Xəbərlər

Rozetta daşı

Rozetta daşı dünya tarixinin ən əhəmiyyətli arxeoloji tapıntılarından biridir. Bu daş lövhə qədim Misir mədəniyyətinin, xüsusilə də heroqlif yazılarının deşifrə olunmasında əsas açar rolu oynayıb. Üç müxtəlif yazı sistemində eyni mətnin yer alması Rozetta daşını unikal edən əsas xüsusiyyətdir. Bunun nəticəsində alimlər min illər boyu oxunması mümkün olmayan qədim Misir yazı sistemini başa düşə bilmişlər.

Rozetta daşı 1799-cu ildə Napoleon Bonapartın Misir ekspedisiyası zamanı İsgəndəriyyə şəhərindən bir qədər aralıda yerləşən əl-Rəşid (Rosetta) şəhəri yaxınlığında Fransa ordusunun mühəndisi Pierre François Xavier Bouchard tərəfindən tapılmışdır.

Daşın ölçüləri 112.3 × 75.7 sm, qalınlığı isə 28.4 sm-dir. Onun üzərindəki mətn üç fərqli yazı sistemində yer alır: 14 sətir heroqlif, 32 sətir demotik və 54 sətir qədim yunan dili ilə yazılmışdır. Daşın bəzi hissələri, xüsusilə də yuxarı iki küncü və sağ alt hissəsi itkin düşdüyündən yazıların heç biri tam deyil. Heroqliflər rahib və rəsmi siniflərin istifadə etdiyi yazı forması, demotik yazı gündəlik ünsiyyətdə istifadə olunan xalq dili, yunan dili isə inzibati və elmi işlər üçün tətbiq olunurdu.

Bu yazılar eyni mətnin müxtəlif yazı sistemlərində təqdim olunmuş tərcüməsidir. Bu xüsusiyyət Rozetta daşını həm nadir, həm də çox dəyərli etmişdir. Çünki tanınan bir dil olan yunan dili vasitəsilə digər yazı sistemlərini, xüsusilə də heroqilifləri anlamaq mümkün olmuşdur.

Daşın üzərindəki mətn eramızdan əvvəl 196-cı ildə Misir kralı V Ptolemeyin taxta çıxması münasibətilə qəbul edilmiş bir qərarnamədir. Mətn kralın uğurlu idarəçiliyini və nailiyyətlərini əhatə edən uzun bir təriflə başlayır. Orada qeyd olunur ki, kral ölkəyə sülh və sabitlik gətirmiş, məbədlərin inşası və bərpası üçün böyük məbləğdə vəsait ayırmış, əhalini ərzaqla, əsasən də taxılla təmin etmişdir. Vergilər azaldılmış və ya ləğv edilmiş, daha öncə vətənə xəyanətdə ittiham olunmuş bir çox məhkum əfv edilmişdir. Həmçinin yazıda kralın Misirin düşmənlərinə qarşı apardığı mübarizələr də öz əksini tapmışdır.

Rozetta daşının ən böyük elmi əhəmiyyəti onun sayəsində qədim Misir heroqliflərinin deşifrə olunmasına şərait yaratmasıdır. Bu prosesdə əsas rolu fransız alimi Jan-Fransua Şampolyon (Jean-François Champollion) oynamışdır. O, 1822-ci ildə heroqlif yazı sistemini tam şəkildə deşifrə etməyə nail olmuşdur. Şampolyon yunan və demotik dildə yazılan mətnləri müqayisə edərək heroqliflərin yalnız şəkillərdən ibarət simvolik sistem olmadığını, həm də fonetik elementlər daşıdığını sübut etmişdir. Bu kəşf qədim Misir dili və mədəniyyətinin öyrənilməsində yeni bir dövrün başlanğıcı oldu.

Rozetta daşı yalnız dilçilik baxımından deyil, həm də tarix, mədəni mülkiyyət və arxeoloji etika baxımından mübahisələrə səbəb olmuşdur. Daş Napoleonun ordusu tərəfindən tapılmasına baxmayaraq, ingilis ordusu tərəfindən ələ keçirilmişdir. Daş 1802-ci ildə Britaniya Muzeyinə təhvil vermişdir və hazırda da bu muzeydə sərgilənir. Misir hökuməti isə bu günə qədər Rozetta daşının ölkəsinə qaytarılmasını tələb edir.

Bu daş sadəcə qədim bir lövhə deyil, insan tarixinin ən böyük elmi nailiyyətlərindən birinin açarı olmuşdur. Onun vasitəsilə insanlıq min illərlə qapalı qalmış bir mədəniyyətin dilini və dünyagörüşünü anlamağa başlamışdır. Rozetta daşı bizə dillərin və mədəniyyətlərin necə bir-birinə bağlı olduğunu bir daha göstərir.

Ləman Vahid