Bəzi məkanların ünvanı olur, bəzilərinin isə yox…
Çünki onların ünvanı insanların qəlbində yerləşir. Həyat boyu saysız-hesabsız insanlarla tanış olur, müxtəlif məkanlardan keçirik. Hər biri yaddaşımızda fərqli izlər, müxtəlif duyğular oyadır. Lakin elələri də var ki, daş üzərinə həkk olunmuş yazı kimi yaddaşımıza həmişəlik həkk olunur. İnsan sözün həqiqi mənasında dəyər gördüyü, anlaşıldığını hiss etdiyi yerdə böyüyür, çiçək açır, mənən gözəlləşir.
İnsanın formalaşmasında ailənin rolu danılmazdır. Lakin insanı böyüdən təkcə ailəsi deyil; onun yaşadığı mühit, əhatəsindəki insanlar, fikir bölüşdüyü münasibətlər də şəxsiyyətinin ayrılmaz hissəsinə çevrilir. Mühit insan həyatına təsir edən ən güclü amillərdən biridir. Bir fikirlə tez-tez qarşılaşırıq: insan ətrafında olduğu insanların ortalamasıdır. Həqiqətən də, bizi biz edən bir qədər də ətrafımızda olan insanlardır.
Məkana məna qazandıran, ona ruh verən də məhz insandır. Əks halda, məkan sadəcə dörd tərəfi divarlarla əhatə olunmuş bir sahədən ibarət olardı. Onu isti edən, yaşadan, dəyərli edən isə içindəki insanlardır. İnsanları bir-birinə bağlayan ortaq ideallar, bölüşülən dəyərlər, birlikdə yaşanan hisslər və xatirələrdir.
Bəzən yorğun bir günün sonunda sənin halını soruşan bir insan, heç nə demədən səni anlayan bir baxış, paylaşılmayan dərdi hiss edən bir qəlb ən böyük sərvətə çevrilir. Çünki insanın insanı anlamasından daha qiymətli olan bir şey varsa, o da ruhun ruhu anlamasıdır. Empatiya qurmağı bacaran, vicdanını itirməyən insanlar həyatın ən böyük nemətlərindəndir. Vicdan Allahın insana bəxş etdiyi ən gözəl əxlaqi dəyərlərdən biridir. Ona görə də vicdanlı insanlara rast gəlmək, onlarla eyni yolu bölüşmək hər zaman xüsusi bir xoşbəxtlikdir.
Anlaşıldığını hiss etdiyin bir məkanda olmaq isə insanın yaşaya biləcəyi ən gözəl duyğulardan biridir. Bəzən fərqinə varmadan bir məkanın ruhunun parçasına çevrilirsən, məkan da sənin həyat hekayənə…
Elə buna görə bəzi ayrılıqlar çətin olur. Çünki insan tərk etdiyi yerdən deyil, özündən bir parçanı geridə qoyduğunu hiss edir. Əziz müəllimimiz Muxtar Cəfərlinin “Məkanın ülviyyəti” yazısında qeyd etdiyi kimi: “Bəzi məkanlar var, ayrılıq zamanı gələndə qəlbini orada qoyub qayıtmaq istəyirsən. Bunun mümkün olmadığını anlayanda isə həmin məkanı mənən qəlbinə yerləşdirib özünlə aparırsan”.
Uşaqlıqdan bizə öyrədilir ki, insanın ən yaxınları qan qohumlarıdır. Bu, həyatın dəyişməz həqiqətlərindən biridir. Amma həyat bəzən qarşımıza elə insanlar çıxarır ki, onların səmimiyyəti, qayğısı, sevgisi və varlığı bu anlayışa yeni məna qazandırır. O zaman anlayırsan ki, doğmalıq yalnız qan bağı ilə ölçülmür. Bəzən eyni dəyərləri bölüşmək, eyni yolda addımlamaq, bir-birinin sevincinə və kədərinə ortaq olmaq da insanları ailəyə çevirir.
Bəlkə də, hələ bizi sevəcək bütün insanlarla tanış olmamışıq. Amma geriyə dönüb baxanda yolumuzun üzərində bizə dəyər verən, bizi anlayan, olduğumuz kimi qəbul edən insanlarla qarşılaşdığımız üçün özümüzü xoşbəxt hiss edirik. Çünki həyatın ən böyük qazancı topladığımız şeylər deyil, qəlbimizdə yaşayan insanlardır.



