Keçən ilin bir avqust axşamı Gülhanə parkında idim. İstanbulun gecə nəfəsi üzümə toxunduqca içimdə bir səs oyanır – Nazım Hikmətin səsi. Və şeirləri misra-misra qulağımda yenidən səslənir:
“Ben bir ceviz ağacıyım Gülhane parkında,Ne sen bunun farkındasın, ne polis farkında”.
Düşünürəm: Görəsən, Nazım o gün hansı ağacın zirvəsində gizlənmişdi polisdən? Parka diqqətlə boylanıram. Elə bil, onun nəfəsi hələ də buradadır. İllər ötüb keçir, amma yaradıcı insan ölmür – yaradıcılıq elə bir dirilik suyudur ki, içən əbədiyyən yaşayır. Birinin kitabında söz kimi, birinin evində səliqəylə çərçivələnmiş bir tablo kimi, bir başqasının dilində nəğmə olub dolaşır.
Tanımadığın insanların həyatında yer almaq – yaradıcılığın möcüzəsidir.
Bəs yaradıcı olmayan insan necə yaşayır? Nəfəs almaq yaşamaqmı deməkdir? Süni intellektin hər yerdən həyatımıza daxil olduğu, şəkillərimizi duyğusuz və saxta gülüşlə bəzədiyi bu texnogen zamanda insan yaşamağı nə dərəcədə bacarır? Gündəlik ekran müddətimizin ən yaxşı halda 6-8 saat olduğu, sosial şəbəkələrdə videoları çevirib öz əhvalımıza uyğun olanları paylaşmaqla insanlara “mən də burdayam” mesajı verərək yaşamağa çalışırıq. Amma zaman bizdən qaçır, hər göz qırpımında həyat süzülüb gedir. İnsan zamanın illüziyasına qapılaraq uçurur ovucundakı həyatı. Salvador Dalinin “Yaddaşın əzmi” (əriyən saatlar) portretini xatırlamaq yerinə düşür.
İnsan axan zamana qarşı heç bir mübarizə apara bilmir, zaman, insana və əlində qalan tək şeyə – yaddaşına ironiya edir. İnsan da zamanı nisbiləşdirərək onunla oyun oynayır. Albert Eynşteynin nisbilik nəzəriyyəsi barədə məşhur izahı yadıma düşür: “Əlinizi bir dəqiqəliyinə isti bir sobanın içinə salsanız, bu sizə bir saatmış kimi gələr. Amma sevdiyiniz biri ilə bir saat vaxt keçirmək sanki bir dəqiqədir. Nisbilik budur”.
Nazım isə bunu daha ağrılı, daha içdən deyir:
“Ben içeri düştüğümden beri güneşin etrafında on kere döndü dünya.
Ona sorarsanız: “Lafı bile edilmez, mikroskopik bir zaman.
”Bana sorarsanız: “On senesi ömrümün”.
Burada şair zamanın qəddarlığına üsyan edir. Günlərin içindən süzülüb gedən həyatı tutmağa, onu yaşamağa çağırır. Bəs Nazım üçün yaşamaq nədir?
“Yaşamak şakaya gelmez,büyük bir ciddiyetle yaşayacaksın
bir sincap gibi mesela…
yani, yaşamanın ötesinde ve dışında hiçbir şey beklemeden,
yani, bütün işin gücün yaşamak olacak”.
Yaşamaq – ümidlə nəfəs almaq, sevgi ilə addımlamaq, fədakarlıqla insan qalmaqdır. Müharibənin içindəykən gözəl günlərin gələcəyinə inanmaqdır. Həbsdəykən divarın o üzünə keçəcəyin günün xəyalı ilə yaşamaqdır.
Ölümün varlığını bilə-bilə, yenə də “yetmişinde bile zeytin dikmek” cəsarətidir.
“Yaşamak bir ağaç gibi tek ve hürve bir orman gibi kardeşcesine”.
Hər günə ümidlə başlamaq, ən gözəl günün hələ gəlmədiyinə inanmaq, həyatın gətirdiklərini sevə-sevə qəbul etmək… İnsan olmaq budur.
Və sonda şairin qəlbindəki yanğı:
“Yaşardım yine böyle kanrevan içinde, yine böyle aşk ile sersemben,
beni bir daha ele geçirsem…”
Bəs insan bir daha dönərmi bu dünyaya? Bilmirəm. O səbəbdən, bəlkə də, yaşamaq dediyimiz şey, elə bu anın özüdür.
İlknur Əsgərova,
AMEA-nın doktorantı



