
Sakaryada Universiteti Kampüsü, Oktyabr, 2014
“Fuyuzat.az”da başladığım şəhər yazılarının növbəti məkanı Türkiyənin Mərmərə bölgəsində yerləşən Sakarya şəhəridir. Sakarya şəhəri həm elm insanı kimi məni yetişdirdiyi, həm də oğlum Murad Vəlinin dünyaya gəldiyi şəhər olduğu üçün ailəmizdə özünəməxsus yerə sahibdir.
2013–2014-cü il akademik tədris ilinin sonuna doğru Dövlət İdarəçilik Akademiyasında magistr təhsilimi bitirməyə hazırlaşarkən xaricdə doktorantura imkanlarını araşdırmağa başlamışdım. Magistr təhsili gözləntilərimi qarşılamadığından ingilis dili sertifikatı alıb anglo-sakson, yaxud ingilis dilində tədris imkanı olan ölkələrdə təqaüd imkanları ilə maraqlanmağa başlamışdım. Ancaq Türkiyə Bursları ilə Konyada doktorantura təhsili alan dostumun təşfiqi ilə onsuz da könlümdə özünəməxsus yeri olan Türkiyəyə yönəldim.
Etiraf etməliyəm ki, ABŞ, Birləşmiş Krallıq kimi ölkələrə getməyi planlaşdırdığımdan Türkiyə Burslarına müraciəti könülsüz etdim. Bununla belə sənədləri tamamladım. İlkin mərhələdən sonra 2014-cü ilin mayında Türkiyə Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Prof. Birol Akgünün qəbulu üçün gedəcəyim səfirliyə dəvət olundum. Müsahibədən çox Türkiyə dövlətinə aid səfirlikdə olmaq mənim üçün daha anlamlı idi.
Uzun proses nəticəsində doktorantura təqaüdünü qazandığımı; təhsilimi isə Türkiyə Respublikası Sakarya Universiteti Sosial elmlər institutu, Siyasi elmlər fakültəsi, Siyasi elm və dövlət idarəçiliyi kafedrasında davam etdirəcəyimə dair elektron məktub aldım. Beləliklə, 2014-cü ilin sentyabr ayında əvvəlcə İstanbula, oradan da əvvəllər xəbərdar olmadığım, sonra isə həyatımın geri qalanında özünəməxsus yer tutacaq Sakarya şəhərinə yollandım. Sakarya şəhərinə Aralıq dənizini qərbdən şərqə doğru ayıran boğazı keçərək pənah apardım. Üç il yarım yaşayacağım Sakarya Universiteti kampüsündəki ilk anımı və təəccübümü bugün belə xatırlayıram. Yataqxanaya yerləşdikdən sonra uzun, məşəqqətli, öyrədici Sakarya illəri başlamış oldu.

Sakarya Universiteti, dövlət yataqxanası (Sabahattin Zaim, Erkek Öğrenci Yurdu – KYK)

3,5 il qaldığım yataqxanada iş masam… (2016)
Foto Somalidən otaq yoldaşım Məhəmməd Amin tərəfindən çəkilib.
Türk bayrağının da hekayəsi var. Belə ki, yay tətillərində yataqxanada, adətən, əcnəbi tələbələr qalırdı. Həmin yay tətillərinin birində bu bayrağı yerdə gördüm və alıb otağımdan asdım.
İlkin olaraq Türkiyəyə yüksək təhsil arxacınsa gedən əksər azərbaycanlıların etdiyi səhvi etməmək üçün Türk dilində bir semestr təhsil aldım. Həmin prosesdə və doktorantura təhsilim prosesində türk dilinin fərqliliyini əyani olaraq təcrübə etdim. Misal üçün aşağıdakı cümləni azərbaycanlı bir doktorantın qavraması olduqca çətindir:
Siyaset bilimi soyut ve somutluluğu içeren, kökleri kadime dayanan, ancak modern bilimsel devrimin gölgesinde vuku bulan, görece yeni bilim sahasıdır.
Türk və Azərbaycan dilləri linqivistik olaraq eyni kökdən gəlməklə bərabər, xüsusilə akademik olaraq ayrı bir dildir. Bir semestrlik türk dili təhsili türk-Azərbaycan dilləri arasındakı yaxınlığa baxmayaraq, akademik olaraq hər iki dil arasında ciddi fərqlər olduğunu göstərdi. Türkiyə ilə ilkin tanışlıq buradan başladı, deyə bilərəm. Qısa türk dili tədrisi sayəsində Türk və İslam dünyasından, Avropadan təhsil üçün, hətta İran kimi şərq ölkələrindən qaçqın kimi gələn insanları tanımaq fürsətim oldu. Belə demək mümkündürsə, Türk və İslam dünyasından olanların üstünlük təşkil etdiyi tələbələrlə (bakalavr, magistr, doktorantura) bərabər eyni şəhərdə, kampusdə yaşamaq çox dəyərli bir təcrübə oldu. Bu təcrübə məhz Türk dili tədrisi mərkəzində başladı. Xatırlayıram, ali təhsilin müxtəlif pillələri üçün Sakarya Universitetinə gəlmiş tələbələr Balkan ölkələrindən Monqolustana, oradan Cənubi Amerikaya (bir nəfər idi) qədər geniş coğrafiyanı təmsil edirdilər.

Türk dili (TÖMER) təhsili aldığımız qrup: Azərbaycan, İran, Qazaxıstan, Özbəkistan, Makedonya, Albaniya, Tayland, Əfqanıstan, Gürcüstan, Monqolustandan olan bakalavr, magistr və Ph.D. tələbələri
Beləliklə, uzunmüddətli Türkiyə həyatım başlamış oldu. Bir smestrlik türk dili təhsilim müddətində universitetlə, xüsusilə sonralar daimi sakini olacağım kitabxana ilə tanış olmağa çalışdım.
Kitabxana modern universitetlərin ayrılmaz bir parçasıdır. Türkiyədə çağdaş dünya prinsiplərinə uyğun universitet qurmağı bacarıblar. Belə ki, universitet kitabxanasından istifadə, kitabların seçilməsi, kitabxana ətrafında sosiallaşmaq üçün ekosistemin yaradılması və təhsil aldığım universitetdə kitabxananın 7/24 istifadəyə açıq olması mənim üçün yeni bir hadisə idi. Çünki bakalavr və magistr təhsili aldığım təhsil müəssisələri Azərbaycanın aparıcı universitetləri olmasına baxmayaraq, kitabxana sistemi ötən əsrin təcrübəsinə uyğun qurulduğundan Türkiyədəki yenilik mənim üçün inqilab idi…
Əlbəttə, o dövrdə Xəzər Universiteti kimi kitabxanasını çağdaş prinsiplərə görə quran, həmçinin yenicə qurulmuş ADA Universiteti mövcud idi. Lakin bu yeni anlayış kütləvi hal almamışdı. Hətta bu gün belə universitetlərdə tələblərlə ayaqlaşan universitet kitabxanası olduğunu demək müşkül məsələdir.

Doktorantura təhsilimin son dövrlərində kitabxanada işləyərkən Nigerli dostum Məhəmməd Muxtar tərəfindən çəkilmiş şəkil (təx. 2019)
Təhsil həyatımda əksikliyini çəkdiyim ən önəmli məsələ yataqxana əksikliyi idi. Gəncədən gəlib Bakıda təhsil alarkən yataqxanada yer tapmaq mümkün olmamışdı. Açığı yataqxanaların şəraiti, ekosistemi də tələbələr üçün çox da əlverişli deyildi. Şübhəsiz, torpaqların işğalı və Qarabağdan Bakıya sığınmış vətəndaşların yataqxanalarda yerləşdirilməsi anlaşılan idi. İşğalın ağrı-acısını yaşayan soydaşların barınma ehtiyacı dövlət tərəfindən qarşılanmalı idi. Belə olan halda sovet dövründə formalaşmış yataqxana anlayışı kiçik istisna ilə işlək vəziyyətdə deyildi. Təhsil aldığım BDU yataqxanası ümumilikdə məcburi köçkünlər üçün ayrılmışdı.
Ancaq Türkiyədə bu məsələ dövlət və özəl yataqxana sistemi ilə böyük ölçüdə həll edilib. Digər tərəfdən həm yataqxanalar, həm də universitet kampusları oxumaqla yanaşı, asudə vaxtın keçirilməsi üçün də nəzərdə tutulub. Misal üçün yataqxana və kampuslarda istirahət məkanlarının olması və tələbələrin xüsusilə kampuslardakı sərbəstliyi gənclərin sosial, psixoloji baxımdan yetişməsində həlledici rol oynayır.
Başqa bir məsələ: universitet daxilindəki klublar və kafedralar ölkə daxilində öz sahəsində fərqlənən yazar, elm insnanlarının tələbələrlə görüşünü təşkil edirdilər. Sakarya Universiteti və Sakarya Böyük Şəhər Bələdiyyəsinin ortaq fəaliyyəti nəticəsində Sakaryadan və Türkiyənin digər universitetlərindən elm adamlarının seminarlarının, sərgilərin, konsertlərin təşkil edildiyi ayrı bir məkan mövcud idi. Bələdiyyə universitetə şəhər parkında xüsusi bir məkan ayırmışdı. Həmin məkanda Bilgi Kültür Mərkəzi fəaliyyət göstərirdi. Təhsil aldığım illərdə aktiv şəkildə seminarlar, sərgilər təşkil edilirdi. Universitetdən kənar təşkil edilən bu seminarlar, sərgilər, konsertlər fərdi inkişaf üçün son dərəcə əhəmiyyətli idi.
Doktorantura təhsilimin iki semestri ərzində toplamda 10 dərs götürməli idim. Ancaq doktoranturada aktiv mütaliə Azərbaycanda magistr təhsilinin mənə hər hansı bir yenilik vermədiyini acı bir şəkildə göstərmiş oldu. Bu səbəblə dərs müddətini uzadıb, üç semestrə yayıb könüllü şəkildə fəlsəfə, sosiologiya professorlarının dərslərində iştirak etdim. Dərs prosesi ərzində İstanbul, Ankara, İzmir, Bursa, Konya kimi şəhərlərdə həm tanınmış professorların, filosofların seminarlarını dinlədim, həm də müxtəlif layihələrdə iştirak etdim.
Dərslərdə seçmək haqqı ilə yanaşı, professorların dərsə ciddiyyəti, dərslərdəki müzakirələrin və imtahanların ciddiyəti mənim üçün yenilik idi. Çünki Azərbaycanda bu şəkildə bir doktorantura təhsil anlayışı yox idi. Hələ də oxşar bir anlayışın təşkili üçün çalışırıq…

Dərsdən sonra müəllim, Dos. Nəbi Miş və yoldaşlarla (2016)
Nəbi Miş hazırda Türkiyənin aparıcı beyin mərkəzi olan “SETA Foundation”un rəhbəridir
İndi isə müdafiə və diplom alma prosesindən yazmaq istəyirəm. Məlumdur ki, Azərbaycanda hələ də bu məsələ həll edilmədən qalır. Siyasi elmlər üzrə fəlsəfə doktorluğu elmi dərəcəsini almaq üçün “Çarlıq dövrü Azərbaycanının millətləşmə prosesi: 1850–1920” mövzusunda dissertasiya yazdım və müdafiəm yekdilliklə qəbul edildi. Dissertasiya yazarkən universitetin zəngin kitabxanası ilə yanaşı, İstanbul və Anakaradakı kitabxanalarda oldum, onlayn olaraq mövcud olan dissertasiya işlərini oxudum. Ümumən, günümün ortalama 12–14 saatını oxumaq, yazmaq, düşünməklə məşğul idim. Bu vaxtın böyük əksəriyyətini isə universitetin Süleyman Dəmirəl Adına Mərkəzi kitabxanasında keçirirdim.
Türkiyədə universitetlər mərkəzi olaraq Yüksək Ali Təhsil Şurasına (Yüksek Eğitim Kurumu) bağlı olmaqla bərabər, daxildə olduqca ciddi muxtariyyətə sahibdir və bu muxtariyyət də kafedra və dekanlıqlar nəzdində genişləndirilmişdir. Hətta müəllimlərin haqları institusional olaraq müəyyən edilib. Bu sistem içində universitetlər diplom vermək səlahiyyətinə sahibdir. Mənim müdafiəm Covid-19 pandemiyasının kəskin dövrünə təsadüf etdi. Bununla da müdafiəm onlayn olaraq elmi rəhbərim Prof. Bünyamin Bezci və Sakarya Universiteti Sosial elmlər universitetinin təşkilatçılığı ilə baş tutdu və 2 saat davam etdi. Müdafiədə Sakarya Universitetindən Prof. Bünyamin Bezci (elmi rəhbərim), Prof. Mustafa Kamal Şan və Dos. İrfan Haşlak, Karadeniz Texniki Universitetindən Prof. Hüseyn Sadoğlu, Karabük Universitetindən isə Dos. Əli Əsgər onlayn qoşularaq iştirak etdilər. İki saatlıq müdafiə və qısa düzəlişlərdən sonra dissertasiyamı Sosial elmlər institutuna təhvil verdim və iki həftə sonra 28.08.2020-ci il tarixdə diplomumu universitetdən aldım. Halbuki Azərbaycanda hələ də universitetlər müdafiə şurasını təşkil edə bilmədiyi kimi, qısa zamanda və ya ümumiyyətlə diplom da verə bilmir. Bunun üçün sistemin yeni kadrlarla təmin edilməsi, qurumların yenilənməsi zəruridir. Dövlətin tədricən müvafiq nazirlik və qurumlar vasitəsilə bu işi görməyə çalışdığını demək mümkündür. Ali təhsil məsələləri ilə bağlı yaradılan yeni agentliyin bu mənada funksional olacağına ümid edirəm!

Diplomu aldıqdan sonra oğlum Murad Vəli ilə (2020).
Yuxarıda isə Sakarya Universitetindəki ilk şəkil (2014).

Covid-19-un şiddətli məhdudiyyəti altındakı onlayn müdafiədən (20.07.2020).

Müdafiə (onlayn) prosesi, müdafiədən sonra elmi rəhbərim Prof. Bünyamin Bezci ilə Sakarya Universiteti Diaspora Araşdırma Mərkəzindəki ofisində.
Bir doktorant üçün ən önəmli məsələ, şübhəsiz, elmi rəhbəridir. Elmi rəhbər institutu çağın şərtlərinə görə olmalıdır. Mənim elmi rəhbərim mövzumun müəyyən edilməsi, yazma prosesi, məqalə nəşri, müdafiə daxil olmaqla daim mənə dəstək oldu. Lakin prosesin başından etibarən bu işin mənim olduğunu, ona görə mənim qərar verməli olduğumu söyləyərək kifayət qədər də sərbəstlik verdi. Çünki Türkiyədə sistem bu çərçivədə qurulub. Universitet doktoranta görə elmi rəhbərə müəyyən məvacib ödəyir. Doktorantın uğurlu olması uzun perspektivdə elmi rəhbərə fayda gətirir.
Doktoranturada tədris prosesi üzərində durmaq istədiyim bir digər məsələdir. Bilindiyi kimi universitet üçün əsas, ilkin məsələ keyfiyyətli tədrisdir. Paralel olaraq azad, sərbəst tədris metodu bu günün dünyasında keyfiyyətli tədris üçün digər bir şərtdir. Doktorantura təhsilim çərçivəsində müəllimlərin doktorantlara qarşı olan münasibətləri bu çərçivədə idi. Sakarya Universitetində doktorantura prosesində məcburi dərsləri fərqli departamentlərdən seçməklə yanaşı, fəlsəfə başda olmaqla, müxtəlif kafedralarda könüllü olaraq dəsrlərdə iştirak etdim. Bununla yanaşı, İstanbul, Ankara, İzmir, Konya kimi şəhərlərdə müxtəlif seminarlarda, konfranslarda da iştirak etdim. Bunlar arasında İstanbul Mədəniyyət Universitetində Prof. İhsan Fazlıoğlunun “Klasik Türk Düşüncəsi” dərsləri, Filosof Dücanə Cündioğlunun seminarlarını xüsusilə qeyd etməliyəm.
Doktoranturada dərslərin təşkili isə yenə tamamilə fərqlidir. Azərbaycan bu məsələdə ciddi yol qət etməlidir. Misal üçün Demokratiya nəzəriyyəsi dərsində kitablarını oxuduğumuz Robert Dahl və Sartorinin əsərləri türk dilinə illər əvvəl tərcümə edilmişdi. Yəni bu iş üçün müvafiq elmi ədəbiyyatın tərcüməsi də zəruridir.
Təhsil prosesinin sonunda müdafiə etdiyim dissertasiya mövzum elmi rəhbərimin də tövsiyyəsi ilə Azərbaycan cəmiyyəti üçün aktual bir mövzu oldu.

Fəlsəfəci Dücanə Cündioğlunun İstanbuldakı seminarından (2015).


1. Şəkil: Mənim fikrim əsasında “Quyu” Jurnalının Cümhuriyyətin 100 illiyinə hazırlanmış xüsusi “İstiqlal” nömrəsi; 2. Şəkil Dissertasiyam əsasında türk, Azərbaycan və fars dillərində nəşr edilən monoqrafiyam.
Müdafiədən sonra Türkiyə Notları Nəşriyyatı dissertasiyamı kitab olaraq nəşr etməyi təklif etdi. Beləliklə, müdafiədən sadəcə aylar sonra dissertasiyam “Azerbaycan’da Milliyetçilik” (2020) başlığı ilə nəşr edildi. Monoqrafiya sonradan Azərbaycan və fars dillərində də nəşr edildi.
Doktorantura təhsili təcrübəmə əsasən, yazacaqlarımı burada tamamlamaq istəyirəm. Xüsusilə, sosial elmlər sahəsində elmlə məşğul olmaq istəyən gənclərin istər ölkə daxilində, istər xaricdə olsun, vaxtlarını səmərəli keçirtmələrini arzu edirəm. Vaxtın 70 faizini oxumaq, tədqiqat üçün ayırmaqla yanaşı, geri qalanını da gəzmək, əylənmək üçün nəzərdə tutmaq zəruridir. Hər halda Azərbaycanın çağdaş prinsiplərlə yetişəcək yeni nəsil elm insanlarına ehtiyacı olduğu açıqdır. Bu mənada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təsis etdiyi müvafiq təqaüd programının yaxın gələcəkdə meyvəsini verəcəyini düşünürəm. Bunun üçün daxildə elm, tədqiqatla bağlı hüquqi və iqtisadi bazada dəyişiklik etmək lazımdır.
7 ilə yaxın yaşadığım Sakarya şəhərinə dair ilkin yazı Sakarya Universiteti ilə məhdudlaşdı, növbəti yazı isə Sakarya şəhəri və insanına dair olacaq…
Orxan Vəliyev



