Dünya həmişə iki cür insan görüb: olanı qəbul edənlər və olmayan bir şeyi var etməyə çalışanlar. İkinci düşüncə sahibinə malik insan heç vaxt çox olmayıb. Çünki yaratmaq, bəlkə də, təbiətə qarşı getməkdir. Təbiət hər şeyi dağıtmağa meyillidir, insan isə əksinə qurur, yaradır, mənaya bürüyür.
Fəlsəfə bu suala çox vaxt mürəkkəb cavablar axtarıb. Aristotel yaradıcılığı insanın mahiyyətindəki “forma vermə” istəyi kimi açıqlayırdı. Martin Haydegger isə yaratmağı dünyaya açılmaq, özünü aşkar etmək kimi görürdü. Lakin hər iki mövqenin arxasında eyni həqiqət dayanır: insan yaratmırsa, yalnız mövcuddur, yaşamır.
Mövcud olmaqla yaşamaq arasındakı fərq məhz buradadır. Hər canlı mövcuddur – nəfəs alır, yeyir, yatır… Amma yaşamaq tamamilə fərqli şeydir. Yaşamaq öz varlığına mənfəət əlavə etmək deməkdir. Bu mənfəəti isə insan ən çox yaradıcılıqda tapır. Şair şeir yazanda, memar bina layihələndirəndə, ata uşağına nağıl səsləndirəndə. Onlar fərqində olmadan hamısı eyni şeyi edir: ötüb keçən vaxtın içinə bir iz salır.
Yaradıcılıq sevgisinin ağır bir yükü də var. O yük azadlıqdır. Kamyu deyirdi ki, azadlıq insanı narahat edir, çünki seçim məsuliyyət doğurur. Yaratmağı seçən insan isə bu məsuliyyəti könüllü öz üzərinə götürür. Heç kimin təkidi olmadan oturub bir şey ortaya qoymaq, əslində, böyük bir cəsarətdir. Nəticənin nə olacağı bilinmir, qiymətləndirilməsi şübhəlidir, lakin iş yerinə yetirilir.
Bəşəriyyətin yaddaşı yaradıcıların üzərində qurulub. Müharibələr unudulur, imperiyalar çökür, adlar silinir. Amma Füzulinin bir beyti, Şopenin bir melodiyası, Mikelancelonun bir cizgisi əbədi olaraq qalır. Bu əbədiyyəti təmin edən nə güc, nə sərvət, nə də mövqedir. Yalnız yaradılan şeyin özündəki həqiqətdir.
Ona görə yaradıcılıq sevgisi, əslində, həqiqətə olan sevgidir. İnsan yaradanda dünyaya “mən burada idim və gördüklərimi belə anlayırdım”, – deyir. Bu etiraf bəzən şeir, bəzən tablo, bəzən də düzgün söylənmiş söz şəklində olur. Amma hər halda, bu, insan olduğunu sübut etməyin ən dürüst yoludur.



