Xalqımızın Milli bayramı olan Novruz bayramında Coşqun Kərimovun müəllifi olduğu “306” kitabından bayramla bağlı hissəni sizlərlə paylaşırıq. Xoş mütaliələr və gözəl bayramlar!
Uşaqlıq illərimə qayıdıb düşünən zaman görürəm ki, bayramlar ilk növbədə anamın günə təşvişə düşərək başlamasıdır. Onu qarşıda müxtəlif mürəkkəblilik daşıyan işlər silsiləsi gözləyir. Həmin işləri daha tez bitirə bilməsi üçün tək başına etmək niyəti var. Hər kəs mətbəxi tərk etməlidir və maestro işə başlamalıdır.
Qab-qacaqlar səbirsiz şəkildə onun tərəfindən götürülməyi və yerləşdirilməyi gözləyir. Ədviyyatlarla ərzaq öz növbəsi gözləyir. Hər şey qaynadılıb, doğranılıb, yerləşdirilib, yuyulub, qurudulub və nəzarət altında saxlanılıb. Bu qadın ChatGPT üçün müəmmalı bir androiddir. Bu qədər işi və ardıcıllığı necə xatırlayır və necə həll edir? Üstəlik, digər otaqlarda baş verən bütün proseslərdən xəbərdardır.
Budur, mətbəxdən səslər gəlir və biz orada olanlardan xəbərsiz şəkildə axşam saatlarını gözləyirik. Bəzilərimiz küçəyə düşür. Bəzilərimiz hər il eyni vaxtda göstərilən filmlərə baxır. Bəzilərimiz isə il ərzində görə bilmədiyi qohumlarıyla zəngləşməyə və ilin acığını çıxmağa başlayır. Əsas da atamızın səsi otağı bürüyür. “O gün olsun”la başlayan cümləni növbəti dəfə eşidirik.
Budur, anamız mətbəxdən çıxaraq bayram süfrəsi olacaq masaya baxıb onun vəziyyətini qiymətləndirir. Çatışmayan elementləri almaq üçün növbəylə marketə göndərilirik. Və hər qayıdan dəfə yenə də getmək zərurəti yaranır.
Bayram süfrəsi dünyanın xəritəsini xatırladır. Sanki, dünyanın hər ölkəsi bizə bir nemət göndərib və biz bu neməti sərgiləyirik. Salatlar, balıqlar, bananlar, toyuqlar, düyülər, meyvələr, şirələr öz qitələrində yer alıb və mərkəzdə xonça arxipelaqı dayanır. Onun da mərkəzində səməni durur.
Budur, bütün işlər görülüb və anam tələsik bəzənir. Biz də onun süfrəyə oturmasını gözləyirik. Bayram süfrəsi, əslində, onun süfrəsidir. Bu bayram, əslində, onun əl əməyidir və zəhmətidir. Biz sadəcə dekorativ xüsusiyyət daşıya bilərik, amma daşımırıq. O bu süfrəni bizim üçün hazırlayıb. Bu bizim üçün “axırıncı şam yeməyi” deyil. Biz bu süfrəni artıq 30 ildir ki, görürük və ətrafında toplanırıq.
Anam rəssamdır və rahatlıqla Florensiyanın freskalarını çəkə bilərdi. Amma o, süfrəni intibah dövrünün enerjisi və dəsti-xətti ilə bəzəyir. Onun əsərləri bizik və uşaqlarımızdır. Onun çəkdiyi şəkillər hər il daha da böyüyür və fərqli çalarlar daşımağa başlayır. Hər birimizin xarakterində onun fırça izləri var.
Bayram süfrəsinin qədrini kimlər bilir?
Bayram günlərini evdən və sevdiklərindən uzaqda keçirənlər.
Bayram süfrəsini heç vaxt görməyənlər. Düşünün ki, belə insanlar var və çoxdur.
Mətbəxlərində daha səs-küy etməyən, analarının xatirələriylə yaşayanlar. Əsas da bu dostlar üçün yazdım. Onlar üçün bayram süfrələrinə valideynləri olmadan oturmaq dözülməz kədər vəd edir. Uşaqları və yoldaşları olmasa, bu tənhalıqdan çətin ki, bərpa olunmaq alınsın.
Bayramı bayram edən marketlərdən aldıqlarımız deyil, musiqili verilişlər deyil, lazımsız təşvişlər deyil. Bayramı bayram edən nəsillərin bir yerə gəlməsi və bir ocaq ətrafında yığışmasıdır.
Hamımız eyni mənzilə fərqli qatarlarla gedən sərnişinlərik. Amma hərdən ortaq platformada görüşüb hal-əhval tutmaq vacibdir. Qatarların gedəcəyi yollar fərqlidir amma sərnişinləri üzən və ya sevindirən səbəblər eynidir.
Novruz bayramı bir platformadır. Ramazan bayramı bir platformadır. Bu bizim üçün görüşmək və birlikdə ola bilmək şansıdır. Birlikdə bayram qeyd etmək isə harmoniya yaradır. Uzun müddət yağış yağandan sonra çıxan günəşin şüalarını dərimizdə hiss etmək kimi gözəldir bu harmoniya hissi.
Bayram süfrəsi milyonlarla insanın axtardığı və bir qisminin tapa bildiyi oazisdir.
Analar, atalar və övladları fərqlidir, amma süfrə arxasında hamımız eyniyik. Hamımız bir-birimizi görməyə şadıq və bir-birimizi sevdiyimizi açıq şəkildə göstərə bilirik.
Biz bu anları ürəyimizin ən dərin yerinə toxuyuruq.
Bütün ailələrin bayramı mübarək olsun!




