Mərmərə Universiteti Türkiyyat Araşdırmaları İnstitutunun müdir müavini dos. dr. Mehdi Gəncəli elmi-pedaqoji fəaliyyəti, bədii-publisistik yaradıcılığı ilə Türkiyə və Azərbaycanda kifayət qədər tanınmış soydaşlarımızdandır. Onun 2011-ci ildə nəşr etdirdiyi istiqlal şairi M.Hadinin irsi ilə bağlı fundamental araşdırmaları sayəsində qələmə aldığı “Azərbaycanlı şair Məhəmməd Hadinin həyatı, sənəti, əsərləri” adlı kitabı elmi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmışdır. İstedadlı alim bu yaxınlarda daha bir uğura imza atmış və “Hürr fikirli türk Abdulla Sur: həyatı, çalışmaları, görüşləri, haqqında yazılanlar” adlı sanballı əsər nəşr etdirmişdir. Kitabın özünəməxsus məziyyətləri, problemin aktuallığı, tədqiqat işinin elmi yeniliyi və s. haqqında fikirlərimizi bölüşmədən öncə M.Gəncəlini bu mövzu üzərində işləməyə sövq edən səbəblər barədə bir neçə kəlmə yazmaq istərdik. Ata-babadan gəlmə Türkiyə sevdalısı kimi böyüyən Mehdi orta məktəbi bitirdikdən sonra xəyallarının ardınca Türkiyəyə gedir və Mərmərə Universitetinin türk dili və ədəbiyyatı fakültəsinə daxil olur. Sonra həmin Universitetin Türkiyyat Araşdırmaları İnstitutunda magistr (2002) və doktorluq təhsili (2008) alır. 2012-ci ildən M.Gəncəli doğma universitetdə pedaqoji fəaliyyətə başlayır, eyni zamanda Azərbaycan–Türkiyə ədəbi əlaqələri istiqamətində ciddi və fəal şəkildə elmi araşdırmalarını davam etdirir. Kitabxana, arxiv və muzeylərdə türk dünyasının ictimai fikir tarixinə mühüm töhfələr vermiş, ədəbi-mədəni, mətbuat həyatında parlaq iz qoymuş Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, H.Cavid, M.Hadi kimi qələm və kəlam sahiblərinin irsini tükənməyən məhəbbətlə, məsuliyyətlə mütaliə və təhlil edir. Gənc tədqiqatçı “türk basınında “Qafqasyalı Hadi” kimi tanınan şairin Türkiyədəki həyatı və irsini araşdırmağı qərara alır. Səbəbini isə belə izah edir: “Atatürk kitablığı, Bəyazid Dövlət Kitabxanası kimi mərkəzlərdə başlayan həyəcanlı axtarışlarım “Azərbaycanlı şair Məhəmməd Hadinin türk basınında çıxan məqalə və şeirləri” adlı tədqiqat işi ilə nəticələndi. Bu sonucla ortaya fərqli bir mənzərə çıxmışdı. Sovet dönəminin Hadini təkyönlü tanıtdığı anlaşılırdı. Hadi daha dərin, daha milli biri olmalıydı. Türk mətbuatındakı yazılarından çıxan Hadi profili belə söyləyirdi. Üzərimizə yeni vəzifə düşmüşdü. Doktorluq işimdə Hadi bütün yönləri ilə tədqiqata cəlb edilməli idi. Bunun üçün Bakıya getməyi, əski Azərbaycan yazısı ilə yazılmış mətbu orqanları başdan sona nəzərdən keçirməyi qərara aldım. Çətin və sıxıntılı bir problemlə üz-üzə idim, fəqət rəqəmsal fotoaparat icad edilmişdi, yaponlar Xızır peyğəmbər kimi imdadıma çatmışdı”. Bütün fədakarlıqlardan sonra M.Gəncəlinin yuxarıda adını çəkdiyimiz “Azərbaycanlı şair Məhəmməd Hadinin həyatı, sənəti, əsərləri” kitabı işıq üzü gördü. Amma Hadi irsinin sehrinə düşən M.Gəncəli istiqlal şairi ilə əlaqəli sənədlərlə tanış olduğu müddətdə tez-tez Abdulla Surla (Mirzə Abdulla Məhəmmədzadə Tofiq, 1883–1912) bağlı materiallara, təzkirələrə də rast gəlirdi. Mehdi Gəncəli vur-tut 29 il ömür sürmüş heyrətamiz istedada malik Abdulla Surdan bəhs edən qeydlərə də laqeyd qalmır, onları gözdən keçirirdi. Tədqiqatçının Abdulla Sur irsinə isti, doğma münasibəti tezliklə ona qarşı sevgiyə çevrilir və o bu soydaşımızın həyat və yaradıcılığını dərindən, əhatəli tədqiqə başlayır. Bununla da Abdulla Surla bağlı mövcud elmi-nəzəri materiallar maraqlı, bir sıra yeni mülahizə və qənaətlərlə zənginləşdirilir, nəticədə sanbalı, dəyəri ilə seçilən “Hürr fikirli türk Abdulla Sur: həyatı, çalışmaları, görüşləri, haqqında yazılanlar” əsəri ərsəyə gəlir.
Orijinal tədqiqat metodu və üslubu ilə diqqəti çəkən kitab Abdulla Surun həyat və fəaliyyətini, müəllifin təbirincə desək, “bütün yönləri” ilə əhatə edir. M.Gəncəli araşdırmalar zamanı daha çox “cizgili”, cizgisiz dəftərlər”dəki əlyazmaların, risalələrin təhlilinə üstünlük verir, hər sözün, sətrin, işarənin, “yarpağ”ın üstündə əsir, həmkarlarının fikirlərini tutuşdurur, müqayisələr aparır, sanballı qənaətlər hasil edir. Bunu da xüsusi vurğulamağı lazım bilirik ki, ölkəmizdə bu istiqamətdə görülən işləri də yeri gəldikcə qədirbilənliklə qeyd edir. O yazır: “Sovet dönəmində Abdulla Surdan ilk bəhs edən, Abdulla Surun adını büsbütün yeni şərtlər içində ilk anan və dolayısıyla Abdulla Surun sovet öncəsi “qaranlıq dönəmin” bir siması olaraq unudulmasına izin verməyən Mir Cəlal Paşayevdir”. Mir Cəlal Paşayev A.Suru XX əsrdə Azərbaycanın ilk peşəkar ədəbiyyatşünaslarından biri kimi tanıdır, xüsusi ilə onun klassik irsin tədqiqi sahəsindəki xidmətlərini yüksək dəyərləndirir. M.Gəncəli Kamal Talıbzadənin 1954–1959-cu illərdə qələmə aldığı “Abdulla Sur – tənqidçi və ədəbiyyat tarixçisidir” məqaləsindən bəhs edərək yazır ki, Abdulla yazı dilimizin ərəbcə və farsca təsirindən arındırılmasına səy göstərmişdir. M.Gəncəli Əbülfəz İbadoğlunun, Kamran Əliyevin, Cəlal Qasımovun, Alxan Bayramoğlunun, Şamil Vəliyevin A.Surun həyat və fəaliyyətinə dair araşdırmalarına da nəzər salır, onların əhəmiyyətini qeyd edir. Yeri gəlmişkən qeyd edək ki, M.Gəncəli Abdulla Sur haqqında Türkiyə və Almaniyada yazılanlara da münasibət bildirir, bu mövzuda Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından – Nağı Şeyxzamanlının, prof. dr. Əli Yavuz Akpınarın, Volker Adamın məqalələrini yada salır.
Mehdi Gəncəli Abdulla Surun vəfatı ilə bağlı dövrün mətbu orqanlarında – “İqbal”, “Kaspi” qəzetlərində dərc edilmiş çoxsaylı yazıları, şeirləri, təziyələri araşdıraraq bu qənaətə gəlir ki, bu cür diqqət, doğma, həssas münasibət A.Surun cəmiyyətdə və ədəbi həyatda böyük nüfuza malik olduğuna dəlalət edir. Əli Razi Şəmçizadənin, C.Acizin, A.H.Rəsulzadənin, Molla Mahmud Çakər Naxçıvaninin, Əli Nəzminin, Balaxanalı Nemətin, Əli Səttarın, Gəncəli müəllimə Nərimanın “İqbal”, “Təzə xəbər”, “Məktəb” kimi mətbu orqanlarda A.Surun ruhuna ithaf etdikləri şeirlər şairə sənətkar və xalq məhəbbətinin göstəricisidir. Abdulla Surun vəfatından dörd il sonra M.Ə.Rəsulzadənin redaktorluğu ilə çıxan “Açıq söz” qəzetində “Ələkbər” imzası ilə “Suru unutmayınız” adlı məqalə dərc edilmişdir. Məzmunu son dərəcə təsirli, forma və üslub baxımından təqdirəlayiq yazı müəllifin A.Surun məzarı başında xəyali nitqindən ibarətdir. Natiq çıxışında A.Suru “millətimizin və Qafqasyamızın dəyərli simalarından biri”, “millətin süru” və “müəllim” adlandırır, təəssüflə qeyd edir ki, ötən dörd ildə “kimsə onu anmamış”, “əsərləri toplanılmamış, basılmamışdır”: “Biz belə möhtərəm kimsələri unudacaq olursaq, xatırlayacaq kimlər olacaq? Həm də bu kimi ulularımızın nə yapdığını, nə yazdığını gələcəkdə övladımız necə öyrənir, bilir?” Sonda natiq ümid edir və inamla bildirir ki, millət Suru daima yaşadacaqdır, əsərləri millət arasında yayılacaq, adı, xidməti, fikri, məqsədi layiqincə dəyərləndiriləcəkdir.
Səriştəli tədqiqatçı M.Gəncəli Abdulla Surun vəfatından sonra onun ömür yolu ilə bağlı qələmə alınan məqalələri, əlyazmaları da araşdırır, ədibin bioqrafiyası haqqında mübahisəli və qaranlıq məqamlara, miladi və hicri tarixlərində təvəllüd və vəfatı ilə bağlı fərqli rəqəmlərə aydınlıq gətirir. Qarabağlı Mirzə Hüseyn Mircamalov, Hüseyn Cavid, Əli Razi Şəmçizadə, Gəncəli müəllimə Nəriman Qarabağlı Abdulla Surun tərcümeyi-halını yazmışlar. Mirzə Hüseyn Mircamalovun yazdığına əsasən dostu Abdulla Sur Tiflisdə xəstə ikən özünün qələmə aldığı tərcümeyi-halını ona şəxsən vermişdir. Maraqlıdır ki, M.Gəncəli Mirzə Hüseyn Mircamalovun təqdim etdiyi mətnin “Surun üslubuyla tam örtüşmədiyi” qənaətindədir.
Mehdi Gəncəli araşdırmalarında bu nəticəyə gəlir ki, A.Surun qələmə aldığı 70-dən çox yazısının böyük əksəriyyəti Bakıda yayımlanan qəzet və jurnallarda, bir qismi Krımda nəşr olunan “Aləm-i nisvan” dərgisində işıq üzü görmüşdür. Osmanlı mətbuatında tənqidçinin hələlik bir məqaləsi tapılmışdır. Monoqrafiyanın “Əsərləri” hissəsində M.Gəncəli A.Surun əlyazmaları ilə yanaşı mətbuatda dərc olunmuş məqalələrindən, hekayə və şeirlərindən, sağlığında nəşr edilmiş yeganə kitabından – “Əlifbadan sonra qiraət” dərsliyindən geniş bəhs etmişdir. A.Surun məktubları onun, eyni zamanda məktublaşdığı xadimlərinə ədəbi-nəzəri görüşləri, şəxsi həyatı, qayğı və problemləri haqqında kifayət qədər zəngin təəssürat yaradır. Elə buna görə də M.Gəncəli A.Surun tanınmış rus türkoloqu Vladimir Qordlevskiyə, Abdulla Şaiqə, Firudin bəy Köçərliyə ünvanladığı məktubların təhlilinə xeyli yer ayırmışdır. M.Gəncəli A.Surdan “Qəhrəman Qulu” və “Bir mollanın həyatı” adlı iki hekayənin qaldığını yazır. Bədii nümunələrin ideya, məzmununu, dil, üslub, sənətkarlıq məziyyətlərini, obrazların xarakterik cizgilərini dərindən təhlil edən alim bu qənaətə gəlir: “Surun vətən və millət düşüncəsini önəmsədiyi, bu ikisinin var olması üçün milli bir dövlət vəmilli bir yönədici gərəkliyinə inandığı anlaşılır”.
Abdulla Surun elmi, dini, fəlsəfi, sosial, iqtisadi, ədəbi-nəzəri görüşlərinə, cəmiyyətdə məktəbin, mədəniyyətin, qadının rolu və yerinə, dil, əlifba, imla məsələsinə, Şərq-Qərb problemlərinə dair “Şərqi-Rus”, “İrşad”, “Tərəqqi”, “Həyat”, “Məktəb”, “Həqiqət”, “Aləm-i nisvan”, “Füyuzat” kimi qəzet və jurnallarda çoxsaylı məqalələri dərc edilmişdir. Onun “Elm-i iqtisad”, “Sənayeyə aid”, “Əkinçilərə aid”, “Ey müsəlman qardaşlar”, “Məktəblərdə türk dili”, “Tarixə bir nəzər”, “İstanbulda günəş doğduqdan sonra”, “Əski İstanbul xanımları”, “Türk xanımlarının tərəqqisi”, “Türk xanımlarının istiqbalı”, “Şərqdə şəfəq sökülərkən”, “Boğaz içində günəş doğarkən”, “İrana məxsus bir mülahizə”, “Bir tövsiyə”, “Bir dövlət”, “İmla məsələsi”, “Müəllim qıtlığı”, “Məktəblərdə türk dili”, “Amerikada məktəblilər andı” və s. yazılarını peşəkarlıqla təhlil edən M.Gəncəli toxunduğu mövzudan asılı olmayaraq A.Surun zəngin, çoxşaxəli yaradıcılığının milli duyğularla süsləndiyi qənaətindədir.
M.Gəncəli A.Surun türk ədəbiyyatı tarixində iz qoymuş sənətkarların – Füzuli, Sinan paşa, Nəfi, Veysi, Nədim, Vehbi Sünbülzadə, Süruri, Sinasi, Namiq Kamal, Nigar xanımın irsi ilə bağlı elmi tədqiqatlarının özünəxas cəhətlərindən, əhəmiyyətindən geniş söz açır. Monoqrafiyada A.Surun tarix və coğrafiya mövzularında yazdığı “Tarixə bir nəzər”, “Türk tarixi”, “Türklər kimdir”, “Gəncə”, “Bakı”, “İstanbul” məqalələri də dolğun araşdırılmışdır. M.Gəncəli A.Surun gürcülər, ermənilər, ərəblər haqqındakı yazılarını da diqqətlə və dərindən təhlil edir, dəyərləndirir.
“Hürr fikirli türk Abdulla Sur: həyatı, çalışmaları, görüşləri, haqqında yazılanlar” əsərinin ən maraqlı hissələrindən biri Abdulla Surla eyni dövrdə yaşayıb- yaratmış şəxsiyyətlər barəsində qələmə aldığı məqalələrdir. Mehdi Gəncəli qeyd edir ki, A.Sur bu şəxslər haqqında yazarkən qarşısına iki məqsəd qoymuşdur: bu kişiləri tanıtmaq və onları topluma örnək göstərmək. M.Gəncəli A.Surun M.Şahtaxtlı, Ə.Topçubaşov, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, H.Cavid, H.Z.Tağıyev, Ə.Cavad, Ə.Maqsudi haqqındakı portret oçerklərinin qısa, lakin sanballı icmalını təqdim etməklə kifayətlənmir, onlara münasibətini bildirir. Həmin yazılar oxucunu portret qəhrəmanlarının həyat və fəaliyyətinin başlıca istiqamətləri və xidmətləri ilə yetərincə məlumatlandırır.
Mehdi Gəncəlinin “Hürr fikirli türk Abdulla Sur: həyatı, çalışmaları, görüşləri, haqqında yazılanlar” monoqrafiyası XX əsrin əvvəlləri Azərbaycanın ədəbi-mədəni, mətbu həyatında mühüm yeri olan ədibin həyat və yaradıcılığı ilə bağlı mövcud ədəbiyyatşünaslıq materiallarını yeni fakt və elmi-nəzəri müddəalarla daha da zənginləşdirmiş sanballı mənbədir. Bu əsərlə müəllif eyni zamanda Türkiyə–Azərbaycan ədəbi-mədəni əlaqələrinə layiqli töhfə vermişdir.
Məqalə çapa hazırlanarkən Mehdi Gəncəlinin bu istiqamətdəki fədakar fəaliyyəti sayəsində mühüm əhəmiyyət kəsb edən bir layihənin icrasına da imza atdığını eşitdik. ADA Universitetinin dǝstǝyi ilǝ Azǝrbaycan Cümhuriyyǝti hökumǝtinin rəsmi qəzetinin – “Azǝrbaycan”ın (1918–1920) tam mətni ǝrǝb qrafikalı ǝlifbadan latın qrafikalı müasir Azǝrbaycan ǝlifbasına köçürülǝrǝk lüğǝt, izahlar, şǝrhlǝr vǝ adlar göstǝricisi ǝlavǝ edilmǝklǝ çoxcildliyi nǝşrǝ hazırlanır. “Azərbaycan” qəzetini transliterasiya edənlər – filologiya üzrə fəlsəfə doktoru Mehdi Gəncəli, filoloq, tərcüməçi Azad Ağaoğludur. Qəzetin ilk 10 nömrəsini əhatə edən I, II cildlər nəşr olunmuş və təqdimatı keçirilmişdir.