Köşə Yazıları Xəbərlər

Bizi bir-birimizə baha satan xislət

2024-cü il. Paytaxtdan yüzlərlə kilometr uzaqlıqda yerləşən mədən sahəsi…

Ruzi ardınca mədənə üz tutan, oranın ağır iş şəraitində çalışan gənc geoloqlar təsadüfən bir film fraqmenti izləyirlər. Yaşadıqları coğrafiyanı və həyatı dəyişən bu gənclər anidən izlədikləri videonun təsiri ilə bir-birlərindən xəbərsiz bənzər
duyğulara qapılırlar. Nuri Bilgə Ceylanın “Quru otlar üzərinə” filmindən olan həmin səhnəni gördükdən sonra hamı baş qəhrəman Səmədin “Gör hara gəlib çıxmışıq, kimlərin içindəyik, bu adamları nə vaxt və necə tanıdıq, bu peşəyə necə sürükləndik?” monoloqu ilə özünü və taleyini sorğulayırdı. Bu sözlər onsuz da ətrafındakı yeni mühitə və yad insanlara alışmaqda çətinlik çəkən gənclərin sarı siminə toxunmuş, daxili dünyalarında yığılıb qalan yorğunluğa çıxış yolu olmuşdu.

Təsadüfən bənzər zamanlarda filmi izləyən bu gənc geoloqlar günlərlə onun haqqında dərin müzakirələr apardılar. Hər biri ssenarinin mükəmməlliyindən, rolların təbii ifasından, xüsusilə də narsist xarakterin necə ustalıqla təqdim olunmasından heyrətlə danışırdı. Meqapolisdən uzaq, ağır şəraiti olan bir bölgənin insan psixologiyası üzərindəki sarsıdıcı təsirini hər kəs öz həyatından bir epizod kimi görürdü. Rejissor Nuri Bilgənin vurğuladığı o fikir hamı üçün təsəlli idi: “Əgər həyatımızdan narazıyıqsa, harada oluruqsa olaq, başqa bir yerdə
xoşbəxt ola biləcəyimiz fikri bizə güc verir”.

Lakin gənclərdən biri bu ümumi qənaətlə tam razı deyildi. İçində rejissora belə etiraz edəcək bir cürət taparaq filmin əsas ideyasının bu olmadığını hiss edirdi. Məsələ ağır şəraitli olan bölgə deyildi. Çox işçi onunla eyni şəraitdə işləyirdi. Lakin onlar xoşbəxt idilər və ya belə görünürdülər. Bəs məsələ nə ola bilərdi? Dostları filmdən onlara lazım olan nəticəni çıxarıb rahatlaşmışdılar. Amma o bunu edə bilmirdi, həftələrlə mədəndə süxurların hesabatını apara-apara beynində ancaq bir şey var idi – bu film. Həftələrlə davam edirdi bu düşüncələr. Onun beynində fikirlər bir ip yumağı kimi dolaşıq düşmüşdü.

Bir müddət sonra doğma şəhərinə qayıtmışdı. Amma hələ də fikirlər onu narahat edirdi. Bir gün təsadüfən nəzərini bir söz cəlb etdi – xislət. O an sanki filmin pərdəarxası həqiqətini anladı: Bizi bir-birimizə baha satan xislət.

Filmdəki Səmədin narsist xislətinin bütün ətrafına soyuq kimi yayıldığını görmüşdü. Onsuz da həyatları çətin olan insanlar bir də bu xislətə məruz qalırdı. Xarakterimizin həyatı da bundan fərqli deyildi. Bir xislətin caynağında idi.

Bu elə bir şey idi ki, Səməd müəllimlər otağının o darısqal və sıxıcı havasında digər həmkarlarını bilərəkdən əsəbiləşdirir, onların mənəvi rahatlığını talan edirdi. Onun üçün iş yoldaşları eqosunu nümayiş etdirməkdə bir vasitə, bir “tamaşaçı” idi.

Bu elə bir şey idi ki, qarşısındakı insanın problemini dinləmək, birinin dərdinə şərik olmaq əvəzinə, insanları rəhbərliklə üz-üzə qoyur, özü isə kölgəyə çəkilib bu mənəvi toqquşmanı izləyirdi.

Bu elə bir şey idi ki, iki insan arasındakı dostluq bağını belə kəsib atmağa hazır idi. İnsanlar arasındakı mehribanlığı görməyə dözümü yox idi; o mütləq araya girməli, mütləq kimisə kiməsə qarşı qaldırmalı idi ki, öz varlığını hiss etsin.

Bu elə bir şey idi ki, ətrafındakı təbii gözəllikləri belə görə bilmirdi, yaxınlığındakı möcüzələrdən belə xəbəri yox idi.

Bu elə bir şey idi ki, hətta uşaqların saf dünyasına belə nifrət toxumları səpirdi. Bir müəllim kimi uşaqların sevgisini qazanmaq əvəzinə, başqalarına qarşı içindəki aqressiyanı şagirdlərə aşılaya bilir, onlarda kin və nifaq oyadırdı. Şagirdlərinin gözündə bir örnək olmaq əvəzinə, öz şəxsi qərəzinin cəlladına çevrilirdi.

Bu elə bir şey idi ki, iki təmiz ruhun bir-birinə qovuşma ehtimalını öz mənfəəti üçün qurban verirdi. Bəlkə də, yaşanacaq ən gözəl münasibət dostunun qəlbinə yeridilən o qısqanclıq zəhəri ilə məhz dostunun özü tərəfindən məhv edilirdi.

Bu xislət həm də rəzalətini “məsləhət” maskası altında gizlədirdi. Uşaqlara dönüb: “Onsuz da bu adamların xarakteri bəllidir, hamınız onları yaxşı tanıyırsınız. Həyatda belə insanlar həmişə olacaq. Əsas onlarla mübarizə aparmaqdır, ən yaxşı mübarizə isə onlarla ünsiyyətdə olmamaqdır” deyərkən, əslində, təsvir etdiyi həmin “pis insan”ın özü olduğunu çox yaxşı bilirdi…

Necə ki filmi izləyən qəhramanımız da bu xislətin caynağında olmuşdu.

Orada, hər tərəfi açıq mədəndə təbiətin bütün üzü ilə baş-başa idi: gah qəfil çiskin yağışların altında islanır, gah şimşəyin gurultusunu iliklərində hiss edirdi. Lakin o mədəndə belə, ən təhlükəli olan təbiətin şıltaqlığı deyil, Səməd kimi xisləti olanların yaratdığı mənəvi şaxta idi. Çünki göydən düşən yağış bədəni isladır, şimşək gözü qorxudurdu, amma bu xislətin soyuqluğu birbaşa insan ruhunu dondurub param-parça edirdi. Filmin sonunda fərqli şəhərlərdən ora gələn müəllimlərin və şagirdlərin gördüklərinin də Ərzurumun soyuğu yox, Səmədin xislətinin şaxtası olduğunu başa düşmüşdü. Nə məsələ onun işlədiyi şəhərin şaxtası idi, nə də Ərzurumun. O gənclər də, filmdəki xarakterlər də gec-tez bunu anladı. Məsələ bizim bir-birimizə baha satılmağımız idi…