Ədəbiyyat

Sən qarasan?

Ölüm, ayrılıq, həsrət, qorxu, təlaş, təşviş, narahatlıq, bədbinlik… Bir çoxumuzda bu hisslərin yaranmasının günahkarı məhz qara rəngdir. Bəli, səhv eşitmədiniz, qara rəng insanların çoxunda mənfi hisslərin yaranmasına səbəb olur.

Hər birimiz həyatımızın müəyyən bir dönəmində yuxarıda göstərdiyim kimi saysız-hesabsız duyğularla mübarizə aparmışıq. Bizim üçün çox dəyərli olan insanların vaxtsız həyatımızdan köçüb getməsinin acısını iliklərimizə qədər hiss etmiş, onu itirməyin qorxusunu yaşamışıq. Bəzi insanlar keçici problemlərə görə bədbinliyə qapılmış, ömrünü zindana, özünün və ətrafdakı insanların həyatını isə qaranlığa qərq etmişdir. Keçici problemlər deyirəm, bəli, çünki həyatda heç nə və heç kim əbədi deyil.

Qara rəng keçmiş zamanlardan qəmi, kədəri, eyni zamanda da gücü simvolizə etmişdir. Biz isə çox şeydə olduğu kimi burada da mənfiliklərə tutunmuşuq. Henri Matisse yazır ki, qara rəngdə bütün rənglərin harmoniyası mövcuddur. Bəs elə isə insanlar niyə qara rəngdən bu qədər qorxur?

Qədim inanclara görə, əgər yoluna qara pişik çıxarsa, onda həmin günün uğursuz keçəcək, işlərin alınmayacaq. Əslində, buna qədim inanc deməzdim, çünki günümüzdə də, bu kimi batil inanclara inanan insanların sayı yetərincə çoxdur. Sizcə, bu fikir nə dərəcədə doğrudur? Kiminsə qarşısına qara pişik çıxıbsa, təsadüfən işləri yolunda getməyibsə, bunda günahkar rəngi qara olduğu üçün xalq tərəfindən lətənlənmiş zavallı heyvandırmı? Niyə sarı, ağ, boz, narıncı pişiyi sevir, əzizləyirik, amma qaranı lənətləyirik? Bu ədalətli davranışdırmı? Onu da digər canlılar kimi Kainatın Yaradıcısı yaratmayıbmı?

“Gəncsən, qara geyinmək olmaz, qaranın yaşlılar geyinər”. Toya qara geyinmək uğursuzluqdur, qaranı yasda geyinərlər. Bu qaydaları kim yaradıb? Bizim beynimizi bu fikirlərlə kim doldurub? Niyə qara maşın, telefon, komputer, mebel alanda uğursuz olmur, amma geyinəndə olur.

Məgər Allahın evi Kəbə qara rənglə örtülməyibmi? Ucsuz-bucaqsız ənginlik, kainat qara deyilmi? Gecələr göy üzü qara rəngə boyanmasa, işiq saçan, gözəlliyi ilə insanları heyran edən ulduzları görə bilərikmi? Gecənin zülməti olmazsa, gündüz nura qərq olarmı? Zebranın bədəninə qara rəngli naxışlar həkk olunmasa, o digərlərindən fərqlənərmi? Zülməti görməyən insan, işığın, işıqlı dünyanın dəyərini bilərmi? Dünyada nə qədər günahsız insan məhz rəng ayrımının qurbanı olub. Sırf qaradərili olduqları üçün minlərlə insan cəmiyyət tərəfindən sıxışdırılıb, evsiz-eşiksiz, işsiz, Vətənsiz, bir parça çörəyə, bir qurtum suya həsrət yaşayıb. Rənglərinin günahını canları bahasına ödəmək məcburiyyətində qalıblar. Qara olmaq pis olmaq, eybəcər olmaq demək deyil! Qara o insanlardır, yoxsa bizim daşlaşmış, işığa həsrət, zülmət içində olan qəlblərimizdir?

İnsanın hansı rəngi sevməsi, hansı rəngdə geyinməsi, xarici görünüşü əsas deyil. Əsas ruhunun hansı rəngdə olması, qəlbinin hansı rənglə boyanması, əxlaqının, mənəviyyatının, daxili aləminin gözəl, zəngin olmasıdır. Qəlbi, ruhu qaranlığa məhkum olmuş insan yaşarkən ölüdür. Qəlbimizi cəmiyyətin bütün pisliklərindən, eybəcərliklərindən, çirkinliklərindən qoruyub, təmiz saxlayaq. Qəlbi qaralmış insan, ətrafını, insanları, bir sözlə bütün kainatı yalnız bir rəngdə – qara görər. Gözəl baxmağı bacaraq ki, bizi, ətrafımızı əhatə edən gözəlliklərdən xəbərdar olaq, onları duymağı bacaraq. Vinsent van Qoq yazırdı: “Mən qaranlıqda işığı axtarıram və rənglərin ən tündündən parlaq işığı tapıram”. Biz də qaranlıqda belə işıqlı yolu axtarmağa, yolumuzu aydınlandırmağa bezmədən, usanmadan davam edək.

Ləman Vahid