Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında ictimai-siyasi xadim, Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə zəngin məzmunlu elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim edilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə kitabxanadan məlumat verilib.
Məlumata əsasən, elektron məlumat bazası görkəmli şairin çoxşaxəli yaradıcılığının, ictimai-siyasi fəaliyyətinin və Azərbaycan ədəbiyyatına verdiyi töhfələrin geniş şəkildə təqdim olunması məqsədilə hazırlanıb. Resursda şairin həyat və fəaliyyətini əhatə edən müxtəlif bölmələr sistemli şəkildə toplanıb.
Elektron məlumat bazasında ilk olaraq rəsmi sənədlər, müəllifin layiq görüldüyü təltif və mükafatlar haqqında məlumat təqdim olunur. Bununla yanaşı, Sabir Rüstəmxanlının həyat və yaradıcılığını əks etdirən “Xronologiya” bölməsi vasitəsilə onun keçdiyi yaradıcılıq yolu ardıcıl şəkildə izlənilir. Məlumat bazasında şairin zəngin ədəbi irsindən və mənalı həyat yolundan bəhs edən tarix elmləri doktoru, Eynulla Mədətlinin “Tarixi yaddaş və milli təfəkkür: Sabir Rüstəmxanlı yaradıcılığı”, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Vaqif Yusiflinin, “Vətən şairi” və şair, publisist Aqşin Yeniseyin “Keçmişdəki gələcəyin şairi” kimi məqalələrinin tam mətni yerləşdirilib.
Elektron bazanın əsas üstünlüklərindən biri də müəllifin yaradıcılığının geniş şəkildə təqdim edilməsidir. Elektron məlumat bazasında Sabir Rüstəmxanlının müəllifi olduğu kitablar, “Ön söz” yazdığı nəşrlər, redaktoru olduğu əsərlər, müxtəlif illərdə qələmə aldığı məqalələr və tərcümələri ayrıca bölmələrdə toplanıb. Eyni zamanda, şairin yaradıcılığı haqqında yazılmış kitablar və dövri mətbuat nümunələri də məlumat bazasına daxil edilib.
Elektron resursda Sabir Rüstəmxanlının müsahibələri, müxtəlif tədbirlərdəki çıxışları da istifadəçilərə təqdim olunur. “Şeirlərinə yazılmış mahnılar” bölməsi isə şairin poeziyasının musiqi aləminə təzahürünü nümayiş etdirir.
Bundan əlavə, elektron məlumat bazasında “Filmoqrafiya”, “Foto və videoqalereya” bölmələri də yaradılıb. Həmin bölmələrdə Sabir Rüstəmxanlının həyat və fəaliyyətini əks etdirən videolar, fotoşəkillər və ekran əsərləri sərgilənir.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.



