Prof. İlbər Ortaylı və Qalatasaray Universiteti
Ötən həftəni (19–24 aprel, 2026) Qalatasaray Universiteti beynəlxalq münasibətlər kafedrasının dosenti və strateji araşdırmalar mərkəzinin müdiri dos. Tolqa Bilenerin dəvəti ilə Qalatasaray Universitetində keçirtdim. Beləliklə, hər səmtinə 70 yazı yazmaq mümkün olan İstanbul haqqında növbəti yazı imkanı doğmuş oldu. Bu səfəri universitetin yerləşdiyi Beşiktaş və qonaqladığım Bəyoğlu səmti ilə məhdudlaşdırdım. Bəyoğlu səmti bir çox mədəniyyətlərin izini daşıyan müstəsna bir məkandır. Beşiktaş səmti isə xüsusilə universitetin yerləşdiyi Çırağan caddəsi Osmanlı dövlətinin son dövrünün saray binaları ilə məşhurdur. Belə ki, Qalatasaray universiteti də məhz saray binalarında yerləşmişdir.
Qalatasaray adı Azərbaycanda təbii olaraq futbol komandası ilə məşhurdur. Lakin Qalatasaray adının izləri Osmanlı dövrünə qədər gedib çıxır. İnanca görə Qalatasarayın kökləri hətta on beşinci əsrə qədər gedib çıxır. Lakin daha konkret olan odur ki, 1868-cü ildə Osmanlı sultanı Əbdüləzizin iştirakı ilə dövlətə aid Qalatasaray liseyi yaradılmışdır. Fransız dilində təhsil verən Sultan məktəbi (Mektebi Sultani) digər dillərdə təhsil verib həmin ölkələrin təsirində olan məktəblərlə rəqabət aparmaq üçün məhz dövlət tərəfindən yaradılmışdır. Yəni Qalatasaray başlanğıcından etibarən dövlətə aiddir. Cümhuriyyət yaradılandan sonra təhsil fransız dilində davam etməklə bərabər türk dilinin hakimiyyəti, rolu artmışdır. 1990-cı illərin əvvəlində isə Prezident Turqut Özal və Fransua Mitteran arasında imzalanan sənəd əsasında 1992-ci ildə, əsasən, fransız dilində təhsil verəcək Qalatasaray Universiteti yaradılmışdır. Universitet Dolmabaxçanın yerləşdiyi sahil boyunda keçmiş Osmanlı saray binalarında öz fəaliyyətinə davam etməkdədir.
Ümumən Qalatasaray Universiteti ənənəyə bağlı olaraq, əsasən, fransız dilində təhsil verir. Bu, Türkiyə üçün özünəməxsus bir imkan yaradır. Belə ki, anqlo-sakson metod əsasında fəaliyyət göstərən Boğaziçi Universiteti ilə yanaşı fransız ekolundan bir universitetin dövlət tərəfindən təsisi türk bürokratiyası, diplomatiyası və akademiyası üçün dünyanı fərqli çərçivədən dəyərləndirmək imkanı olan kadrların yetişmək imkanı deməkdir. Fransızların məlum olduğu kimi anqlo-saksonlar qarşısında özlərinə məxsus bir metodologiyasının olduğu qlobal olaraq bilinir. Belə ki, tarixən ingilislər qarşısında özlərinə məxsus kimlik qazanmaq istəyən, məğlubiyyəti qəbul etməyən fransızlar özlərinə “böyük millət” (La-Grande Nation) adını vermişlərdir. Digər tərəfdən on doqquzuncu əsr məhz fransız dili əsri olmuşdur. O səbəblə istər Osmanlı, istərsə də rus modernziyasiyası, əsasən, fransız dili və qurumları vasitəsilə baş vermişdir. Məhz buna görədir ki, Tolstoyun “Hərb və Sülh” romanında zabitlər, əsasən, fransız dilində danışırlar. Qısası, fransızların elit, bəzən yuxarıdan baxan bir kültürü var. Qalatasaray Universitetində də bunu müşahidə etmək olar ki, bu ənənə dövlətə, xüsusilə diplomatiyaya elit, peşəkar diplomatlar yetişdirmək və anqlo-sakson hakimiyyəti balanslaşdırmaq üçün alternativ rolunu oynayır. Universitet prinsipial olaraq 2000-ci yerdən sonrakı namizədləri tələbə kimi qəbul etmir. Bu isə 90 milyonluq Türkiyə üçün olduqca yüksək göstəriciyə sahib tələbələrin qəbulu deməkdir. Yəni Qalatasaray Universiteti prinsiplərinə sadiq qalmağa davam edir və dövlət də bu prinsiplərin qorunmasına öz töhfəsini verir.
Qalatasaray ziyarətimin əsas motovisiyalarından biri də məhz bu yaxınlarda vəfat etmiş professor İlbər Ortaylının çalışdığı qurumda olmaq imkanı idi. Məlumsur ki, İlbər Ortaylı Ankara Universiteti Siyasi elmlər fakültəsindən sonra İstanbulda, əsasən, Qalatasaray Universitetində çalışmış və oradan təqaüdə çıxmışdır. Çünki Türkiyədə təqaüd yaşını tamamlamış elm adamları dövlət universitetində fəaliyyətini tamamlayıb özəl universitetlərdə fəaliyyətlərinə davam edirlər. Qalatasaray Universiteti Aralıq dənizi sahilindəki kampusun meydanında İlbər Ortaylı üçün çox dəyərli vida mərasimi təşkil etmişdi. Dəvətli çıxışçılar professor Ortaylının həyatını, xidmətlərini özünəməxsus şəkildə təsvir etmişdilər. İlbər Ortaylı vəfatından uzun illər əvvəl təqaüd yaşından ötrü ayrılmasına baxmayaraq, universitet onun adını çalışdığı ofisdə mühafizə etməyə davam edir.
Səfər çərçivəsində universitetin Beynəlxalq əlaqələr şöbəsi və Beynəlxalq münasibətlər kafedrasının müəllimləri ilə tanışlıq imkanım oldu. Mühazirəm isə yenə kafedranın türk, fransız, yunan tələbələrindən mütəşəkkil magistr tələbələrinə oldu. Polşanın Vroslav Universiteti və Tiflis Dövlət Universitetlərindəki mühazirələrimdən sonra növbəti keyfiyyətli auditoriya qarşısında çıxış etməkdən son dərəcə məmnun oldum. Burada akademik təşəbbüslərimizi və aldığımız dəvətləri dəstəkləyən Xəzər Universitetinin rəhbərliyinə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Xəzərin malik olduğu akademik azadlıq və bürokratik çeviklik universitetə və onun akademik heyətinə Azərbaycan ali təhsil sistemində özünəməxsus status qazandırıb.
Qalatasaray Universitetindəki akademik fəaliyyətlə yanaşı şəhərin planladığım məkanlarını ziyarət etməyə də fürsətim oldu. Gəzinti, əsasən, bir neçə min illik mədəniyyət hafizəsinə sahib Bəyoğlu səmti (cihangir, taksim, karaköy vs.) ətrafında oldu. Bu çərçivədə Bəyoğlu səmtində yaşayan və səmtin qədim tarixinə dair zəngin biliyə sahib həmkarım, dostum dos. Tolqa Bilenerə xüsusi təşəkkür etməliyəm. Əslən istanbullu (Üsküdar) olan Dosent Bilenerin ulu babasının və atalarının Cümhuriyyətə gedən yolda xüsusi xidmətləri də olmuşdur. Taksim caddəsində Qalatasaray liseyinin qarşısındakı asılan dövrün “yunan” bayrağına öz təbirincə etirazın bildirmiş və işğal dövrünün ingilis həbsxasına (şəkillər arasında bax) göndərilmişdir. Cümhuriyyət dövründə isə ailə yenə cümhuriyyətə xidmətə davam etmişdir. Bir müddət türk bayrağı tikişi ilə məşğul olan ailənin Cümhuriyyətin 10-cu ilinə aid tikilən bayraq və tikiş maşınını (şəkillər arasına bax) görmək fürsətim oldu.
Burada kiçik bir haşiyəyə çıxaraq deməliyəm ki, İlbər Ortaylının məzarını ziyarət emtək üçün fatih səmtinə getməli oldum. Lakin Fatihin də dəfn edildiyi tarixi məzarlıq təmirə bağlandığından ziyarətim mümkün olmadı. Məzarlıq mütəmadi ziyarətə açıq olduğundan təmir ehtiyacı üçün ziyarətə bağlanmışdı. İlbər Ortaylının və müəllimi professor Halil İnalcığın məzarını ziyarət bir sonrakı İstanbul səfərinə qaldı. Ancaq məzarlığın girişində yerləşən Fatih Sultan Mehmetin türbəsində sadə türk vətəndaşlarının böyük sədaqət və bağlılıqla dua etmələri, Quran açıb oxumaları Türkiyədə dövlət-cəmiyyət birliyinə dair çox şey deyirdi. Məlumat üçün bildirim ki, prezidentin xüsusu qərarı dəfn mümkün olan məzarlıqda Cümhuriyyət dövründə cəmi on nəfər dəfn edilib və professor Ortaylı onuncu olub. Bu türk dövlətinin xidməti olan insanlara verdiyi dəyərin göstəricisidir.
Bəyoğlu səmtinin məşhur hissəsi Taksim caddəsidir. Taksim sözü Osmanlıcadan gəlib və o on doqquzuncu əsrdə Tərkoz gölündən İstanbula gələn suyun paylaşdırıldığı yer deməkdir. Əsasən, Osmanlı dövrünün modernizasiya mərhələsinin və cümhuriyyət dövrünün yaşayış binaları və qədim məbədlərdən ibarət olan bəyoğlu səmti insanı özünə cəlb edir. Həmin bina indi Cümhuriyyət muzeyi olaraq fəaliyyət göstərir. Adətən, səfərim çərçivəsində muzey ziyarətini daxil etməyə çalışıram. Bu dəfə Cümhuriyyət muzeyi ilə yanaşı Dəniz muzeyini (1897) də ziyarət etmək imkanım oldu.
Ancaq 1960-cı illərdəki sənayeləşmə ilə kənddən şəhərə köç nəticəsində Bəyoğlu səmtinin Osmanlı son dövr möhtəşəm memarlıq nümunələrinin yerini qismən bədii, estetik dəyərdən məhrum binalar almışdır. Buna baxmayaraq Bəyoğlu səmti istər memarlıq, istərsə də tarixi nöqteyi-nəzərdən dəyərini mühafizə etməyə davam edir.
Bu dəfəki İstanbul (Bəyoğlu) səfərini Karaköy İstanbul kitabçısındakı çay fasiləsilə tamamladıq…

1933-cü ilə aid olan və yuxarıdakı tikiş maşını ilə Türkiyə Cümhuriyyətinin 10-cı ilində tikilmiş Türk bayrağı. Professor Tolqa Bilenerin həmin tarixlərdə bu işlə məşğul olan ailə böyüklərindən qalan xatirə.

Taksim, Cümhuriyyət abidəsi və Taksim məscidi.

İstanbul bələdiyyəsi mart ayında vəfat edən professor İlbər Ortaylının şərəfinə bir avtobusu onun şəkil və sözləri ilə dizayn edib. Bu, Türkiyədə ilk belə təşəbbüs olmuşdur.


Fatih Sultan Məhəmməd Məscidi və İlbər Ortaylının da dəfn edildiyi Fatih Həzirəsi.

Qalatasaray Universiteti kampusu, professor İlbər Ortaylı üçün vida mərasimi keçirilən meydan.

Fatih məscidi, namaza hazırlıq görən (dəstəmaz) türklər…

Qalatasaray Universiteti, Beynəlxalq münasibətlər kafedrasının magistrantlarına mühazirədən.

Dosent Tolqa Bilener ilə Qalatasaray Universiteti kampusunda.

Professor İlbər Ortaylının adı çalışdığı otağın girişində mühafizə edilir.

Dəniz Muzeyi, Beşiktaş, İstanbul (1897).

Mühazirədən sonra dosent Tolqa Bilener, türk, azərbaycanlı, fransız, belçikalı və yunan tələbələrlə.

Qalatasaray Universitetinin təşəkkür hədiyyəsi.

Qalatasaray Universitetindən professor Ali Faik Demir Pelin Çift ilə yazdıqları “Türklərdə inanışlar və gelenekler” kitabını hədiyyə etdi.

Son dövr Osmanlı məscidlərindən Nusretiye (XIX əsr).

Türkiyə tək partiyalı sistemdən çox partiyalı sistemə keçdikdən sonra təşkil edilən seçkidə istifadə edilən ilk seçki sandığı

İşğal dövrünün ingilis həbsxanası.

Fatihin vəsiyyəti.

Atatürkün ölüm kağızı, Dəniz Muzeyi.



