Bu gün sözün bütövlüyünü, Vətən sevgisini və milli ruhu ömrü boyu qoruyub yaşadan böyük şair, yazıçı və ictimai xadim – Sabir Rüstəmxanlının 80 illik yubileyidir.
Sabir Rüstəmxanlının yaradıcılığı Azərbaycan ədəbiyyatında yalnız poetik dəyəri ilə deyil, milli düşüncəyə, azadlıq ideyasına və Türk dünyasının mənəvi birliyinə xidmət edən güclü ruhu ilə seçilir. Onun misralarında Vətən ağrısı, qürur, həsrət, kədər kimi çalarlarla yanaşı, gələcəyə ümid, inam, sevinc də var. Elə buna görə onun şeirləri illər keçsə də, oxucunun qəlbində yaşayır və hər dövrdə yenidən səslənir.
Bu yubiley münasibətilə böyük şairin yaradıcılığından olan bəzi şeirləri sizlərlə paylaşırıq. 80 illik ömrün işığında yazılan bu misralar hələ uzun illər xalqımızın ruhuna yol göstərəcək. Xoş mütaliələr!
ƏLİ BƏNÖVŞƏLİ QADIN
Saçları ağarmış, üzü qırışmış
yaşlı bir qadın
kötüyə dönmüş əlində
üçcə saplaq bənövşə
gedir yolla
yanından ötüb keçən
adamları görmədən.
İlgiləndirmir onu
“Bu yaşda çiçək nə, sən nə?”
deyə bilərlər…
Eləcə bənövşəylə danışır,
ya da bu sehirli mikrafonla
Tanrıya yerdən
reportaj verirmişcəsinə
tutub üzünə çiçəkləri
nəvə əlindən tutmuş kimi.
Gedir
üzündə üç saplaq
qar altdan çıxmış
solğun bənövşənin təbəssümü.
Gedir – bəlkə də,
bu çiçəklərə
ömrünün ən ağır etirafını edir,
ya dərdini açır
özü də bənövşə olduğu illərin.
Ya da duyaraq
yaxınlaşan sonunu
Tanrı dərgahına beləcə getmək istəyir,
əlində bənövşə
qarşılamaq istəyir onu…
Saçlarına taxsaydı
qar altdan çıxıb deyərdim –
yaz yaxınlaşır…
qızılgül yaraşmazdı, bəlkə,
bənövşə yaraşır.
BOYASIZ MİSRALAR
Taxıl bir sapın üstə
dən tutub sünbül olur.
Ləçəklər bir-birinə
sarılaraq gül olur.
Əsintilər birləşib
rüzgar olur, yel olur.
Bulaqlar bir məcrada
qovuşanda sel olur.
Kəlmə kəlmə dalınca
düzüləndə dil olur.
Barmaqlar bir pəncədə
birləşəndə əl olur.
İnsanlar bir qədəri
paylaşanda el olur.
Millət şərə əyilsə
alışmadan kül olur.
BAŞLANĞIC
Üzür son limana ömrün gəmisi
Harda dayanacaq – o hələ bilmir.
Allahın yoludur su da, quru da
Mənzilə yetməsə, dincələ bilmir.
Ömrümün dəyişməz rəngidir sanki
Başımın üstündə qəm bayraqları.
Nə qədər çəksəm də, azalmır dərdim
Dərdim
bu dünyanın ayrılıqları…
Dalımca uzanır qağayı əllər,
Dalğalar önümdə min bir sualdı.
Nə qədər soru var, bitir mənimlə
Nə qədər cavabım yarımçıq qaldı…
Həyatın güzgüsü dənizdi elə
Köksündə bir iz də saxlayan deyil.
Özü göz yaşından yarandığından
Ulduzlar tökülsün ağlayan deyil!..
Silinib gedəcək mənim də izim,
Hər dalğa tələsir öz limanına.
Dəniz sildiyini yazar yenidən
Yüz qonaq gətirər söz limanına.
Beş arşın yolumuz ilkdən sonacan
Biri şirindirsə, biri acıdır.
Elə arxayınam sanki son səfər
Başqa bir yolumun başlanqıcıdır.
YOL
Gecə qaranlığında
işıqdan-işığa yol gedir insan.
Tarix qaranlığında
dahidən-dahiyə…
Ömür qaranlığında
bəndədən İlahiyə!
Hansı mənzilə varsan
ən kəsə yoldu düzlük.
Bir ucu ölümdürsə,
bir ucu ölümsüzlük…
Təqdim etdi: Ləman Vahid



