Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil edilən 11-ci beynəlxalq kitab sərgisi öz işini yekunlaşdırdı. Kitab sərgisinin builki fəxri ölkə qonağı Qətər, xüsusi qonaq yazarı isə şair Qismət oldu.
Kitab sərgisi artıq uzun müddətdir ki, hava limanı yolunda yerləşən EXPO mərkəzində təşkil edilir. Nazirlik oxuculara əlçatan olması üçün ödənişsiz nəqliyyat vasitələri də təmin edir. Ancaq məkanın şəhərdən uzaqlığı ciddi bir məsələ olaraq qalmağa davam edir. Belə ki, bu məsafə sadəcə oxucular üçün deyil, əksər nəşriyyatlar və yazarlara da əlçatanlıq baxımından narahatlıq yaradırdı.
Builki qərara əsasən avtobusların yerində dəyişiklik edilmişdi. Oğlum Murad Vəli ilə avtobusu axtararkən, eləcə də mənzil başına çatanda bir qədər çətinliklərlə üzləşdik.
Ümumiyyətlə, onu deməliyəm ki, sərginin məkan seçimi çox da uğurlu deyil. Belə ki, kitaba aid, özü də beynəlxalq sərgi müxtəlif biznes mahiyyətli sərgilərin təşkil edildiyi eyni məkanda təşkil edilməsə, daha yaxşı olar. Əsasən, ağır sənaye məhsullarının sərgiləndiyi məhsullar üçün şəhərdən uzaq bir məkanın seçilməsi anlaşılandır. Lakin kitab üçün seçilən məkanın müəyyən qədər şəhərin içində olması və hər hansısa bir metroya yaxın olması daha məqsədəuyğun ola bilərdi. Nəzərə almaq lazımdır ki, oxucu əgər nəqliyyat vasitəsi ödənişsiz olmasa, sərgiyə getmək fikrindən daşınardı. Açığı, ciddi oxucu axınının getdiyini demək də mümkün deyil.
Sərgi bu il nisbətən daha genişləndirilmişdi. Belə ki, səfirliklər üçün ayrıca məkan ayrılmışdı. Qonaq Qətər dövlətinin məkanı xüsusi zənglinlik və möhtəşəmliyi ilə diqqət çəksə də, oxucular və naşirlər, əsasən, türk nəşriyyatlarına maraq göstərirdi. Bu bir daha onu göstərir ki, Azərbaycan dövləti və cəmiyyəti üçün Türkiyənin yeri və əhəmiyyəti başqadır. Yəni “bir millət, iki dövlət” ideyası sosial dayağı olan uğurlu bir şüardır!
Sərgiyə adəti üzrə oğlum Murad Vəli ilə getdiyim üçün uşaq kitablarına xüsusi diqqət yetirdik. Ümumiyyətlə, onu deməliyəm ki, məkanın giriş hissəsi geniş imkana sahib olmasına baxmayaraq, uşaqlar nəzərə alınmayıb. Nəzərə almaq lazımdır ki, valideynlər, əsasən, övladları ilə gəlir və insanları orada saxlamaq üçün uşaqları düşünmək və satılan qida məhsullarının qiymətini tənzimləmək lazımdır… Nəticə etibarilə oxucuların əksəriyyəti nazirliyin ödənişsiz nəqliyyat vasitəsilə gəlir. Belə olan halda, kitabçıların xüsusi endirimlər təklif etdiyi yerdə kafelərin yüksək qiyməti doğru bir yanaşma kimi görünmür…
Ötən illərlə müqayisədə uşaq kitablarının sayının artdığını demək lazımdır. Lakin bir neçə nəşriyyat istisna olmaqla, hələ də körpə uşaqlar üçün nəşr olunan kitablar yaşa uyğun olmayan, ağır məlumatlarla dolu idi… Halbuki birinci sinfə gedən oğlumun seçimi onun sevimlisi quşlarla bağlı olan, içi daha çox şəkil, az məlumat və QR kod ilə quşların səsini dinləmək imkanını sunan kitab oldu…
Özüm isə, əsasən, “MİMTA Yayımları” və “Çapar” nəşriyyatlarına xüsusi baş çəkdim. Hər iki qurum son dövrlərin yeni nəşriyyatlarıdır. “Çapar” nəşriyyatı Cümhuriyyət irsinin araşdırılması başda olmaqla, tarix sahəsində nəşrləri ilə önə çıxır və öz yoluna uğurla davam edir. “MİMTA Yayımları” isə sadiq qaldığı dəyərlər, füyuzatçılıq anlayışına göstərdiyi sayğı ilə həm nəşr etdirdiyi kitablar, həm də istifadə etdiyi üslub baxımdan Azərabaycan dilinin bir düşüncə dili olması uğrunda çalışır.
“MİMTA Yayımları” 11 oktyabrda mənim də bir oxucu və müəllif kimi səbrsizliklə gözlədiyim kitab mağazasını – Litera kitab evini, nəhayət ki, açacaqdır.
Ümumiyyətlə, kitab sərgisinin davamlılığı sadalanan problemlərin zaman içində aradan qalxması üçün əsas şərtlərdəndir.
Kitabı olmayanın varlığı da bilinməz. Bilinən və keçmişdən bu günə varlığını mühafizə edən bütün mədəniyyətlərin, sivilizasiyaların kitab mədəniyyəti olmuşdur!
Gözəl diyarımızda, Bakıda daha çox kitabçıları görmək arzusu ilə…



