Kültür-sənət Orxan Vəliyev Xəbərlər

Tiflis: Qafqazın Avropası

Tiflis: Qafqazın Avropası

Tiflis Dövlət Universiteti tərəfindən 20–22 oktyabr 2025-ci il tarixlərində sosial və siyasi elmlər fakültəsi tələbələrinə Azərbaycan milli kimlik inşası, xarici siyasəti ilə bağlı mühazirə oxumaq üçün dəvət aldım. Bu dəvət akademik səfərlərə vərdiş etmiş birisi olaraq qonşu Gürcüstana akademik səfərimin olmadığını göstərməsi baxımından maraqlı idi. Halbuki qonşularla, xüsusilə Gürcüstanla akademik əməkdaşlıq son dərəcə əhəmiyyətli olmalıdır.

Xatırlatmalıyam ki, xaricə ilk səfərim də 2014-cü ilin fevralında məhz elə Tiflis şəhərinə olmuşdu. Artıq tarixdə qalmış keçmiş Qarabağ münaqişəsi ilə bağlı təşkil edilmiş bir lahiyədə Azərbaycanı təmsil etmək məqsədilə Tiflisə səfər etmişdim. Sonralar Türkiyədə yaşadığım illərdə Tiflis müntəzəm ziyarət etdiyim şəhərlərdən biri oldu.

Tiflis Dövlət Universitetindən gələn təklif uzun illər sonra Tiflisə səfərimizi mümkün etdi…

Bu yazıda Tiflisi “şəhər: memarlıq və ictimai nəqliyyat”, “Tiflis Dövlət Universiteti” və “Müsəlman məhəlləsi” başlıqları çərçivəsində ələ alacağam.

Şəhər: memarlıq və ictimai nəqliyyat

Tiflis dağların arasında Kür çayının sahilində yerləşmiş və Bakı ilə müqayisədə kiçik bir şəhərdir. Bununla bərabər Tiflisdəki şəhər quruluşu və kültürü sizi öz təsirinə alır. Tiflis havalimanında Gürcüstanın “kiçikliyini” açıq şəkildə hiss etmək mümkündür. Havalimanı həm məkan olaraq, həm də ticarət dövriyyəsi etibarilə kiçikdir. Bununla bərabər şəhər mədəniyyətini də hiss edirsiniz.

Gürcüstan dövləti Saakaşvili dövrü ilə başlayan və Rusiyanın hərbi əməliyyatı nəticəsində torpaqlarının ciddi bir qisminin əlindən çıxması ilə xeyli güc itirmişdir. Belə demək mümkündürsə, gürcü dövləti hazırda zəif və müdafiəsizdir. Bunun müqabilində Tiflis küçələrində gəzərkən, gürcü həmkarlarla apardığım müzakirələr, şəhərdə ictimai nəqliyyat sistemin strukturu daxil, onu deməyə əsas verir ki, Gürcüstanda oturuşmuş cəmiyyət var. Belə ki, ictimai nəqliyyat, əsasən, insan yönümlü (piyada, sərnişin) prinsipilə formalaşdırılıb. Beləliklə fərdi nəqliyyat vasitələri üçün hələlik ciddi tıxac problemi olsa da, ictimai nəqliyyatın özünəməxsus toxunulmazlığı yaradılıb və daha da inkişaf etdirilir. Universitetin yerləşdiyi İlia Çavçavadze prospektində pilot olaraq istifadə edilən ictimai nəqliyyat yolu mənə Türkiyənin Əskişəhər və Avropada ən son gördüyüm Vroslav şəhərlərini xatırlatdı. Əlbəttə, xüsusilə Vroslav şəhəri ilə müqayisədə çox əksiklik var. Ancaq bəlli ki, gürcülər özlərinə müəyyən bir yol seçiblər.

İlia Çavçavadze prospektində yerləşən Universitetin əsas kampusunun qarşısı estetik şəhərsəlma üçün zəruri olan funksionallıq və estetik gözəlliyi bərabərində gətirmişdi. Şəhərin xüsusilə mərkəzi hissəsini piyada qət etdiyim üçün deyə bilərəm ki, Tiflisdə piyadalar və sürücülər qaydalara əməl edirlər. Belə ki, Tiflisdə avtomobil olmadığı halda, yaşıl işığı gözləyən insanları görmək mümkündür. Yəni qaydalara əməl etmək baxımından bir ənənə formalaşdırıldığı hiss olunur.

Digər bir məsələ kilsələrdir. Məlum olduğu kimi, gürcü və ermənilərin ortaq nöqtələrindən biri dinin cəmiyyət və hətta siyasət üzərində olan təsir imkanıdır. Belə ki, Gürcüstan hökuməti Gəncə zəlzələsindən sonra gürcülərin əlinə keçən Gəncə qapılarını kilsənin mülkündə olduğundan ala bilməyəcəyini bildirmişdi. Şəhər gəzintisində mərkəzi yerlərdə kilsələrin mütəmadi varlığını müşahidə etmək heç də təsadüfi deyil.

Şota Rustaveli prospektində yerləşən bir kilsə.

Şəhərdə əsas diqqətimi çəkən nüanslardan biri də aktiv şəkildə davam edən inşaatların çevrəyə və insanlara nə dərəcə zərər verib-vermədiyi idi. Elə universitetin əsas kampusunun bitişində davam edən inşaatdan sadəcə səs gəlirdi. İnşaatı çevrəyələn divarlar sənətçilər tərəfindən estetik bir görüntü ilə əhatələnmiş və inşaatın özünəməxsus kobudluğu nisbətən yumşaldılmışdı. Digər tərəfdən gürcülərin tarixi binalarını mühafizədə daha çox diqqət ayırdıqları hiss olunur. Bu şəhərin mərkəzi hissəsində yeni binaların olmadığını anlamına gəlmir. Lakin yeni binalar da sanki şəhərin mövcud kimliyinə inteqrasiya edilməyə çalışılır. Misal üçün, universitetin yaxınlığında davam edən inşaatın görüntüsü estetik olaraq, əsasən, Sovet dövründən qalan memarlıq baxımından gözəl binalarla uyumlu görünürdü. Səfərim çərçivəsində bir erməni ilə qarşılaşmağı çox istədim. Lakin son günə qədər bu arzumu gerçəkləşdirmək mümkün olmadı. Son gün bir ayaqqabı ustasının dükanında Stalinin şəkil və kiçik heykəlciyini görüb foto çəkmək icazəsi üçün içəri daxil oldum. İngilis dilində bilməyəcəyini düşündüyümdən sınıq-salxaq rus dilimlə şəkil icazəsi istədim. “Olmaz” dedikdən sonra dərhal haralı olduğumu soruşdu. Azərbaycanlı cavabını alan kimi bizim dilimizdə danışmağa və üç millətin də bir olduğunu, siyasətin bizi ayırdığını söylədi! Öz şəklini çəkməyə icazə verməsə də, Stalini çəkməyə etiraz etmədi. Fikirlərində nə dərəcə səmimi idi, əmin deyiləm!

Lakin güclü Azərbaycanın Cənubi Qafqazın üç xalqının sülh və əmin-amanlıqla yanaşı yaşamasının qarantı olacağı aşkardır. İqtisadi, siyasi, hərbi, demoqrafik göstəricilər üzrə regionun əsas dövləti olan Azərbaycanın konstruktiv, balanslı və praqmatik xarici siyasətinin Ermənistanı Vaşinqton sammitinə və oradan da sülh şəraitində yaşamağa apardığı mütəxəssislər tərəfindən qəbul edilməkdədir. Bu sətirləri yazarkən Azərbaycan heyətini daşıyan təyyarənin İrəvana endiyini öyrəndim…

Səfərim çərçivəsində Azərbaycan və Türk restoranları axtarışına girməkdənsə, elə gürcü mətbəxini təcrübə etməyə üstünlük verdim. Deməliyəm ki, xidmət, mühit məni çox məmnun etdi. Universitetin yaxınlığında yerləşən və ənənəvi gürcü mətbəxinin təqdim edildiyi restorandakı xidmət və müştərilərin həm universitetdən, həm də turistlərdən ibarət olmağı diqqətimi çəkdi. Ümumiyyətlə, müşahidələrim əsasında gürcülər arasında şəxsi vaxt və məkan anlayışının əhəmiyyətli olduğunu ifadə edə bilərəm.

Tiflis Dövlət Universiteti

2014-cü ildən üzü bəri müxtəlif vaxtlarda Tiflisə səfər etməyimə baxmayaraq, Gürcüstana akademik səfərim baş tutmamışdı. Ancaq regionun statusunun dəyişməsində həlledici rolu olan II Qarabağ müharibəsinin, Zəfərin 5-ci ilinin ərəfəsində Tiflis Dövlət Universitetində Azərbaycan milli kimlik inşası və post-münaqişə dövründə xarici siyasət mövzularında mühazirə oxumaq təklifini məmnuniyyətlə qəbul etdim. Qafqazın ilk modern universiteti olan Tiflis Dövlət Universiteti (1918) İlia Çavçavadze prospektində – elə şəhərin mərkəzindəki tarixi binasında yerləşir. Bununla bərabər şəhərin müxtəlif yerlərində də binaları mövcuddur. Səfərimin daha səmərəli və maraqlı keçməsi üçün qonaqlayacağım hosteli də məhz elə bu prospektdə tutdum. Hostelə yerləşdikdən dərhal sonra yollandım səfərim çərçivəsində mənə rəhbərlik edəcək Dr. David Matsaberidze ilə görüşə, oradan isə elə yolun qarşı tərəfində tarixi binada yerləşən Sosial və siyasi elmlər fakültəsi dekanı Dos. Dundua Salomenin ofisinə. Görüş gözlədiyimdən daha pozitiv və xoş qarşılama ilə keçdi. Dekanla yanaşı, fakültənin digər mənsubu həmkarlarla da görüşmək və gələcək əməkdaşlıq imkanlarını müzakirə etmək fürsətim oldu. Doğrusu, gürcü həmkarımın göstərmiş olduqları nəzakət və maraq məni daha da həvəsləndirdi. Ancaq xüsusilə II Qarabağ zəfərindən sonra xarici səfərlərdə azərbaycanlılara münasibətin dəyişdiyi bilinməkdədir. Dövlətin xarici siyasətdəki bu gücünü mühafizə etməsi olduqca vacibdir.

Dekan universitetin rektoru Prof. Jaba Samushia ilə görüşümü təşkil etdi. Rektorla görüşdə dekan “sizin Xəzər Universitetindən olmağınız görüşün alınmasında həlledici oldu” dedi. Rektorla görüşdə Xəzər Universiteti, universitetin təsisçisi və ilk rektoru Prof. Hamlet İsaxanlının akademik fəaliyyəti haqqında məlumatlılığı həm diqqətimi çəkdi, həm də qürurlandırdı. Bir daha Xəzər Universitetində yaradılan və Azərbaycan akademik sistemi üçün bir yenilik olan akademik azadlıq və bürokratik çevikliyin əhəmiyyətinə şahid oldum.

Diqqətimi çəkən nüanslardan biri də universitetdə professor-müəllim heyətinin ənənəvi kostyum-qalstuk geyimini tərk edib nisbətən daha sərbəst geyimə üstünlük verməsi oldu. Demək ki, gürcülərin qərblə artan təmaslarının nəticələrindən birisi də bu zehniyyət dəyişikliyi olmuşdu.

Tiflis Dövlət Universitetinin rektoru Prof. Jaba Samushia və Sosial və siyasi elmlər fakültə dekanı Dos. Dundua Salome ilə rektorun ofisində, oktyabr, 2025.

İki gün, əsasən, qərbi və şərqi Avropadan olan magistr tələbələrinə Azərbaycan milli kimlik inşası və post-münaqişə dövründə xarici siyasət mövzularında iki mühazirə oxudum. Bununla bərabər, universiteti gəzmək imkanını da əldən vermədim. Universitetdə Azərbaycan Respublikası səfirliyinin töhvəsi ilə açılmış Heydər Əliyev auditoriyasını, kitabxana, arxeologiya və ümumi muzeyi gəzmək imkanım oldu. Ümumiyyətlə, universitet muzeyi anlayışını Polşa səfərim çərçivəsində bir həftə çalışdığım Vroslov Dövlət Universitetində də müşahidə etmişdim. Ancaq daha əhəmiyyətlisi universitet tarixi binadakı kitabxananı həm fiziki, həm də mentalitet baxımından yeniləmiş və kitab rəflərini oxucuların, tədqiqatçıların birbaşa əlçatanlığına açmışdı.

Sosial və siyasi elmlər fakültə dekanı Dos. Dundua Salome və fakültə müəllimlərindən Dr. Davit Matsaberidze ilə dekanın ofisində (20.10.25).

Dr. David Matsaberidzenin Qafqazda siyasət, kültür və din (Politics, Culture, Religion in the Caucasus) fənnini tədris etdiyi Erasmus tələbələrinə Azərbaycan kimliyi mühazirəsindən (Tiflis Dövlət Universiteti, 20.10.25).

Digər məsələlərdən biri də odur ki, universitetdə təhsil gürcü dilində (rus dilli jurnalistika və erasmus proqramı çərivəsində tədris edilən fənlər istisna olmaqla) olmasına baxmayaraq, görüşdüyüm həmkarlarım həm ingilis dilində bilirdilər, həm də ingilis dilində kifayət qədər nəşrləri mövcud idi. Dr. Matsaberidzedən öyrəndiyimə görə, millətşünaslığın bütün klasik müəllifləri də gürcü dilinə tərcümə edilib.

Tiflis Dövlət Universiteti, 1-ci bina, Heydər Əliyev auditoriyası, oktyabr, 2025.

Siyasət: qərb və şərq arasında

Şəhəri gəzərkən həm dövlət binalarında, həm də yaşayış və universitet binalarında Avropa İttifaqının (Aİ), Ukraynanın, ABŞ-ın və NATO-nun bayraqlarını müşahidə etdim. Bu deməkdir ki, hazırda Gürcüstanda siyasət və cəmiyyət arasında konfrantasiya (cəbhələşmə) olmasına baxmayaraq, cəmiyyətdə və akademiyada qərbə doğru meyil əhəmiyyətini mühafizə edir.

Keçmiş lider Saakaşvilinin hakimiyyəti dövründə gürcü siyasətində radikal dəyişikliklər baş vermişdi. Bu dəyişikliklərin nəticəsində Gürcüstan Aİ və NATO üzvlüyü ümidi ilə Qərbə doğru yönəlmişdi. Rusiya keçmişdə SSRİ tərkibində olan dövlətlərin qərb yönümlü təşkilatlara, xüsusilə hərbi təşkilat olan NATO-ya üzvlük təşəbbüsünə qarşı dəyişməyən mənfi bir dəyərləndirməyə sahibdir. Proses iki ölkə arasında 2008 hadisələrinin yaşanmasına və Gürcüstanın torpaqlarının bir qismində hakimiyyəti itirməsinə gətirib çıxardı. Beləliklə, Gürcüstan üçün yeni bir mərhələ başladı. Ən son ilk gürcü cümhuriyyəti qurucularından mühacir bir ailənin nəslindən gələn xanım Salome Zurabişvilinin hakimiyyəti ilə qərbə doğru son gedişi etdilər. Lakin görünür ki, artıq Tiflisdə Corc Buşun “salam, Avropa” deyə salamladığı Gürcüstan artıq yoxdur. Qalan sadəcə Buş prospektidir!

Bir vaxtlar Tiflis amerikalı və avropalı ziyarətçilərə ev sahibliyi edən Qafqaz şəhərinə çevrilmişdi. Ancaq parlamentdə binasından asılan bayraqlar və seçkilərə etiraz edən nümayişçilərin səngiyən səsi sanki gürcü siyasətinin dəyişən prioritetindən danışır. Bununla belə dövlət və yaşayış binalarında yuxarıda sadaladığım bayraqların asılı olduğunu görmək cəmiyyətdə və akademik dairələrdə ciddi bir dəstəyin olduğunu da deməyə əsas verir. Hər halda Gürcüstan xüsusilə işğal faktorunu nəzərə alaraq vəziyyətdən çıxış yolu axtarır. Çünki Tiflisdə Ukraynaya müharibə elan edilməsinə etiraz edib gələn ruslarla yanaşı 2008 hadisələrindən sonra Tiflisə sığınmış daxili köçkünlər var. Qısası, gürcülər xüsusilə ərazilərinin bir qismini itirməsi səbəbilə zəifləmiş dövlətə, güclü cəmiyyətə sahibdir. Lakin dünyanın gedişatı nəzərə alındıqda güclü dövlətə sahib olmağın əhəmiyyəti də anlaşılmaqdadır.

İlia Dövlət Universiteti, oktyabr, 2025.

Müsəlman məhəlləsi

Tiflis səfərimi müsəlman məhəlləsində tamamlamalı idim. Belə ki, elə girişdəcə Heydər Əliyevin abidəsini ziyarət etdim. Təmir işləri getdiyindən uzaqdan şəkil çəkə bildim. Sonra isə 1723-cü ildə inşa edilən və fəaliyyətinə bu gün də davam edən Tiflis Cümə məscidini ziyarət edib dua etdim. Müsəlman məhəlləsini ziyarətimin zirvəsində isə, heç şübhəsiz, Botanika bağının keçməkeşli yollarını keçdikdən sonra zirvədə bu gün izləri qalmamamış keçmiş müsəlman qəbiristanlığında dəfn edilmiş azərbaycanlıları ziyarət etdim.

Ümumiyyətlə, məzarların ziyarətinə dair mütəmadiliyin olmaması diqqətimi çəkdi. Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyi müəyyən işlər görür. Bu bir gerçəkdir ki, məzarlar ziyarət edildikcə yaşamağa davam edər. Mirzə Fətəlinin məzarı isə rütubətdən artıq parçalanmağa başlayıb. Düşünürəm ki, Axundzadə və ailə üzvlərinə aid olan, XIX yüzillikdən qalan və müsəlman, türk varlığının dəlili olan sinə daşları şüşə altında mühafizə edilməlidir. Çünki sinə daşlarındakı yazılar tarixi abidə mahiyyəti daşıyır. Məlum olduğu kimi, müsəlman qəbiristanlığından bu günə hasara alınmış bu məzarlıq qalmışdır. Botanika bağını endikdən sonra Mirzə Fətəli və N.Nərimanovun ev muzeylərini də ziyarət edərək səfərimi tamamladım.

P.S. İdeololoji və dini mövqeyinin hansı səpkidə olmasından asılı olmayaraq, Tiflisə səfər edən hər bir azərbaycanlı mütləq sırasıyla müsəlman məhəlləsinin girişindəki Heydər Əliyev abidəsini, Cümə məscidini, Botanika bağında cümhuriyyətçilərin, Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundzadənin məzarlarını, ardınca Mirzə Fətəli Axundzadə və Nəriman Nərimanovun ev muzeylərini ziyarət etməlidir. Bu bir vətəndaşlıq məsuliyyətidir.

Həsən Bəy Ağayev və Fətəli Xan Xoyskinin məzarları – Tiflis Botanika Bağı, oktyabr, 2025.

Tiflis Cümə məscidi, oktyabr, 2025.

Heydər Əliyevin Tiflis Müsəlman məhəlləsinin girişindəki abidəsi, oktyabr, 2025.