“Mandala” sanskrit dilində “dairə” və ya “mərkəz” mənasını verir. Dünyanın müxtəlif sivilizasiyalarında mandala simvolu kainatın, tarazlığın, harmoniya və sonsuzluğun rəmzi kimi çıxış edir. Həm estetik sənət forması, həm də meditativ və terapevtik vasitə kimi istifadə olunan mandala təkcə vizual görnüşü ilə deyil, daşıdığı dərin mənəvi və fəlsəfi anlamlarla da diqqət çəkir.
Mandalanın tarixi çox qədimdir. Onun izlərinə Hindistan, Tibet, Çin, Nepal və yerli Amerika mədəniyyətlərində rast gəlmək olar. Xüsusilə buddizm və hinduizm dini ənənələrində mandala meditasiya vasitəsi və ruhani simvol kimi istifadə olunub.
Hinduizmdə mandalalar, əsasən, tanrıların təcəssüm etdiyi kosmik diaqramlar kimi təqdim olunur. Tibet Buddizmində mandala tez-tez qum sənəti formasında yaradılır, ibadət, düşüncə və ruhani təmizlənmə vasitəsi kimi istifadə edilirdi. Amerika yerli tayfaları isə mandalanı təbiət qüvvələri və ruhani aləmlə əlaqə simvolu kimi istifadə edirdilər.
Mandala ən sadə formada mərkəzdən başlayaraq simmetrik şəkildə genişlənən dairəvi bir kompozisiyadır. Bu struktur kainatın və insan şüurunun mərkəzdən xaricə doğru inkişafını ifadə edir.
Mandalada olan hər bir elementin və rəngin özünəməxsus xüsusiyyəti var. Məsələn, mərkəz – başlanğıc, yaradılış, mənəvi oyanış; dairə – sonsuzluq, bütövlük, təbiət dövranı, kvadrat və üçbucaqlar – dünya və ruhani elementlərin vəhdəti; simmetrik naxışlar – tarazlıq və harmoniyanı ifadə edir.
Mandaladan həm ənənəvi dini-fəlsəfi məqsədlərdə, həm də müasir dünyada sənət, psixologiya və terapiya sahələrində geniş şəkildə istifadə olunur.
Mandalanı izləmək insanda daxili sakitlik, diqqət toplama və mənəvi təmizlik hissi yaradır. Məşhur isveçrəli psixoloq Karl Qustav Yunq mandalanı şüurun struktur xəritəsi kimi təsvir edirdi. O, mandalanın özünüdərk, daxili bütövlük və şəxsiyyətin inkişafı üçün güclü simvol olduğunu qeyd edirdi. Mandala stress və narahatlığı azaldır, yaradıcılığı inkişaf etdirir, diqqət və zehni balansı artırır, depressiya və travma hallarında terapiya vasitəsi kimi işlədilir.
Mandalalar bu gün interyer dizaynı, geyim, aksessuar, keramika və rəssamlıqda da istifadə olunur. Bu, sənətə dərin simvolizm qatır və məkana fərqli enerji verir.
Mandala yaratmaq sadəcə rəsm çəkmək deyil – bu proses həm də insanın özünü ifadə formasıdır.
Mandala hazırlayarkən əvvəlcə mərkəzdə başlanğıc nöqtəsi müəyyən olunur, daha sonra dairələr və simmetrik elementlər çəkilir, naxışlar əlavə olunur, rənglər seçilir və boyanır, beləliklə, mandala tamamlanır. Bu proses boyunca insan öz daxili aləminə yönəlir, zehni təmizləyir və dərin rahatlıq hiss edir.
Müasir dünyada mandala sənəti sürətlə populyarlaşır. Artıq bu sənət incəsənət dərslərində, psixologiyada, meditasiya və yoqa mərkəzlərində, sosial şəbəkələrdə yaradıcılıq layihələrində və s. fəal şəkildə istifadə olunur.
Mandala yavaşlamanı, diqqətliliyi təbliğ etdiyi üçün sürətli və stresli həyat tərzi ilə yaşayan insanlara faydalıdır.
Bu sənət sadəcə gözəl naxışlardan ibarət deyil – şəxsi və ruhani inkişafın bir simvoludur. Müxtəlif mədəniyyətlərdə fərqli formalarda görünsə də, onun əsas mahiyyəti eynidir: harmoniya, bütövlük, daxili sakitlik və kainatla vəhdət.



