Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin təşkilati tərəfdaşlığı ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Süni İntellekt (Sİ) Günü –“Day of AI” konfransı keçirilib.
“Füyuzat” xəbər verir ki, Azərbaycanda ilk dəfə təşkil olunan konfransın məqsədi süni intellektin təhsil ekosistemində praktiki tətbiqi imkanlarının müzakirəsi, Sİ savadlılığının təşviqi və müxtəlif sektorlar arasında əməkdaşlıq platformasının yaradılması olub.
Tədbirdə dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri, məktəb rəhbərləri və müəllimlər, innovasiya mərkəzlərinin və texnologiya sahəsininin yerli və beynəlxalq ekspertləri bu istiqamətdə süni intellektin rolunu və gələcəyini müzakirə ediblər.
“İnnovasiyalar Mərkəzi”nin direktorunun müşaviri və “ASAN AI Hub”ın rəhbəri Ləman İbrahimova “Real nəticələrə nail olmaq: Süni intellekt strategiyasının praktik tətbiqi” mövzusunda panel müzakirəsində çıxış edib. Diqqətə çatdırılıb ki, “ASAN AI Hub” süni intellekt savadlılığının artırılması istiqamətində beynəlxalq təşkilatlarla əməkdaşlıq edir və bu çərçivədə müxtəlif süni intellekt kursları, təlim proqramları təqdim olunur. Həmçinin müəllimlər və tələbələr üçün fərdiləşdirilmiş öyrənmə imkanlarının genişləndirildiyi, effektiv və əlçatan mühitin formalaşdırıldığı vurğulanıb .
ASAN İnnovativ İnkişaf Mərkəzinin təlimçisi Nofəl Əliyev “Süni intellekt savadlılığı 101: Hər bir müəllim üçün zəruri kompetensiyalar” mövzusunda təlim keçib. Süni intellekt alətlərinin tədris prosesində tətbiqi, dərslərin daha effektiv təşkili, vizual materialların hazırlanması və müəllimlərin iş yükünün optimallaşdırılması ilə bağlı praktiki məlumatlar təqdim edilib.
Sərgi zonası çərçivəsində innovasiya mərkəzləri, süni intellekt və STEAM sahəsində fəaliyyət göstərən şirkətlər, təhsil müəssisələri və texnologiya platformaları müxtəlif layihə və innovativ həllərini nümayiş etdirilib. “İnnovasiyalar Mərkəzi”nin “Bilim Azərbaycan” layihəsi, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, ASAN İnnovativ İnkişaf Mərkəzi və digər layihələri tədbirdə mərkəzin xüsusi stendində təqdim olunub.









