Köşə Yazıları Loğman Xəbərlər

Dəvə dərdi

Bizim tərəflərin – dağətəyi bölgələrin qışı sərt keçir. Payızın sonu – qışın əvvəllərində qar yağdısa, əriməyi qalır bir də yaz gələnə. Bu vaxtlar günün də tavanası qalmır – günəşin işıldamağı ilə batmağı bir olur. Qar balaca yumşalan kimi axşamın sazağı düşür, gecənin ayazı ağız qovurur. Qar suyu torpağa hopmağa macal tapmamış buz bağlayır. Amma yanvarda yağan qarın ömrü qısa olur, nisbətən tez əriyir. Çünki gün uzanır, şaxtanın şaxı sınır, qar yerdə çox qalmır. İli də bilmək olmur ki, nə təhər gələcək.

Köhnə kişilər deyirdilər ki, il ildən pis gəlir. Qarın yağmağı yaxşıdı, ağaca, əkin-biçinə faydası var, amma yerdə uzun müddət qalmağı sərfəli deyil, illah da dolanışığını mal-heyvandan çıxaranlar üçün. Çünki kövşən bağlanır, qoyun-quzu ağzıbirdə qalır. Gərək ot-alaf ehtiyatın bol ola ki, qışı rahat keçirəsən. O bolluq da haradaydı… Qış qapını kəsdirməmiş biçənəyi qıt olanın əli qoynunda qalırdı.

Ağıllı, tədbirli kişilər gedib Muğandan yer almışdılar. Qışı daha mülayim keçən bu yerlərdə bizim camaatın yataqları vardı. Burada bütün qışı, demək olar ki, kövşənlər açıq olur, mal-qara, qoyun-quzu örüşdən bir şey tapırdı. Axşamlar da heyvanın axuruna otdan-samandan, kimin nəyi vardısa, atır, uzun qış gecələrini beləcə yola verirdilər.

…Bu əhvalat lələmin ömrünün sonuna qədər unuda bilmədiyi acı bir xatirə idi. Axırıncı dönə 1993-cü ildə, doxsan yaşında, ölümündən və torpaqlarımızın işğalından bir az öncə danışmışdı.

…12–13 yaşım olardı. Muğana köçmüşdük. Dədəm (lələm atasına “dədə” deyirdi) bir cüt öküz və arabasını verib bir ağ maya almışdı. O vaxtlar – keçən əsrin əvvəllərində dəvəsi olanı barmaqla göstərərdilər. Sayılanlardan idi dəvəsi olan. Qoyundan-keçidən hər evin az-çox varıydı, amma dəvəsi olan çox az idi. Ağ maya yetik yelin idi. Yetirmişdi, bugün-sabah köşəyi olacaqdı. O günü hamıdan çox, bəlkə də, mən gözləyirdim. Köşəklə oynamaq, cazibədar gözlərini oxşamaq, “köşəyim var” deyib yaşıdlarımın yanında öyünmək, qürurlanmaq istəyirdim. Bu, bir uşaq arzusu idi.

Hər səhər ağ mayanı açıb kövşənə ötürürdüm. Göz işlədikcə hər tərəf yulğunluq, kol-kos, şəllik idi.  Ağ maya aram-aram, ləngərnən gedir, yulğundan, qurumuş qanqaldan qoparıb iri, haça dodaqlarını hərlədə-hərlədə ağzında xartıldadır, qəribə səslər çıxarırdı. Bundan elə xoşum gələrdi ki… Axşamlar, adətən, özü qayıdardı yatağa. Hərdən ləngiyəndə, gecikəndə arxasınca gedərdim. Yatağa gətirəndə o qədər ləng tərpənirdi ki, səbrim tükənir, tez-tez haylayırdım. Məni heç vecinə də almazdı. Öz kefində idi. Hərdən çubuqla vurur, üstünə qışqırırdım, çox bezdirəndə qayıdıb ağzından köpük püskürürdü, üst-başım dəvə tüpürcəyinə batırdı. Amma bunun da bir ləzzəti vardı. Ağ maya mənimlə oynayırdı, onu necə istədiyimi sanki başa düşürdü. Nazlanırdı…

Bu minvalla hər gün eyni hadisə təkrar olunurdu – ağ mayanı səhərlər açıb yulğunluğa ötürür, axşamlar da yerində xıxırdıb ovsarlayırdım.

Qalan vaxtlar tay-tuşlarımla bir yerə yığışırdıq. Bizim də öz oyunlarımız vardı. Başım bu oyunlara o qədər qarışırdı ki, bəzən günün necə keçdiyindən heç xəbər tutmurdum. Yemək belə yadıma düşmürdü. Yazıq anam çağıra-çağıra qalırdı. Mən də hər dəfə “gəlirəm, gəlirəm” deyə-deyə ancaq axşam evə dönürdüm. Ev deyəndə yerdən qazma daxmamız vardı – “dam evi” deyirdilər, hamınınkı kimi. 

Bir gün başım oyuna bərk qarışdı, toran çaldığını ünəmədim. Dağılışanda gördüm ki, ağ maya gəlməyib. Artıq qaranlıq çökmüşdü. Yaxın ətraflara baş çəkdim, amma uzağa getməyə üşəndim. Yatağa dönüb qoyun-quzunu örnəşdirdim, fikirləşdim ki, ağ maya hara gedəcək ki, harada olsa, gələr. Qabaqlar da belə olurdu. Bir də görürdün gecənin bir vaxtı gəlir, bağlandığı yerdə durur, gövşək vura-vura özünəməxsus səs çıxarır, nərildəyir, sanki gəldiyini xəbər verirdi. Çox vaxt şirin yuxudan durmağa ərinirdim. Bir az tez gələndə isə ovsarlayıb yerinə bağlayırdım.

Gecəni ağ mayanı, doğulacaq köşəyini düşünə-düşünə necə yuxuya getdiyimdən xəbərim olmayıb. Ayılanda hava işıqlanmışdı. Tez yatağımdan qalxdım. Geyinib bayıra çıxdım. Ağ maya yerində yox idi. Deməli, gecə də gəlməyib. Birinci dəfə idi ki, dəvə yatağa qayıtmamışdı. Başımdan yüz fikir keçdi. Birdən oğurlayarlar! Yoox… Ağ mayanı yad adam qabağına qatıb apara bilməzdi, heç atdöşü də getməzdi. Amma içimdə bir nigarançılıq artıq kök salmışdı. Ağ maya hələm-hələm çöldə qalmazdı. Yəqin, nəsə olub. Ağacımı götürüb tərpəndim. Əvvəllər ağ mayanın daha çox getdiyi yerlərə baş çəkmək istədim. Çəhlimnən, qumsal selovlarda dəvənin ləpirlərini tuta-tuta gedirdim. Arabir kiçik təpələrin üstünə çıxıb boylanırdım. Gün qalxanda uzaqdan dədəmi gördüm. Sevindim, qaça-qaça yanına gəldim. Dədəm kədər içində idi. İlk gördüyüm mənzərədən əvvəl-əvvəl heç nə anlamadım. Ağ mayanın ayaqları buduna qədər al-qan içindəydi. Ətrafdakı yulğun ağacları sınmış, kökü yerə sancılmış nizə kimi dik qalmışdı. Onlar da qana batmışdı. Hər yer al-qırmızı rəngə boyanmışdı. Elə bil torpaq da, yulğun ağaclarının qırılmış gövdələri də qan ağlayırdı. Ağ mayanın ətrafı xırman yeri kimi hamarlanmış, tapdanıb meydan kimi açılmışdı. Bu mənzərəni görəndə gecə nə baş verdiyini yavaş-yavaş başa düşürdüm. İndi aydın olurdu ki, ağ maya niyə keçən axşam yatağa qayıtmayıb. Dəvə köşək doğulandan sonra geri dönə bilməmişdi. Görünür, gecənin bir aləmində canavarlar ağ mayanı dövrəyə almışlar. Elə əsl faciə də bundan sonra başlamışdı. Dəvə canavarların hücumuna hava işıqlanana kimi davam gətirmiş, müdafiə olunmuşdu. Torpağın üstündəki dairəvi izlər özünü və daha çox köşəyini müdafiə etmək üçün dəvənin daim fırlandığından xəbər verirdi. O, döyüş zamanı sınmış yulğunların uzunlu-gödəkli tiyələrinin üstünə ayaq basdıqca hər dəfə bir yeri yaralanmış, parça-parça olmuşdu. Balasını itirmək təhlükəsi ağrı-acını, həyəcanı, qançır olmuş ayaqlarının sızıltılarını, görünür ki, unutdurmuşdu. Yaxud mübarizədən artıq ağrı çəkməyə vaxtı qalmamışdı.

Deyirlər ki, canavarlar ovunun üstünə sürüynən gedirlər. Ortada tək qalan ana, canavarlardan xilas olmaq, köşəyini qorumaq üçün bütün gecəni çarpışmış, məğlub olmamışdı. Amma nə qədər fədakarlıqla döyüşsə də, balasını ələ verməsə də, özü də bilmədən köşəyi ağ mayanın ayaqlarının altında qalmışdı. Çox güman ki, bu, bir neçə dəfə təkrarlanmışdı. Yeni doğulmuş köşəyin də nə canı var ki… Köşəyə canavarlar toxuna bilməmişdilər. Çünki onun üstündə heç bir yara yeri yox idi. Onu anası öldürmüşdü.

Elə bil ağ maya bunları başa düşürdü, anlayırdı. İnsan kimi ləliyirdi. Heyvan da olsa, yəqin, nə yollasa hiss edirdi ki, düşməndən qoruduğunu – öz balasını özü öldürmüşdü. Qorumağı məhv etməyinə dönmüşdü, buna necə dözmək olardı? Bu səhnə adamın ürəyini dağlayırdı.

Dəvə də ağlayır. Dəvənin dərdi özünə görədir, böyükdür, ona görə də dəvənin ağlamağı insanınkından fərqlənir – dəvə bozlayır. Bozlamaq dəvəyə xas olan xüsusiyyətdir. Bəzən dərdi böyük olanda, adi dərd ölçülərinə sığmayanda insan da dəvə kimi bozlayır. Dəvəni başqa heyvanlardan fərqləndirən cəhətlərdən biri də budur.

Bu dəfə ağ maya bozlamırdı, insan kimi ağlayırdı – səssiz-səmirsiz. Görünür, bozlamağa daha taqəti qalmamışdı. Çənəsini gözləri açıq qalmış köşəyinin cəsədinə söykəyib gözlərindən yaş axıdırdı. Ağ maya tam hərəkətsiz idi. Elə bil donmuşdu. Gözlərini belə qırpmırdı. Heç nəyin fərqində deyildi. Ağ mayanı bu dünyaya bağlayacaq heç nə qalmamışdı. Onu balasına bağlayan bircə tel qalmışdı ki, o da göz yaşları idi – axırdı köşəyinin üstünə. Ağ maya indi insan kimi ağlayırdı. Çünki bu dərd artıq instinktlə çəkilən deyildi. Dəvə dərdi olsa da, mahiyyətcə insan dərdi kimiydi. 

Gün əyilənə qədər gözlədik. Ağ maya yerindən qalxmadı. Bir yandan dərd onu üzmüşdüsə, bir yandan da taqəti qalmamışdı, çoxlu qan itirmişdi, incarsız idi. Artıq axşam düşürdü. Dədəm çır-çırpıdan, quru yulğun qanadlarından yığıb ocaq qaladı. Hava artıq soyumuşdu. Gecəni orada qaldıq. Dədəm məni yanına çəkib arxalığını çiynimə atdı. Başımı onun dizinə söykəyib yatdım. Birtəhər səhəri açdıq. 

Dədəm məni bel gətirmək üçün arxaca göndərdi. Səhər təzəcə açılsa da, anam əliqoynunda gözləyirdi: “Ay bala, səhərəcən gözümə çimir getməyib, harda qaldınız, ağlıma yüz fikir gəlib, dəvəni tapdınızmı?” – dedi. Anama cavab verməyə söz yox idi. Bu xəbəri anama necə çatdıraydım axı… Beli götürüb geri döndüm. Deyəsən, anam da hər şeyi başa düşdü, daha heç nə soruşmadı.

Dədəm beli alıb yeri qazmağa başladı. Dizindən azca dərin bir çala düzəltdi. Çalanın dörd yanını şaxladı. Sonra içinin torpağını çıxartdı. Çalanın kənarında oturub papağını dizinə keçirəndən sonra tənbəki kisəsini açdı. Demisini doldurub yandırdı. Dərindən bir qullab aldı. Demisini çəkib qurtarana kimi bir kəlmə də kəsmədi.

Eyni tövrlə demisini belin sapına vurub külünü boşaltdı. Onu tənbəki kisəsinə atdı. Kisənin ipini çəkib ağzını yığdı, sonra ipini bir neçə dəfə kisənin boğazına dolayıb cibinə qoydu. Papağını başına keçirib yerindən qalxdı.

“Ağ mayanın gözü yığılmasa, öləcək”, – dedi.

Köşəyin boynundan və qabaq ayaqlarından yapışıb çalanın yanına çəkdi. Ağ maya dikəlmək istədi, amma bacarmadı. Başını güclə qaldırıb inildədi. İçindən harayabənzər çox üzgün, sanki quyunun dibindən gələn bir səs çıxdı.

Dədəm köşəyin üstünü torpaqla örtdü. İkimiz də kədər içində arxaca döndük…