Ədəbiyyat Xəbərlər

Ədəbiyyatımızın novator siması: Əli Kərim– 95

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli siması, novator şair Əli Kərimin 95-ci ildönümüdür. Cəmi 38 il ömür sürməsinə baxmayaraq, şair öz səmimi və fərqli üslubu ilə poeziyamızda silinməz iz qoyub. Əli Kərimin misraları hər zaman insan qəlbinin ən incə hisslərinə toxunmağı bacarıb. Şairin əziz xatirəsini ehtiramla yad edərək, onun unudulmaz şeirlərini sizlərə təqdim edirik.

Atamın xatirəsi

O, sərt idi səhər dərsə tələsəndə mən,
Bildirməzdi yolda durub boylandığını.
Bircə dəfə söz açmazdı qəlbindəkindən,
Söyləməzdi övlad üçün çox yandığını.

Gizli-gizli məni süzüb gülərdi hərdən,
Durub-durub güc gələrdi əyri qəlyana.
Övladına bircə dəfə “can” söyləməkdən,
Övlad üçün can verməyi asandı ona.

Zəhmətsevər, ağır, enli, cod əli vardı,
Tale kimi endirərdi çiynimə hərdən.
Sərt üzünə bircə anlıq səhər doğardı,
Bilməzdim ki, hansı nurlu düşüncələrdən.

Sevgisi də soyuq idi, təzə əkini
Hər bəladan hifz eləyən qalın qar kimi.
…Moskvada oxuyurdum, tərk etdi məni,
Gələn zaman bir əbədi ayrılıq dəmi.

Gah istəyib məni görə,
Gah deyib ki, mən
Qoy bilməyim, o utanıb öz ölümündən.
Ah o niyə belə etdi, bu nə qübardı,
Nə zamansa bu nişanda bir atam vardı…

Uşaqlıq, gənclik, qocalıq

Xeyr, uşaqlığımı atdım nə göy çəməndə,
Nə dağda oynayanda, nə Göy çayda çiməndə.
Qəlbimdə isti bir yer verdim ayrıca ona,
Çıxdım dolama yollara, cığırlar ayrıcına.

Yerişimin sürəti,
Sevincimin şimşəyi
Odur.

O olmasaydı, kim durardı obaşdan,
Könlümün qapısını
Döyərdi

Deyərdi: – Səhər açıldı, yatma,
Dur, yüyürmək, oynayıb-gülmək düşdü yadıma.
Məni qucaqlar boran,
Əgər bir saat, bir an
Ayrılsam gəncliyimin yüyənsiz tufanından.
Günlərim keçər,
köçər.
Çırpıntısız bir ömrün
Boz dumanı,
İlğımı,
Xanə-xərabi içrə.
Yuvam olar
Zamanın
Baş yolundan kənarda.
Bir soyuq, xəfə hücrə.
Qocalıqdan da qorxma!
Qorxmuram!
Karıxmuram!

Qoy gəlməsin, gələndə bizə diş qıcadırsa,
Gəlsin kamal timsalı müdrik bir qocadırsa.
Evimə qonaq deyil, ailə üzvü gəlsin.
Uşaqlıq, gənclik və o!
Səsləri bir yüksəlsin:
Ömrümüzün yolları ötüb keçməz qarışıq.
Ayrılmaz üç qardaşıq!

Həmişə səfərdə

Qatarlar dayananda,
Təyyarələr enəndə,
Məncə, bitməyir səfər,
Səfərdəsən yenə də.
İnsan dünyaya bənzər –
Səfərdədir əbədi.
Məncə, oturubsa da,
Bir daşın üzərində,
Mənalı bir kitabı
Varaqlayırsa əgər,
Gözəl bir səfərdədir.
Yuxlayanda hər axşam,
Yuxusu körpüdürsə
Günlə gün arasında,
Səfərdədir o adam…
Hətta məzardadırsa,
Xatirəsi dostlara
Bir təpə aşmaq üçün
Qüvvə verirsə əgər,
O yenə səfərdədir,
Mənzilə çox var hələ…
Səfərdədir – yol gedir…

Əli Kərim