Xəbərlər

Strasburqda baş verən qəribə epidemiya – 1518-ci il Rəqs vəbası

1518-ci ilin yayında, Strazburq şəhərində çox qəribə və qorxunc bir hadisə baş verdi. Fray Troffea adlı bir qadın küçəyə çıxdı və heç bir musiqi səsi olmadan öz-özünə dayanmaq bilmədən rəqs etməyə başladı. O, yorulmasına baxmayaraq günlərlə davam etdi və nəhayət taqətdən düşdü, amma istirahətdən sonra yenidən rəqsə qayıtdı.

Bir neçə gün sonra bu qəribə hal başqalarına da keçdi – ilk həftədə 30-dan çox adam onunla birlikdə rəqs etməyə başladı. Aydındır ki, bu əyləncə deyildi: insanlar könülsüz, ritmsiz və dayanmaq bilmədən rəqs edirdilər.

Hadisə bir ay ərzində təxminən dörd yüz nəfərə qədər artdı. Bəzi adamlar davamlı rəqs nəticəsində yorğunluq, ürək tutması və zəiflik səbəbindən dünyasını dəyişdilər. “The Lancet” jurnalında dərc olunan bir məqaləyə görə, rəqsin pik nöqtəsində gündə təxminən 15 nəfərin öldüyü təxmin edilir.

O dövrdə məşhur olan bədən mayeləri (humoral) nəzəriyyəsinə əsasən, həkimlər qərara gəldilər ki, rəqs edənlərin bədənində “isti qan” toplanıb və bu, onların qeyri-iradi hərəkət etməsinə səbəb olur. Problemi həll etmək üçün həkimlər rəqs edənlərə rəqsi davam etdirməyi tövsiyə etdilər ki, guya pis qan yansın.

Anderson Universitetinin tarixçisi Linnet Miller Renberq bildirir ki, bu tibbi nəzəriyyə bu gün tamamilə məntiqsiz görünür, Amma o dövr üçün bu, bədənlə bağlı ən qabaqcıl fikirlərə əsaslanırdı.

Hərəkəti davam etdirmək üçün hakimiyyət orqanları qurbanları şəhərin ən geniş ictimai məkanlarına apardılar və onlara musiqiçilər, aşıqlar və digər rəqqaslar qoşdular. “Onlar düşünürdülər ki, bu, pis qanı yandırmağa kömək edəcək,” – deyə Renberq qeyd edir. Lakin məcburiyyət daha da yayıldı və getdikcə daha çox insan bu rəqsə qoşuldu; bir çoxu yorğunluqdan yıxılana və ya ölənə qədər dayanmadı.

onradan insanlar rəqs edənləri Müqəddəs Vitus ziyarətgahına apardılar, bu rəqs vebasını aradan qaldıracağına inanaraq dua etdilər. Bir neçə həftə sonra bu qəribə epidemiya səngidi. Sentyabr ayında isə tamamilə bitdi.

Müasir tarixçilər və alimlər bu hadisənin səbəbini hələ də tam başa düşmürlər. Amma bəzi səbəblər irəli sürülür:

• Kütləvi psixogen xəstəlik (kütləvi histeriya): insanların ekstremal sosial və iqtisadi stress altında kollektiv olaraq irrasionallığa qapılması.

• Ergot zəhərlənməsi: rutubətli şəraitdə çörək buğdasında inkişaf edən göbələklərdən yaranan toksinlərin təsiri (LSD-yə oxşar təsir teoriyası, lakin tam qəbul olunmayıb).

• Müqəddəs lənət və dini təsirlər: o dövrdə insanlar belə qəribə hallar üçün tez-tez ilahi qəzəb və ya kəskin mistik səbəblər axtarırdılar.

Bu hadisə tarixdə ən qəribə “rəqs epidemiyası” olaraq qalır. Bu rəqs tutmalarının səbəbi bu gün də tam aydın olmasa da, Strazburq hadisəsi hələ də aktualdır. Alimlər bunu insanların ifrat sıxıntı altında necə davrandığının ən ekstremal nümunəsi kimi qiymətləndirir. Bu isə bizə bir daha xatırladır ki, insan psixikasına və mənəviyyatına dəyən zərbələrin nəticələri nə qədər ağır və gözlənilməz ola bilər. Eyni zamanda göstərir ki, sosial stres, qorxu, aclıq və xəstəlik kimi amillər insanların davranışlarını kütləvi şəkildə dəyişdirə, hətta ölümcül nəticələrə səbəb ola bilər.