“Vətən öz adamları ilə canlıdı. O adamlar kimə və hara öz ruhunu yazsalar, demək, vətən də oradadı. İnsanın keçmişi, taleyi, yaddaşıyla bağlı nə varsa, hamısını toplayıb, cəminə VƏTƏN deyirlər…“
”VƏTƏN, Vətən və Vətən-Adamlar haqqında
“Qürbətin doğma məzarları” …Təxminən 10 il bundan əvvəl məhz bu adda kiçik rubrikamız var idi. Elə adı da üzərində; qəriblikdə, qürbətin həsrətlə dolu, nakamlıqla örtülü ovqatını həyat tərzinə çevirərək, başqa diyarlarda yaşamış və ömürlərini orada başa vurmuş aydınlarımıza, ictimai-siyasi və elm xadimlərimizə həsr olunmuşdu. Ömrünü qürbətdə sonlandıran Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Ceyhun Hacıbəyli və s. aydınlarımız haqqında yazdıqca anlamışdım ki, əslində, onlar olduqları yerdən asılı olmayaraq, hərəsi məhz özü boyda bir VƏTƏN olub. Belə şəxsiyyətlər dünyadan köçəndə də cisimlərindən ruh qarışıq VƏTƏN də çıxaraq qürbət səmalarda pərvazlanıb. Vətən təkcə torpaq və sərhədlərlə əhatələnmiş ərazi deyil ki, Vətən həm də ruhdur. Azərbaycançılıq ruhu Əli bəydə, Əhməd bəydə, nakam taleli Ceyhun Hacıbəylidə bir Vətən olaraq yaşamamışdımı? Və Əli bəydə Əli bəy Hüseynzadəlik missiyasını yaradan da məhz o Vətən olmamışdımı?
“Güzgü jurnal” və “güzgülü sətirlər”
“Füyuzat” jurnalının hər zaman masamın üzərində olan nömrələrini vərəqləyirəm. Əli bəy Hüseynzadə hələ uzaq 1906-cı ildə öz ruhundakı VƏTƏNi, ora sətir-sətir necə köçürübsə, biz bu gün də böyük Vətən – Azərbaycanı tanımaqdan ötrü “Füyuzat”dan güzgü kimi istifadə edirik. Yaxud da etməliyik… (əslində, veriləsi ən vacib sual: “Edirikmi?”) İnsan aynanın qarşısına keçib özünü gördüyü, müşahidə etdiyi kimi, həmçinin bir əyər-əskiyini tez aradan qaldırdığı kimi, Azərbaycançılıq fəlsəfəsi, VƏTƏN ruhu da “Füyuzat”ın səhifələrində elə görünür. Çünki zaman-zaman Əli bəylərin sayəsində “Füyuzat” güzgü-güzgü yığılıb. Və nə yaxşı ki bu gün də yığılır! Əli bəyin ruhaniyyətindəki, zehniyyətindəki VƏTƏN bu gün təkcə Azərbaycanı öyrənməyin yox, həm də Azərbaycanı (Azərbaycançılığı!) duymağın, onu yaşamağın reseptini, düsturunu özündə qoruyub saxlayır. Mən də hər dəfə “Füyuzat” dərgisinin redaksiyasına, “MİMTA” Fondunun qərargahına baş çəkəndə bu düsturları uzun illərdən sonra dərgi səhifələrinə köçürən şəxslərin – (Mübariz Yunusların, Samir Ramizoğluların…) simasında, davranışlarında nələrisə oxumağa çalışıram. Bu VƏTƏNlə o Vətən arasında körpü olmaq, ayrılmış dəyərləri zamanın, vaxtın dərinliyindən çıxararaq birləşdirən, dərgini şüşə-şüşə yox, sətir-sətir güzgüyə çevirən bu insanları da oxuyuram. Bir dərgi kimi, bir körpü kimi…
Son nəfəslərin ağ uçuşu…
Deyilənlərə görə, Məhəmməd Əmin Rəsulzadə dünyasını dəyişəndə son nəfəsində üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan!” deyərək canını tapşırıb. Həyatlarına qürbətdə son qoyan aydınlarımızın necə vəfat etdiklərini, son nəfəslərində nə dediklərini, nə arzuladıqlarını deyə bilmərəm. Amma bildiyim, daha doğrusu, inandığım bir nəsnə var – onlar üçün arzu, istək elə son nəfəslərini tapşırdıqları andan sonra başlayıb. Son nəfəsin süqutu bu arzuya həyat pasportu verib – VƏTƏNLƏŞMƏK!!! Bəli, Əli bəy Hüseynzadələr, Əhməd Ağaoğlular, Topçubaşovlar qürbətin soyuqluğunda məhz bu son nəfəs üçün yaşayıblar, bu son nəfəsdən sonrakı diriliyi qurmaq üçün elə hey didiniblər… VƏTƏNLƏŞMƏK! Bəlkə də, Əli bəy Hüseynzadə “Füyuzat”ı, oradakı məramı, missiyanı, dəvət etdiyi hər müəllifin, az qala, hər kəlməsindəki məzmunu məhz son nəfəsindən sonrakı hərəkət mexanizmi üçün yaradıb. Bəlkə də… Amma reallıq da budur ki, “Füyuzat” Əli bəyin bioloji ömründə yaranıb tez bir zamanda bağlansa da, füyuzatçılıq özünün həyatiliyini həm də onun son nəfəsindən sonrakı mərhələdə tapdı. Və həmin son nəfəs bu gün də vətən səmalarında VƏTƏN düzəldərək pərvazlanır. Bir ağ uçuş kimi…
Mühacirətdə yaşamağa məcbur olan soydaşlarımız üçün Əli bəy Hüseynzadə bir məsləhət ünvanı, döyülən qapı olub. Mühacir taleyi yaşayan həmyerliləri üçün onun tam fərqli özəlliyi olub: Əli bəy onlar üçün el-obanın, aid olduğu məkanın tarixi yaddaşını, kökünü özünə köçürüb Vətənləşən adam idi… Məşəqqətli çağlarını yaşayan Vətən də bir məkan olaraq öz ruhunu ona köçürmüşdü… Bütün mühacir soydaşlar da hər dəfə onunla görüşəndə sanki vətənə baş çəkib qayıdardılar… Böyük Əli bəy… Son nəfəsinə içindəki Vətəni kimsədən gizləmədi. Onun əzəmətini, füsunkarlığını gözlərinin dərin qəfəsində ciddi-cəhdlə qoruyub saxladı… Son anınadək Vətən onun gözlərindəki dərinlikdən çıxıb bütün vücuduna yayılmışdı. Ruhu kimi bədəni də Vətənə bürünmüşdü… Saçlarının ağından üzündəki cizgilərə qədər Vətənləşmişdi… O özü təkbaşına qürbətdə yaşayan soydaşları üçün Vətən olmuşdu.
“Güzgü dərgi” də, son nəfəsdən sonrakı ağ uçuşlar da nə yaxşı ki bu gün “Füyuzat” dərgisinin timsalında yaşamaqdadır. Amma təkcə “Füyuzat”ın yox…
Həm də…
Cəmi bir neçə gün bundan öncə “Füyuzat”a yenidən həyat vermiş “MİMTA” Fondunun yeni layihəsi – “Litera” kitab evi fəaliyyətə başladı. Təbii ki, MİMTA ailəsinin başqa layihələri kimi bu işi də möhtəşəm idi. Zahid Xəlilov 43 ünvanında yerləşən kitab evi kiçikdən böyüyə bütün kitabsevərlərin ən sevimli məkanlarından biri olmaq gücündədir. Bu münasibətlə Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun icraçı direktoru Pərviz Əmirov başda olmaqla, Kənan Şəbiyevi, Əsəd Aslanoğlunu, eləcə də əziyyəti keçən hər kəsi ürəkdən təbrik edirik.
Açılışa dəvət olunan digər dəvətlilərlə birlikdə kitab evinin çox peşəkarlıqla qurulmuş rəflərinə nəzər sala-sala, buranın qoxusunu salamlaya-salamlaya bir reallığın fərqinə vardım: Burada çox adamın görə bilmədiyi, nəfəsdən sonra işə başlayan, Vətənləşmək düsturunu fəza üzərində yaradan Ağ uçuşlar süzmədədir…



