“Fuyuzat.az” saytı olaraq “həftənin seçilmiş hekayəsi”, “həftənin seçilmiş məqaləsi”, “həftənin seçilmiş şeiri” layihəsində sizləri salamlayırıq, əziz oxucular. Bu həftənin seçilmiş yazısı MİMTA Yayımları tərəfindən çap edilən, Muxtar Cəfərlinin “Qəlbini nəsihətlə dirilt” kitabından olan “Əhməd Yəsəvinin “hikmət”lərindən öyüdlər”dir.
Bilgələrdən eşidib-öyrəndiklərimi, bilgilərimi qəlbinizə, ruhunuza əmanət edirəm: Harada sınıq bir qəlb, yaralı bir könül görsən, işi-gücü burax, dərdinə məlhəm olmağa çalış. Məzlum bir kimsə yolda çarəsiz qalsa, ona yol ol, yol daş ol. Yaradana yaxın olmaq üçün məncil insanlardan uzaqlaş, özün də mənəm-mənəmlik hökmündən arın ki, nəhayət də kibrin hiylələrindən qurtulasan. Əgər arifsənsə, qəriblərin könlünü xoş et, el-el gəzib yetim yavruları axtar. Əlinin sığalını onların başından əskik etmə. Peyğəmbərimizin (s) söz lərini qulağına sırğa et:
“Yetimlər mənim xas ümmətimdir”. Dünya işlərinə aludə olma, dünyapərəst nacinslərdən gen gəz. Onlardan üz çevir ki, özünü görə biləsən. İnsanlarla danışarkən səsinə, sözünə, baxışına diqqət et. Qarşındakı sənin əqidənə uyğun olmasa belə, onu incidəcək heç bir davranış sərgiləmə. Zira o qəlbini qırdığın insanın vəkili uca Yaradandır. Və əl-Həlim olan Allah bəndələrinə də həlim təbiətli, təmkinli, salim olmağı buyurur.
İnsanlarla danışarkən səsinə, sözünə, baxışına diqqət et. Qarşındakı sənin əqidənə uyğun olmasa belə, onu incidəcək heç bir davranış sərgiləmə. Zira o qəlbini qırdığın insanın vəkili uca Yaradandır. Və əl-Həlim olan Allah bəndələrinə də həlim təbiətli, təmkinli, salim olmağı buyurur.
Özün haqqında danışma vərdişini biryolluq tərk et, çünki ən böyük riyakarlıq insanın dili ilə qəlbi arasında olandır. Mömin libasını dilindən öncə könlünə, əməlinə geyindir. Təvazö zərafəti ilə yola çıxmadan əlindəki təsbeh, qıldığın namaz, tutduğun oruc yalandan və saxtakarlıqdan ibarət dir. Yalançı insandan Allah da, Rəsulu (s) da hər iki dünyada şikayətçidir. Adına ömür deyib qürrələndiyin həyat doğuldu ğun andan geri sayımı başlayan nəfəsdən ibarətdir. Peşman olub tövbə etmək, utanc içində ağlayıb-yalvarmaq üçün son nəfəsini gözləmə. Mənasız həva- həvəsi, kibri zamanında tərk et ki, sən də gerçək aşiqlərin sırasına yetişə biləsən. Öz nəfsini hər cür sıxıntılara alışdıran aşiqlərin yolu məşəqqətlərlə dolu olsa da, gerçək yoldur.
Hər daim Yaradandan özünə ədəb istə. Çünki bir dövrdə ki cəmiyyətdə böyüklərdə böyüklük, kiçiklərdə kiçiklik qalmaya, ədəbsizlik baş alıb gedə, o qövm xeyir tapmaz. Gənc yavrularımızın həyası əldən getsə, toplumumuz heçliyə sürüklənər. Zira bizim mərifət elmində yol göstərənimiz, mübarək peyğəmbərimiz (s) də “Həya imandandır” buyurur.
Sübhün bərəkətlərindən faydalanmaq üçün erkəndən oyanmağı adət et. Gününü zikrlə başla ki, səhərin nuru səni cəhənnəmin narından qorusun. Unutma, vahid olan Allahın varlığına sığınan, tövbə edən kimsənin şəninə güllər də, bülbüllər də “afərin” söyləyib mədhü-səna edərlər.
Alim zatlara sayğıda qüsur etmə, hər daim hörmətlərini əziz tut. Çünki onların çalışması və səyi ilə bu gördüyün cümlə müşküllər həllinə qovuşur. Cahil bir kimsə elm qapısının kandarına yaxınlaşa bilərmi? Alim doğru ilə yanlışın, halal ilə haram olanın hüdudlarını müəyyənləşdirən məhək daşıdır. Bir halda ki yerlər, göylər alimlərə hörmət bəsləyir, elə olan təqdirdə bir kimsənin onları xor görməsi, yuxarıdan aşağı baxması qəbuledilməzdir. Əsla onlara münasibətdə özünü böyük görmə. Unutma ki, onlar sənə yox, sən onların fəzlinə, kamalına möhtacsan. Cahillərin söhbəti səni özündən uzaqlaşdırıb dünyaya bağlayan hiylədir. Belələrinin aqibətini gedib məzarlıqlardan öyrən. Arif ol, özündən əvvəlkilərdən ibrət al ki, ölüm vədəsi çatana qədər ölməyi bacarasan…
Yəsəvinin nəsihətlərinin qiymətini ancaq dünya səadətlərinə bel bağlamayan sinəsi dərdli aşiqlər bilər. Çünki cahillər üçün mənim sözlərim söz yığınından başqa bir şey deyil. Sən də əgər Eşq şərabından bir damla dad almaq istəyirsənsə, bu hikmət dəryasına baş vur.



