Xəbərlər

Bakıda TDT QHT-lərinin II Həmrəylik Forumu keçirilir

Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Həmrəylik Forumu keçirilir.

“Füyuzat” xəbər verir ki, tədbir “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı, TDT-yə üzv ölkələrin QHT-lərinin Platformasının tərəfdaşlığı ilə baş tutur.

Forumda Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunu icraçı direktor Pərviz Əmirov təmsil edir. Türk dünyasında vətəndaş cəmiyyəti institutları arasında mədəni və sosial inteqrasiyanın müzakirə olunduğu bu tədbirdə MİMTA Fondu ortaq mənəvi dəyərlərin birgə layihələr vasitəsilə qorunmasını və gələcək nəsillərə ötürülməsini əsas prioritet kimi ön plana çəkir.

Forumda 8 ölkədən — Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstandan vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak ediblər. Tədbir çərçivəsində ilk dəfə Azərbaycan-Qırğızıstan, Azərbaycan-Türkmənistan və Azərbaycan-Şimali Kipr QHT-lərinin I Əməkdaşlıq forumları da gerçəkləşdirilir.

Qeyd edək ki, son altı ayda artıq ikinci dəfədir TDT-yə üzv ölkələrin QHT-ləri Azərbaycanda toplaşır.

Platformanın əsası 2025-ci ilin noyabrında Bakı və Naxçıvanda keçirilmiş I Həmrəylik Forumunda qoyulub və hazırda quruma rəhbərlik Azərbaycana həvalə edilib.