Yazın sakit axşamlarından biri idi. Küçədə yüngül meh əsir, ağacların təzəcə açmış yaşıl yarpaqlarını asta-asta yellədirdi. Hava xoş və mülayim idi. Mən atamla yanaşı addımlayırdım. Atam işdən, mən isə universitetdən gəlirdim. Biz evimizin yaxınlığında qarşılaşdıq.
O, həmişəki kimi sakit idi. Atam az danışan adamlardan idi. Amma onun susmağında qəribə bir ağırlıq vardı. Elə bil insan ömrü boyu çəkdiyi bütün yorğunluqları içinə yığıb danışmağa ehtiyac duymurdu.
Yol boyu ətrafı izləyirdim. Bir tərəfdə işıq saçan evlər vardı. Pəncərələrin arxasında ailələr oturmuşdu. Kimisi çay içir, kimisi gülürdü. İnsan kənardan baxanda elə bilir ki, hər evin içində rahatlıq yaşayır. Halbuki hər evin görünməyən yükü, gizli ağrısı olur.
Atamın addımlarından yorğunluğu hiss olunurdu. Amma buna baxmayaraq, üzündə qəribə bir rahatlıq vardı. Sanki insan sevdikləri üçün yorulanda belə içində bir sakitlik yaranır.
Birdən ayağım büdrədi. Yıxılmamaq üçün atamın əlindən tutdum. Əlləri qabar-qabar idi. O əllər nə ipək kimi yumşaq idi, nə də rahatlıq görmüş adam əllərinə bənzəyirdi. O əllərin hər qatında illərin yorğunluğu vardı. Sanki hər qabar bir çörək tikəsi idi, hər çat bir gecənin yuxusuzluğu, hər sərtlik bizim rahatlığımız üçün çəkilən zəhmətin izi idi. Əlim onun əlinin içində balaca bir quş kimi itmişdi. Uşaqlıqdan o əlləri həmişə güclü görmüşdüm. Mən yıxılanda qaldıran, qorxanda saçımı oxşayan, xəstələnəndə alnıma toxunan əllər idi onlar. Amma o gün ilk dəfə həmin əllərin yorğunluğunu bu qədər yaxından hiss etdim. İlk dəfə anladım ki, insanın əlləri də danışırmış…
Bir anlıq fikrə daldım. Dünyada nə qədər fərqli əl var… Bəzi əllər duaya qalxır. Səhərin alaqaranlığında bir ana əllərini göyə açıb övladı üçün dua edir. O əllərin içində qorxu da olur, ümid də. İnsan dua edəndə əlləri sanki ruhunun dilinə çevrilir.
Bəzi əllər sevgi verir. Körpəsini ilk dəfə qucaqlayan ananın əlləri kimi. Sevdiyinin üzünə toxunan bir insanın əlləri kimi. O əllər adamın içindəki qaranlığı sakitcə işığa çevirir. İnsan bəzən bir toxunuşla sağalır. Çünki bəzi əllərdə mərhəmət yaşayır.
Amma elə əllər də var ki, əziyyət verir. Qəlb qırır. Vurur, incidir. O əllər bir insanın ömründə silinməyən yaralara çevrilir. İnsan ən çox da sevgisiz əllərdən qorxurmuş. Çünki nifrətlə toxunan əllər ruhu üşüdür.
Atamın əllərinə baxdıqca düşünürdüm ki, insanın əlləri onun taleyinə bənzəyir. Kiminsə əlləri kitab qoxuyur, kiminsə torpaq, kiminsə boya, kiminsə dərman… Amma zəhmət çəkən insanın əlləri həmişə başqa olur. O əllərdə qəribə bir müqəddəslik yaşayır.
Atamın əlləri heç vaxt bahalı qələmlər tutmadı. Heç vaxt rahatlıq içində yaşamadı. Amma o əllər bizi həyata bağladı. Mənim uşaqlığımı qorudu. O əllər olmasaydı, bəlkə də bu qədər təhlükəsiz böyüməzdim.
Bir gün atam yatmışdı. Əlləri sinəsinin üstündə idi. Sakitcə yaxınlaşıb baxdım. Ovcunun içində xırda çatlar vardı. Həmin çatlara baxanda qəribə hiss keçirdim. İnsan bəzən ən böyük sevgini sözlərdə yox, qocalmış əllərdə görürmüş.
Çünki zaman insanın üzünü dəyişsə də, əllər həqiqəti gizlədə bilmir. Əllər insanın ömrünü danışır.
Məsələn, bir müəllimin əlləri mürəkkəb qoxur. Bir həkimin əlləri şəfa verir. Bir yazıçının əlləri kədəri kağıza çevirir. Bir fəhlənin əlləri isə ailəsinin taleyini daşıyır. Dünyanın bütün şəhərləri, yolları, evləri, körpüləri adsız əllərin zəhməti ilə qurulur. Amma heç kim o əllərə uzun-uzadı baxmır.
Halbuki insanın ən böyük hekayəsi üzündə yox, əllərində yazılır. Mən o gün atamın əlindən tutanda bunu anladım. Anladım ki, bəzi əllər sadəcə əl deyil. Bir ömrün yüküdür. Bir ailənin dayağıdır. Bir uşağın təhlükəsizlik hissidir. İnsan həyatda çox şey unudur, amma onu sevən əllərin toxunuşunu heç vaxt unutmur!
Müəllif: Hürzət Təhməzli



