Dənizlərə və okeanlara baxdıqda, sanki hamısı eyni su kütləsinin bir hissəsidir. Lakin bəzi yerlərdə sular arasında sərhəd kimi görünən aydın xətlər müşahidə olunur. Bu görüntülər suların bir-birinə qarışmadığı təəssüratını yarada bilər. Belə mübahisəli bölgələrdən biri də Sakit və Atlantik okeanlarının kəsişdiyi ərazilərdir.
Sakit okean – şərqdə Amerika, qərbdə Okeaniya və Asiya arasında yerləşir və təxminən 165 milyon kvadrat kilometr sahə ilə dünyanın ən böyük və ən dərin okeanıdır. Onun orta dərinliyi 4280 metrdir.
Atlantik okeanı isə şərqdə Avropa və Afrika, qərbdə Amerika arasında yerləşir. Təxminən 107 milyon kvadrat kilometr sahəyə malik olan bu okeanın orta dərinliyi 3646 metrdir.
Bu iki nəhəng su kütləsi coğrafi olaraq fərqli qitələrin arasında yerləşsə də, onların sularının bir-birinə qarışıb-qarışmadığı tez-tez müzakirə mövzusuna çevrilir.
Sular, doğrudan da, qarışır?
Əslində, hə. Sakit və Atlantik okeanlarının suları qarışır və onların arasında sərhəd yoxdur. Planetimizin okeanlarına ayrı-ayrı adlar verilsə də, onlar bir-biri ilə bağlı, vahid su sisteminin hissələridir. Okean axınları fasiləsiz şəkildə hərəkət edir və müxtəlif su kütlələrini bir-biri ilə qarışdırır.
Bəzən bir çayın şirin suyunun duzlu okean suyu ilə qovuşduğu yerdə aydın bir xətt müşahidə olunur. Eyni hal okeanda fərqli temperatur və duzluluğa malik suların birləşdiyi bölgələrdə də baş verə bilər. Belə hallar insan gözündə suların qarışmadığı təəssüratını yaradır. Xüsusilə Atlantik və Sakit okeanlarının kəsişdiyi bölgələrdəki bu vizual sərhədlər geniş yayılmış videolarda nümayiş etdirilir.
Bu mövzu ilə bağlı internetdə də bəzi videolar var. Sosial mediada məşhurlaşan və sanki iki fərqli okeanın sularının qarışmadığını göstərən videolardan biri, əslində, Alyaska körfəzində çəkilib. Həmin görüntülərdə bir tərəfdə çöküntü ilə zəngin, açıq rəngli, şirin buzlaq suları, digər tərəfdə isə tünd rəngli, duzlu okean suyu yer alır. İlk baxışda sular qarışmır kimi görünsə də, zamanla axınlar və dalğalar bu fərqli suları bir-birinə qarışdırır.
Okeanoloq, professor Salli Varner bu barədə belə izah edir:
“Bu məsələni iki aspektdən qiymətləndirməliyik: səthdə baş verənlər – yəni insanların müşahidə etdiyi rəng fərqi və bulanıqlıq; və səthin altında baş verən real qarışma prosesi”.
Əslində, suların bir-biri ilə qarışması yaxşı haldır. Suların qarışmasının qarşısının alınması təbiət üçün ciddi problemlər yarada bilər. Qlobal istiləşmə okean sularını daha sabit və durğun hala gətirir. Halbuki su təbəqələrinin bir-biri ilə qarışması – səthdəki istilənmiş suyun dərinlikdəki soyuq su ilə təması – planetimizin temperatur balansını qoruyan mühüm mexanizmdir.
Əgər bu qarışma azalarsa, okean suları atmosferdən daha az karbon qazı udar və bu da iqlim dəyişikliyini daha da sürətləndirə bilər. Yəni qarışmayan sular sadəcə vizual maraq doğurmaqla qalmır, həm də ekoloji cəhətdən narahatedici haldır.
Nəticə olaraq, bəli, Atlantik və Sakit okeanların suları da, digər bütün su kütlələri kimi, zamanla və müəyyən bölgələrdə qarışır. Fərqli temperatur və duzluluğa malik suların bir araya gəldiyi nöqtələrdə vizual sərhədlər yaransa da, bu onların, həqiqətən, ayrı olduqları anlamına gəlmir. Yəni suların “qarışmaması” haqqında deyilənlər daha çox vizual yanaşma və ya müvəqqəti hidrofiziki vəziyyətlərdən ibarətdir, elmi həqiqət isə onların bir-biri ilə daim qarşılıqlı əlaqədə olmasıdır.
Ləman Vahid



