib. Bu toplantı il ərzində həyata keçirilən tədbirlər nəzərə alınmaqla həyata keçirilir. Tələbə proqramları, məşqlər və digər fəaliyyətlər əlaqələndirilir.

Müsahibəyə qayıdaq, prezidentin jurnalistin Türkiyənin Azərbaycanda hərbi bazasına ehtiyac olub-olmaması ilə bağlı sualına cavabı çox mənalı və önəmlidir. Əslində biz görürük ki, İlham Əliyevin beynəlxalq mediada verdiyi müsahibələr və bu münasibətlə toxunduğu mövzular, verdiyi mesajlar siyasi akademiyaların, məktəblərin kurikulumlarına salınmalıdır. Bu kontekstdə prezidentin sözügedən müsahibədə regional və qlobal hadisələrə öz perspektivini ifadə etməsi Azərbaycanın milli maraqlar, beynəlxalq hüquq və ədalətlə bağlı qətiyyətli mövqeyini göstərir. İlham Əliyevin Türkiyənin hərbi bazası məsələsi ilə bağlı cavabı qısa və aydın oldu. Cənab Prezident ikitərəfli hərbi əlaqələrin Azərbaycanın müstəqilliyini bərpa etdikdən dərhal sonra başladığını və bu əlaqələrin 30 illik tarixə malik olduğunu və çox geniş sahələri əhatə etdiyini bildirdi. Prezident Rusiya ilə imzalanmış “Müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə”dən bir il əvvəl Türkiyə ilə Şuşa Bəyannaməsinin imzalandığını və buna uyğun olaraq təhlükə və ya hücum zamanı qarşılıqlı yardım və dəstək öhdəliyi götürüldüyünü xüsusilə vurğuladı. Bununla belə, İlham Əliyev bildirib ki, indiki geosiyasi vəziyyət Birinci və İkinci Dünya müharibəsi dövründəkindən fərqlidir. Deməli, bir ölkənin digər ölkəyə dəstəyini göstərmək üçün orada hərbi baza yaratması dövrü artıq başa çatıb. Şuşa Bəyannaməsindəki bu məsələ tarixi, siyasi, hərbi və hüquqi kontekstdə bazadan min dəfə dəyərli və mənalıdır. Cənab Prezident Azərbaycan Ordusunun inkişafına verdiyi töhfəyə görə Türkiyə dövlətinə təşəkkür etdi.

Sonda bildirmək istəyirəm ki, Türkiyə ilə Azərbaycan arasında əlaqələr sarsılmazdır. Ölkələrimiz arasında qardaşlıq münasibətləri 1918, 1992 və 2020-ci illərdə olduğu kimi, əbədi olaraq da davam edəcək”.