Azərbaycanın görkəmli mütəfəkkirlərindən Əhməd bəy Ağaoğlu “Sərbəst insanlar ölkəsində” əsərinin bir yerində bu fikri irəli sürür:
“Hər hansı cəmiyyətin varlıq qüvvəsi – fikir, sənət, elm, hərb və sair sahələrdə yetişdirdiyi böyük adamların alışqanlıqları və qiymətləri ilə ölçülə bilər. Bu baxımdan böyük adamların yetişdirilməsi, onların qorunması cəmiyyət üçün ölüm-qalım məsələsidir. Böyük adamların yetişdiyi zamanlarda ağlı başında olan bir cəmiyyət onlardan bacardıqca çox faydalanmağa çalışar, həyatlarının hər dəqiqəsindən bəhrələnməyi özünə məqsəd bilər, onların əməyinin boşa çıxmasına və pozulmasına isə heç dözməz. Axı böyük adamlar hər gün və hər zaman yetişmir. Bəzən bir millət əsrlərcə hamilə olduqdan sonra onlardan birini həyata yetirir. Bəzən də bu doğuş əməliyyatı çox çətin və qorxunc olur. O səbəbdən ağlı başında olan cəmiyyət elə övladını göz bəbəyi kimi qoruyur və onlardan bacardıqca çox faydalanmağa çalışır!”
Hər millətin qismətinə nura, işığa bürünmüş böyük insanlar yazılıb – onu tərəqqiyə səsləyən, ona yön verən, yol göstərən ruh memarları…
Anlaşılması çətin, yetişməsi illər alan, amma yetişəndə də minləri, milyonları dəyişdirən adamlar…
İnsan ilk məqamda özü ilə bağlı elə düşünür ki, onun şüuru hər şeydən üstündür və universaldır. Amma unudulan əsas həqiqət ondan ibarətdir ki, sanki əsl universal şüur ilahi həqiqətlə mayalanmış, kainatı oxuya bilən idraka açıq şüurdur. Ağıl böyük nemətdir, bu həqiqəti kimsə dana bilməz. Fəqət o da sərhədlidir. İnsandan insana fərqlənir.
Bilindiyi kimi, ağıl ərəb sözüdür, “bağ” və ya “qandal” mənasını da ifadə edir. Mövlana Cəlaləddinə görə, insanların ağlı parçalanmış ağıldır. Böyük insanların (xüsusilə səmavi vəhylə qidalanmış) ağlı isə “əqli-külli” – yəni “tam ağıl”dır.
Dərki zəif olan ağıl ululuğa sığınmalı, ondan bəhrələnməlidir. Əks halda, bu ağıl sahibi öz eqoizminə məğlub olan, daxili aləmində qavrayışa maneə yaradan dargörüşlü biri olacaq.
Bəs ucalığa könül vermiş ağıl sahibləri kimlərdir?
Kimdir hər şeyə əhatəli baxa bilən?..



