Amerika Vyetnam müharibəsindən bəri əvvəllər olmadığı qədər bölünmüş haldadır. Liberallar və mühafizəkarlar arasında siyasi bölünmə ilə bərabər, irq məsələsi də qabarıq şəkildə özünü göstərir. “Amerikaya ilk təhdid ağdərililər tərəfindən kökləşdirilən dözümsüzlükdür” anlayışına əsaslanan irqi inkvizisiya (ağları hədəfə alan) başlanıb. Ben Şapiro qeyd edir ki, Yeni Sol Amerikanı “fanatik ağdərililərin şəfası olmayan kütləsi” olaraq təsvir etmək istəyir. Kolin Flaherti “qaradərili qurbanlaşdırma” və ya onlara qarşı “irqçi ağların müharibə apardığı” iddialarını böyük yalan adlandırır. Lakin prezident Bayden də bu yalanın müştərisi olmaqla “ağdərili üstünlüyü”nün Amerika xalqı üçün ən böyük təhdid olduğunu söyləyirdi. ABŞ artıq elə bir nöqtəyə gəlib çatıb ki, heç kəs ağdərililərdən məmnun deyil. Hətta ağdərililərin özləri belə ağdərililəri xoşlamır. “PJMedia”da Robert Spenser yazır ki, ağdərili olmaq iş imkanlarında ayrı-seçkilik və daha çoxu ilə nəticələnən sosial stiqmanı özündə daşıyır. “RealClearPolitcs”də Linn Uzzel deyirdi ki, anti-ağdərili ayrı-seçkilik institusional tələbə çevrilib. “Məktəblər və bizneslər ağdərililiyi basdırmaq, marginallaşdırmaq, deniqrasiya etmək və stereotipləşdirmək üçün kifayət qədər iş görməməkdə ittiham edilir. Ağdərililərə nifrət amerikalıların “əzənlər” (heteroseksuallar, ağdərililər və xristian kişilər) və qurbanlaşmaya məruz qalan azlıq qrupları, habelə qadınlar arasında bölündüyü Yeni Solun özünün pervert “fərqlilik” versiyası ilə obsessiyasından törəyib. Ağdərili çoxluq tərəfindən əzildikləri üçün azlıq qruplarının himayəyə ehtiyacı olduğu söylənilir. Bu, iddia olunan oppressiya tarixinə görə ağların əxlaqən inferiyor, qaradərililərin isə superiyor – üstün olduğu kollec kampusunun qurbanlaşdırma kültürüdür: əzən (oppressor) və qurban. “Big Agenda” adlı kitabında D.Horovitz yazır ki, bu, yeni şüşələrdə köhnə marksist şərabıdır. Və nəticələr də oxşar olmağa məhkumdur.
Ağdərililəri dəyərsizləşdirmək Demokrat partiyanın “modus operandi”si, yəni işləyiş tərzidir. Yarım əsr maariflənmiş irqi dözümlülüyə ikrah nümayiş etdirən demokratlar akademiya və medianın da dəstəyi ilə Ameirkanı irqi konturlar üzrə bölməyə çalışırlar. Horovitz qeyd edir ki, proqressiv liberallar və demokratlar inanırlar ki, ABŞ ilə bağlı yanlış olan şey iqtidar və təsiretmə mövqelərinə sahib olan və beləliklə də, azlıqları marginallaşdıran olduqca çox ağdərililər var. Bu, ağları iblisləşdirmək üçün keçərli arqument ola bilərmi? Əlbəttə ki, yox!
Obamanın prezidentliyindən öncəki dövrdə anti-ağdərili irqçiliyin partlayışları Lui Farrahan və Ceremia Rayt kimi ekstremistlər ilə məhdudlaşırdı. Post-Obama Amerikasında isə inkvizisiya işarələri artıq hər yerdə qabarıq şəkildə özünü göstərir.
Şimali Karolina Dövlət Universitenin professoru Kamau Kambon Harvard Universiteti Hüquq Məktəbində keçirilən paneldə “planetin səthindən ağdərililərin kökünü tamamilə kəsməliyik” deyirdi.
“1619 Project”i yaradan Nikola Hanna Cons isə “ağdərili irq modern dünyanın ən böyük qatili, oğrusu, talançısıdır” deyirdi.
Nyu-York Psixoanalitik İnstitutunda dərs deyən Donald Moss ağdərililiyi pis niyyətli, parazit hal adlandırırdı.
Çikaqonun keçmiş meri Lori Laytfut ağdərili reportyorlara müsahibə verməyəcəyini bildirirdi. Yale School of Medicine-də psixiatr Aruna Xilanani bir audirtoriya qarşısında “ağları başından güllələmək fantaziyalarının olduğunu” söyləyirdi.
Harvard Universiteti məzuniyyət mərasimində çıxışı zamanı keçmiş prezident C.Bayden məzunları “vətənimizə qarşı ən təhlükəli terrorist təhdid olan ağdərili üstünlük zəhərinə qarşı gəlməyə” çağırırdı.
Afro-amerikalı iqtisadçı Volter Villams deyir: “2016-cı il seçki kampaniyası ərzində namizəd Hillari Klinton Trampın dəstəkçilərinin yarısının “ikrah doğuranlar topluluğu” – irqçi, cinsçi, homofob, ksenofob, islamofob olduğunu iddia edirdi”. Trampın köməkçisi Stefen Miller Baydeni ağdərililərə qarşı irqçilikdə və anti-ağdərili fanatiklikdə ittiham edirdi. O əlavə edir ki, Bayden ağdərililəri Koronavirus pandemiyası zamanı təşkil olunan dəstək yardımlarında ən sonuncu yerə qoymuşdu. Habelə, bütün korporasiyalar, universitetlər, havayolu şirkətləri ağ amerikalara qarşı açıqca ayrı-seçkilik aparırlar.
Gallup şirkətinin verdiyi dataya görə, ağdərili-qaradərili münasibətlərinin yaxşı olduğu ilə razılaşan amerikalıların faiz göstəricisi son 20 ilin ən aşağı səviyyəsindədir. 2008-ci ilə qədər fərqli irqi və etnik qruplar bir-birilə çox yaxşı anlaşırdı. Obamanın prezidentliyi ilə amerikan həyatına irqi bölünmə daxil oldu. Bir qaradərili prezidentin əhəmiyyətini tanımaq əvəzinə, ABŞ irqi konflikt epidemiyasına yoluxdu. Obamanın bir-birinin ardınca verdiyi təhrikedici bəyanatlar irqlər arasındakı ədavəti şiddətləndirdi. Ağdərili imtiyaz və üstünlük ittihamları vətəndaş diskursunu inhisarına aldı.
Massaçusets ştatının Kembric şəhərində polis Harvard universitetinin afro-amerikalı professoru Henri Luis Geytsi həbs etdiyi zaman Obama məsələyə qarışaraq polisin “axmaqca davrandığını” söyləmişdi. “Reuters”ə görə, Obama bununla öz prezidentliyini polemikal irqi debatlara daxil etdi və polisi irqçilikdə ittiham edən tanınmış professorun yanında yer almaqla polis ilə qarşıdurmaları alovlandırdı. Obama bu bəyanatları ilə ictimai təhlükəsizliyə məsul olan şəxslərə qarşı yadlaşmaya səbəb oldu. Yalnız daha sonra Obama irqi anlamda qarşıdurma yaradıcı şəkildə davrandığını qəbul etsə də, amerikan cəmiyyətinə artıq ciddi bölücü zərər vurulmuşdu. Obama və baş prokuror Erik Holder qaradərililərin ağdərili oppressiv irqçi polislərin əllərində öldüyünə eyham vurmağa davam edirdi. Media da onlarla birgə hərəkət edirdi.
Cinayətkar davranışlar tərcümeyi-halına sahib olan qaradərili yeniyetmə Treyvon Martinin polis tərəfindən güllələnməsindən sonra Obama “bir oğlum olsaydı, Treyvona bənzəyərdi” deməklə qaradərililər arasında irqi düşmənçiliyi daha da alovlandırdı. Bununla amerikalılar qaradərili cinayətkarın qurban, özünü müdafiə edən ağdərilini isə cani olduğunu inanmağa manipulyasiya edildilər.
Qətlə yetirilən bir polis zabitinin dəfn mərasimində bir qrup polisə xitab edərkən Obama irqçi polisin qaradərili cinayətkarlara olduqca pis davrandıqlarını, vəzifələrindən sui-istifadə etdiklərinə işarə edən açıqlama verdi: “Bilirik ki, irqi ayrı-seçkilik, quldarlıq, hökm altına alma və Cim Krou əsrləri seqreqasiyaya qarşı qanunlar ilə aradan qalxmadı. Biz irqi qərəzin qaldığını bilirik”. Obama düşünür ki, əgər ağdərililər Tənqidi İrqi Nəzəriyyə (TİN) qarşısında səcdə etmirlərsə, bu ona görədir ki, onlar qəhvəyi və qaradərili əhalinin artımından qorxurlar. Ağdərililər TİN-in onlara qarşı səfərbər etdiyi inkvizisiya ilə uzlaşmadan xoşbəxt olmalıdır.
Obama və onun ideoloji varisləri inanır ki, ABŞ əxlaqsız “ağdərili konspirator-intriqaçılar” tərəfindən idarə olunan irqçi ölkədir. Bunu korreksiya etmək üçün bütün mövcud siyasi, iqtisadi və sosial institutlar destruksiya edilməlidir. Yeni Sol ABŞ-ı hesabat verməyən Vaşinqton bürokratları tərəfindən idarə edilən avtoritar sosial dövləti ilə əvəzləmək istəyir. “Foks Nyus Digital”ın siyasi reportyoru Aaron Kliqman bildirir: “Solçular Amerikanı heteroseksual ağdərililərdən başqa hər kəsi əzən bir şər olaraq düşünür. Onlara görə, ölkəmizi müdafiə edən hər kəs oppressiya cinayəti ortağıdır. Amerika onlar üçün sevilməli deyil, nifrət edilməli, qürur duyulmalı deyil, utanılmalı bir şeydir”.
Bu gün ABŞ-da hökumət agentlikləri də ağdərililərə qarşı agendanın müştərisinə çevrilib. Örnək olaraq, Siyetl ağdərililəri hədəfə alan irqi inkvizisiyaya başlayıb. Şəhərin İnsan Hüquqları Ofisi insanlara “öz ağdərililiyini ləğv etmək” və “irqçilik cinayətinin ortağı olmaları”nı təsdiq etmələrinə yönəlmiş ayrıca təlim sessiyası keçirir. “Özümləşdirilmiş İrqi Üstünlük və Ağdərililiyi Əngəlləmə” adı ilə tanınan sessiya “City Journal”ın naşiri K.Rufo və Taker Karlson tərəfindən ifşa edilmişdi.
Ağdərili Siyetl şəhərində işçilərə göndərilən bir elektron mesaj onlardan “ağdərili supremasist sistemdə cinayət ortaqlığı”nı yoxlamalarını tələb edir. Burada ərəb, yəhudi, fin, alman, italiyan, erməni və ya irland əsillilər də ağdərili olaraq təsvir edilir. Rufoya görə, işçilər “müxtəliflik treynerləri” tərəfindən “özümləşdirilmiş irqi oppressiya qalıqları” ilə dolu olan davranış qəlibləri nümayiş etdirməklə bağlı məlumatlandırılır.
Ağdərililiyini ləğv etməyə məcbur edilmək necə bir şeydir? Hər yerdə özünü göstərən belə treyninq sessiyalarında nə baş verir? Siyetl proqramına dəvətnamədə bu deyilir: “Biz ağdərili üstünlükçü sistemdə cinayət ortaqlığını, onu necə internalizasiya etdiyimizi və gücləndirdiyimizi yoxlayacağıq və bizi irqçiliyi əngəlləməyə qadir edəcək praktikalar inkişaf etdirməyə başlayacağıq”. Başqa sözlə, sən xoşlasan da, xoşlamasan da, “ağdərilisənsə, irqçisən” ilə razılaşmağa vadar edilirsən.
Siyetl proqramı ağdərili işçilərindən “fiziki təhlükəsizliyi”ndən və “ağdərili normativ davranış”ından vaz keçməyi tələb edir. Təlimçilər onlara “irqçilik cinayətində ortaqlığı təsdiq edən “öz-özü ilə danışma praktikası”nı öyrədirlər. Ağdərililərə aşağıdakılardan vaz keçmək tələb edilir: komfort, fiziki təhlükəsizlik, digər insanlar üzərində nəzarət, digər ağdərililər ilə münasibətlər, işin müəyyənliyi. Təlimçilərə görə, ağdərili insanlar qaradərili və digər rəngli insanlardan daha üstün olduqlarını əsaslandırmaqla irqçi sistemi funksional saxlayır. Ağdərililər bu səciyyələrdən istifadə etməklə irqi üstünlüklərini özümləşdirirlər: perfeksionizm, individualizm, təlqinetmə, paternalizm, intellektuallaşma, nəzarət, zorakılıq, komfort, koqnitiv dissonans, obyektivlik və appropriasiya.
Siyetl proqramına görə, bu səciyyələr özümləşdirilmiş irqçiliyin qalıqlarıdır və sosial-ədalət prinsipləri naminə tərk edilməlidir. “Nyu-York Magazine”in yazarı C.Çeyit aradan qaldırılmalı olan ağdərili dəyərlərin siyahısını genişləndirir: obyektivlik, rasional düşünmə, səbəb və nəticə bağlılıqları, “çox çalışmaq uğurun açarıdır”, gələcəyi planlaşdırma, məmnunluğun təxirə salınması.
K.Rufo bildirir ki, işyerində üzvləri öncədən müəyyən olunmuş bir üslubda qüsurlu olduqlarına inandırmağa çalışmaq kult proqramlaşdırma dilidir. Ona görə də, o bu təlimləri “irqi ədalət testi” və “yeni irqi ortodoksluq” adlandırır. Bu gün ABŞ-də onlarla özəl firmalar dövlət agentliklərinə “müxtəliflik təlimləri” təklif edirlər. Rufo bildirir ki, ağdərililərin aşmaq üçün özlərini proqramlaşdırmalı olduqları qeyri-şüuri, üstüörtülü qərəzə sahib olduqları ideyası bütün hökumət orqanları, məktəblər və korporat İR departamentlərinə sirayət edib, hətta irəli sürülən postulat qeyri-elmi və təsbit edilməsi qeyri-mümkün olsa da. T.Karlson bildirir: “Bu təlim sessiyaları sadəcə insanlara zərər verir. 60 il əvvəl Alabamada baş verdiyi kimi insanlara dərilərinin rənginə görə inferiyor olduqlarını söyləmək olduğu kimi, bu gün Siyetl, Yeyil və ya Qooql İqamətgahlarında yaxud da uşağınızın ibtidai məktəbində baş verənlər də eyni dərəcədə yanlışdır. İrqi əsasda insanlara hücum etmək bir günahdır və bir ölkə üçün bundan daha pis bir şey yoxdur. Onlar bunu “anti-irqçilik” kimi Orvellian anlayışlar ilə ört-bas edə bilərlər, lakin bu irqi nifrətin ən xalis formasıdır. Bu, ABŞ-ı hər şeydən daha sürətlə məhv edəcək”.
Oxşar təlim sessiyasını keçirən ABŞ Xəzinə Departamenti də öz işçilərinə “bütün ağdərili insanların irqçiliyə töhfə verdiyini” söyləyir. Amerikanın nüvə arsenalını istehsal edən “Sandia National Labs” də ağdərili kişilər üçün 3 günlük yenidən təhsilləndirmə düşərgəsi düzənləyərək onlara “ağdərili kişi kültürünü dekonstruksiya etməyi” öyrədir və rəngli insanlara və qadınlara üzrxahlıq məktubları yazmağa vadar edirdi. Daxili Təhlükəsizlik Departamenti də “ağdərili işçilərə onların “oppressor rollarına sosiallaşdırıldıqları”nın söylənildiyi “mikroaqressiyalar, mikrobərabərsizliklər və mikro-təcavüzlər” ilə bağlı təlimə ev sahibliyi edib. Hətta FBİ-in İnklüzivlik və Müxtəliflik Offisi də həftəlik olaraq “İnterseksionallıq Vörkşopları” keçirir.
“Bank of America”dakı fərqlilik təlimi də ağdərili azyaşlı uşaqların 3-5 yaşına qədər özlərində irqi qərəzlər yetişdirdiyini öyrətməklə yanaşı, ağdərili işçilərdən “əllərindəki iqtidarı, gücü rənglilərə təslim etmək” təlimatını verir. Amerikanın ağdərili üstünlükçü sistemi olduğunu və bütün amerikalıların “irqçi olmaq üçün yetişdirdiliyini” iddia edən Qooql da bir “anti-rasizm” təşəbbüsü ilə çıxış edib. Televiziya aparıcı Con Stossel ağdərili iştirakçıları “daha az ağdərili olmağa çalışmağa” məcbur edən “Koka-Kola” fərqlilik təlimi barəsində xəbər verirdi: “Daha az ağdərili olmaq, daha az oppressiv, daha az təkəbbürlü, daha az əmin, daha az cahil, daha çox təvazökar olmaq deməkdir”. Başqa sözlə, bu yalnız dəri rənginə əsaslanmaqla adıçəkilən şirkətin ağdərili işçilər üzərinə ikrah doğuran hücumudur. Erik Smit bildirir ki, burada diqqət yetiriləsi əsas məqam ağdərililəri mümkün olduğu qədər çox şeytaniləşdirməkdir. Qeyd olunan təlimlər irqi duyarlılığın deyil, irqi indoktrinasiyanın örnəkləridir.
Ağdərililərə qarşı təlimlər kampuslarda böyük biznesdir. “Ağdərili Kişilər üçün Heç Bir Kampus” adlı kitabında S.Qrier yazır ki, bu günün universitetlərində identiklik siyasətinin dəstəklənməsi ağdərililərə qarşı getdikcə güclənən hüdudsuz nifrət ilə iç-içə keçib.
“Tənqidi ağdərili tədqiqatları” sahəsində öncül tədqiqatçılardan olan Barbara Epplbaum öz kitabında bu irqi metafizikanı təsvir edir: “Tənqidi ağdərili tədqiqatları ağlığın və onunla assosiyasiya edilən imtiyazlarının əksər ağdərili insanlara görünməz olmasının qəbulu ilə başlayır. Ağlığı üstün mövqeyindən məhrum etmək üçün ağdərililik görünməz ediləni görülə bilən etmək naminə tədqiq edilməlidir. Bu perspektivdən, irqçilik essensial olaraq bir ağdərili problemidir. Ona görə də, ağdərililər üçün ağdərililiyi vurğulamadan və onun necə işlədiyini başa düşmədən sistematik irqçiliyi dərk etməsi qeyri-mümkündür”.
Epplbaum bildirir ki, bütün ağdərili insanlar psixoloji iblisanəliklər klasterinə yoluxub. Ağdərili cəhalət, ağdərili cinayət ortaqlığı, ağdərili imtiyaz, ağdərili inkar və ağdərili üstünlükçülük. Fərdi ağlar özlərinin əxlaqi xeyirxahlığı üzərində təkid edə bilərlər, lakin həqiqət odur ki, bütün ağdərililər “var olmanın ağdərili tərzindən ayrılmaz” olan sistemik ağdərili imtiyazına görə sistemik irqi ədalətsizliklərin produksiyası və reproduksiyası ilə birbaşa bağlılığı var. Başqa sözlə, Epplbaum qeyd edir ki, “bütün ağdərililər irqçidir”, ən azından fərdi xarakter, davranış və inancları nə olmasından asılı olmayaraq irqçilik ortağıdır. İrqçilik ağdərililiyin ontologiyasına həkk olub. Bu, cəmiyyətin oppressiv strukturlarından qaynaqlanan və həm də onu dəstəkləyən bir kollektiv psixoloji haldır.
Belə bir sistemdə nə edilə bilər? Epplbaum və digər təqidi pedaqoqlara görə, irqçiliklə mübarizə etiraf ilə başlayır. Bəziləri bunu sadəcə belə təsvir edir: “Ağdərililər üçün ilk böyük addım onların irqçi olduqlarını qəbul etmək və daha sonra bununla bağlı nə etmək üzərində düşünmək olardı”.
Bu gün ABŞ-da ağdərili Avropa mənşəlilər “digər hər kəsin oppressoru” kimi stiqmatizasiya olunsa da, məhz onlar Amerika dövlətini qurublar, məhz onlar quldarlığa son qoyublar, ölkənin siyasi-iqtisadi gücünün mühərriki məhz onlardır. Ağdərililərə qarşı diskriminasiya onillər əvvəl qaradərililərə qarşı aparılan ayrı-seçkilik qədər pisdir, qəbulolunmazdır. Ağdərililərə qarşı bütün sferalarda aparılan müharibə neomarksist Vouk ideologiyanın Amerika üçün hazırladığı destruktiv planın mühüm tərkib hissəsidir.
Ədəbiyyat və istinadlar:
- https://www.commonlit.org/en/texts/president-obama-s-remarks-on-trayvon-martin-ruling
- https://nypost.com/2021/06/04/nyc-pyscho-fantasizes-about-shooting-white-people-in-yale-talk/
- https://www.diverseeducation.com/faculty-staff/article/15081190/former-nc-state-instructor-says-exterminate-white-people
- https://www.usatoday.com/story/news/nation/2021/05/20/chicago-mayor-lori-lightfoot-journalists-interviews/5192857001/
- Ed Brodow., The War on Whites, TousDroit Publishing, 2023
- David Horowitz., Big Agenda, Humanix Books, 2017
- Christopher Rufo., American Cultural Revolution, 2023, Kindle edition
- Barbara Applebaum., Being White, Being Good, 2010, Kindle edition