Elmin Nuri Tarix

Buzun dəhşət çalarındakı cəhənnəm – “Cümhuriyyət hekayələri”

Qeyd: Hörmətli oxucu, “Cümhuriyyət hekayələri” silsiləsi altında təqdim etdiyimiz sənədli hekayələr bədii təxəyyül deyil, sənədlər əsasında hazırlanıb. Real tarixi sənədlər, mənbələr, kitab və məqalələr sayəsində ərsəyə gələcək bu bioqrafik hekayələrdə bir növ sizinlə birlikdə yol gedəcək və yalnız bədii təsvirlə real, yaşanmış hekayələrə işıq tutmağa çalışacağıq.

Hekayəsini təqdim edəcəyimiz növbəti qəhrəman, təəssüf ki, adı bizlərə o qədər də tanış olmasa da, qısa ömründə əsl fədakarlıq nümunəsi göstərmiş şəxs, Cümhuriyyət hökumətinin xaricə oxumağa göndərdiyi 100 tələbədən biri, dünya tarixində ilk aclıq aksiyasını həyata keçirən şəxs kimi yadda qalan, şair, Cümhuriyyət ideologiyasının fədakar daşıyıcısı, maarifçi Əli Yusifzadə (Əli Yusifdir).

Qısa dosye:

Əli Cəlal oğlu Yusifzadə 1900-cü ilin yanvarın 1-də Şuşa şəhərində doğulub. Yusifzadələr ailəsi Şuşanın sayılıb-seçilən nəsilindən olub. Soyadlarını da İbrahim xanın sarayında işləmiş Mirzə Yusifin adından alıblar. Mirzə Yusifin oğlu Mirzə Əliqulu, Mirzə Əliqulunun oğlanları Mirzə Ələkbər və Mirzə Abbas da şair və alim kimi tanınıb. Mirzə Ələkbərin Cavad, Cəlal, Camal, Cabbar, Səttar, Münəvvər və Sitarə adlı övladları olub. Onlardan Cəlal, Camal, Səttar müəllimlik edib. Ağaəlinin atası Cəlal qadaşlarından bədii, elmi yaradacılıqda, pedaqoji və ictimai-siyasi işlərdə fəallığı ilə seçilib.

Əli Yusifzadə dərslərini yaxşı oxumaqla yanaşı, bədi yaradıcılıqla da məşğul olub. “Balıq və pişik” təmsili (“İşıq”, 1911, sayı 15, səh. 7), “Anaların təfavütü” hekayəsi (“İşıq”, 1911, sayı 26, 27 avqust, səh. 6), “Vətənim” şeiri (“Məktəb” 1913, fevral) nəşr olunub. Yazdıqlarını qəzet və jurnallarda çap etdirməklə yanaşı, müsabiqələrdə də gücünü sınayıb. 1915-ci ildə Bakıdakı “Qurtuluş” jurnalı “Qürub çağı bir yetimin məhkumluğu” mövzusunda müsabiqə elan edib. Əli Yusif də müsabiqəyə yazı göndərib. Qaliblər sırasında Cəfər Cabbarlı, Ümmgülsümlə yanaşı, Əli Yusifzadə də olub.

Əli Yusifin ziyası Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra daha da parlayır. Atası – hamının hörmət etdiyi maarifçi-ziyalı Mirzə Cəlal onu uşaqlıqdan çox savadlı şəxs kimi yetişdirmişdi. 18 yaşına çatana qədər artıq bir neçə dildə sərbəst yazıb-oxuya bilirdi. Amma yenə də Qərb təhsilini əsas görürdü.

Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra ailələri Bakıya köçüb. Əli Yusif “Yaşıl qələm”in, “Ədəbiyyat cəmiyyəti”nin işində fəal iştirak edib, “Azərbaycan”, “İstiqlal”, “Bəsirət”, “Qurtuluş yolu” qəzet və jurnallarında müstəqillik, azadlıq ideyalarını tərənnüm edən məqalələr və şeirlər nəşr etdirib. Onun 1918-ci il dekabrın 7-də Azərbaycan Cümhuriyyəti Parlamentinin açılış günü münasibəti ilə “Azərbaycan” qəzetinin xüsusi buraxılışında çap olunan “Prometey” məqaləsi böyük maraqla qarşılanıb. Bakıda yaşadığı dövrdə Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Əhməd Cavad, Mirzə Bala Məhəmmədzadə, Cəfər Cabbarlı, Dadaş Həsənov və b. ilə tanış olub.

“İndi soyuq Sibirin uzaq tundralarında sovet cəlladlarının vəhşi işgəncələrinə davam gətirməyərək vətən mücahidlərinin bəxtinə əcəl camını içmiş şair Əli Yusif hadisələrin inkişafını bu ilhamlı beytlərlə təsvir edirdi:   

Çox dolaşdım əski Şərqin ölü, hissiz yurdunu,
Sübh olmuşdu, fəqət bir oyanan görmədim.
Anlamazdı kimsə onun o şübhəli dərdini,
Ağlamazdı ona kimsə, qəlbi yanıq görmədim”.

Bu sözlər Azərbaycan Xalq Cümhuriyyətinin lideri Məhəmməd Əmin Rəsulzadəyə məxsusdur. O, “Çağdaş Azərbaycan ədəbiyyatı” adlı əsərində Azərbaycan poeziyasının, bəlkə də, ən nakam şairi və nakam olduğu qədər də öyrənilməyən fədaisi Əli Yusif haqqındakı qeydlərdindən götürülüb. O Əli Yusif ki, heç 40 il də yaşamadı və ən acınacaqlısı da odur ki, 38 illik ömrünün az qala tən yarısını sürgün və məşəqqətlərdə keçirdi.

Əli Yusifzadənin adı Azərbaycan parlamentinin 1919-cu il 1 sentyabr qərarı ilə xarici ölkələrə oxumağa göndərilən tələbələrin siyahısına salınıb. Lakin texniki səbəbdən tələbələrin göndərilməsi gecikdirilib. 1920-ci il yanvarın 12-də “İstiqlal” qəzetində Əli Yusifzadənin “Əlvida” şeiri dərc olunub. 14-də isə cümhuriyyət rəhbərlərinin, tanınmış xeyriyyəçilərin, din xadimlərinin və valideynlərin iştirakı ilə tələbələrin təntənəli yola salma mərasimi təşkil edilib. Fevralın 11-də Parisə çatan tələbələri Sülh Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyəti qarşılayıb. Əlimərdan bəy Topçubaşov tələbələr qarşısında çıxış edərək onlara nəsihətlər edib və uğurlar arzulayıb. Sonra tələbələr təhsil almaq üçün Avropanın müxtəlif şəhərlərinə yola salınıb. Əli Yusifzadə Parisdəki Ali Siyasi Elmlər Akademiyasınının Diplomatiya fakültəsinə daxil olub.

Buzlu cəhənnəmin dəhşətləri

İndi biz sizinlə xəyalən də olsa, Əli Yusifin amansız işgəncələr gördüyü Solovkidəyik. Özü də 1927-ci ilin dəhşətli şaxtalarının ağalıq etdiyi Solovkidə… Bu elə bir zaman idi ki, burada dustaqlara heç bir güzəştlər edilmir, faciə insanları isə 40 dərəcədən çox şaxtanın altında yırtıq ayaqqabı, nazik və cırıq üst geyimləri ilə, ac qarınları və azarlı vücudları ilə dəhşətin oxşarı olan həyatı yaşamalı idilər. Bəziləri dözmür, meşəyə odun doğramaq üçün getdikləri zaman balta ilə özlərinə xətər yetirir, hətta əllərini, ayaqlarını kəsməkdən belə çəkinmirdilər. Sibir həkimlərinin narahatlığını görən həkimlər qərargah rəisinə məlumat verirlər. Qərargah rəisinin qərarı isə belə olur:

Lazım gəlsə, əlləri və qolları kəsilmiş halda işləməlidirlər.

Beləcə, Solovkidə hər gün onlarla adam dünyasını dəyişirdi.

Şair Əmin Abid Gültəkinin “buzlu cəhənnəm” adlandırdığı Solovki sürgün düşərgəsi… Şimal Buzlu Okeanının qonşuluğunda yerləşən bu ərazi SSRİ-in ən ağır cəza yeri, hamının yaddaşında dəhşətin buzlu obrazı kimi qalmaqdadır. 1926-cı il martın 10-da istiqlal uğrunda gizli mübarizəyə görə həbs edilən bir qrup azərbaycanlı gənc Bakı həbsxanasında da öz mücadilələrini davam etdirir. Bunu görən bolşevik təhlükəsizlik qoçuları onları ən ağır cəza məntəqələrindən biri sayılan Solovkiyə göndərməyi qərara alır. Amma onlar yenə də qürurludur. Çünki bu gənclər onları heç nədən qorxmayaraq uzaq və gedər-gəlməz Solovkiyə yola salan həmvətənlərinin, azərbaycanlı kəndlilərin göz yaşının istisinə bürünüb və uzaq Sibir meşələrində də onları bir müddət bu göz yaşının istisi qoruyacaqdı. Kəndililər ağlaya-ağlaya onlara deyir:

Sizdən əvvəl gedən qəhrəman gəncliyə Azərbaycan köylüsündən salamlar aparın…

Gənclər sevinirlər ki, onları yola salmaq üçün bu qədər insanlar gəlib. Deməli, Azərbaycan uğrunda mübarizə aparmağa dəyərmiş! Odur ki, qatara minən kimi “şarkı, şarkı” deyərək bir ağızdan “Ağlama sən, gəlib vətən” mahnısını oxumağa başlayırlar. Onlar bilirlər ki, Şimal buzlu adalarındakı meşələrə, şaxtanın içinə, ağır əmək düşərgələrinə göndərilirlər. Onlar bilirlər ki, özlərindən qabaq Solovkiyə sürgün olunanlar ya ölürlər, ya da ölüyə bənzər bir məxluqa çevrilirlər. Amma aralarında Kələntərli Cabbar, B.Səfizadə, Muradxan Naxçıvani, Abbasqulu, B.Həmid Kəngərli, Səlimzadə və başqa Azərbaycan fədailərinin olduğu bu heyəti ayaq üstə saxlayan nəsə var idi. Onlarla eyni vaxtda Solovkiyə sürgün olunan B.E.Ağa oğlu adlı istiqlal savaşçısı sonradan yazacağı “Solovkidə gördüklərim” adlı xatirə əsərində bunun səbəbini belə qeyd edəcəkdi:

“Biz böyük və tarixi vəzifə ifa etməkdə olduğumuzu dərk etməklə getməkdə olduğumuz cəhənnəmin dəhşətlərini tamamilə unutmuşduq”.

Solovkiyə çatarkən onları şaxta ilə bərabər şaxtadan da kəsərli və öldürücü olan bir rejim qarşılayır. Əvvəlcə özlərindən əvvəl burada həbsdə olan istiqlal savaşçıları ilə görüşüb qucaqlaşıb ağlayırlar. Məhz şair Əbdürrəhman Dai və onun kimi bir neçə yerli dustağın halını görəndən sonra gələcəklərinə inam tamamilə itir. Çünki onlar artıq o vəziyyətdə idilər ki, fiziki baxımdan həyatdan çox ölümə aid idilər. İlk gün bu qrupu soyuqda üç saat saxlayaraq ac-susuz onlara ağır təlim keçir, Solovki qaydaları ilə tanış edirlər. 40 dərəcə şaxtadan sonra düşərgəyə gətirilən həmvətənlərimiz yerlilərini görən kimi kövrəlirlər. Ağa oğlu kitabında həmin dəqiqəni bu cür təsvir edir:

“Gözlərdə atəş göründü. Ürəklərimizdə sönməyən müqəddəs atəş tutuşmuşdu. Kafiləmizə mənsub biri:

Qardaşlar! Azərbaycanın uğrunda, onun qurtuluşu, istiqlalı üçün böyük və parlaq milli zəfərə qədər davam edəcək bu müəzzəm mücadilə naminə biz mənfa həyatımızın bütün məhrumiyyətlərinə, iztirablarına təhammül edəcəyik. Öləriksə, bütün milli idealımız yaşanması, təhəkkük etməsi üçün ölmüş olarıq. Yaşasın Azərbaycan!..”

Bu qrup çox məşəqqətlərə tab gətirə bilir. 18–19 saatlıq ağır əmək, 45 dərəcə şaxtada meşə işləri, aclıq və zəhərli yeməklər istiqlal savaşçılarını tamam əldən salır. Ən pisi də o idi ki, 19 saatlıq ağır əməyin nəticəsində onlara verilən bir parça çörək və balıq şorbasının əzabı daha dözülməz olur. Çünki uzun müddətdir saxlanılan və xarab olan balıqlardan çıxan qurdlar şorbanın üstündə var-gəl edirdilər.

1927-ci il martın əvvəllərində bura azərbaycanlılardan ibarət növbəti qrup gətirilir. Həmin qrupun tərkibində yazının qəhrəmanı Əli Yusiflə bərabər Vəkilli İsfəndiyar, Muin Niyazi, Sultanzadə Mehdi, İmanaə Sadıq, Rizabəyli Nəsrüllah, Bəkdəmirzadə Muhsin bəy və başqaları da olur. Qrupda, əsasən, zabit və maarifçi ziyalılar var idi.

Solovki… Bu elə bir zaman idi ki, burada dustaqlara heç bir güzəştlər edilmir, faciə insanları isə 40 dərəcədən çox şaxtanın altında yırtıq ayaqqabı, nazik və cırıq üst geyimləri ilə, ac qarınları və azarlı vücudları ilə dəhşətin oxşarı olan həyatı yaşamalı idilər.

Əli Yusif də bu məqamda Solovkiyə sürgün edilir. 10 il həbs cəzasına məruz qalan Əli Yusif Azərbaycan və gürcü dustaqları ilə bərabər aclıq aksiyasının ideyasını verir və ona rəhbərlik edir. Solovkidə cəmi 4 sinif bitirmələrinə baxmayaraq, ali təhsilli ziyalılara qan udduran düşərgə zabitləri gözləmədikləri bir vəziyyətlə qarşılaşırlar. Onsuz da əziyyətlərin dəhşətlərinə tab gətirə bilməyən başqa dustaqlar da bunlara qoşulur. Günlərin birində 40 ukraynalı dustaq heç bir səbəb göstərilmədən gecə vaxtı çölə çıxarılaraq 45 dərəcə şaxtada səhərə qədər işgəncəyə məruz qalırlar. Ağa oğlu Solovki xatirələrində bunları yazır:

“1927 sənəsinin qışında Solovkiyə Azərbaycandan 30 nəfərlik bir millətsevən qəfilə gətirilmişdi. Bunlar vəhşi rejimə təhəmmül etməyərək aclığa qərar verdilər. Bu qrupun qəti ölüm qərarı Solovkidə bulunan bütün azərilər tərəfindən qəbul olundu və qrev ümumi bir şəkil aldı. Qrev tam 22 gün davam etdi. İnsanlar acından bütün-bütünə bir skletə döndülər. Haqlarında bir cüzi təhfifat yapıldısa da, demək olar ki, bu aclıq qrevlər heç bir şey dəyişmədi. Biləkis Azərbaycan, gürcü və ukrayna millətsevənlərinin bu inadla müqavimət və mücadilələrini Q.P.U. idarəsinin bunlar haqqında daha vəhşicəsinə və barbarcasına tədbirlər almağa sövq edirdi. Hər bir bəşəri, insani hiss və duyğulardan mərhum bulunan bolşeviklərdə insanın insanı tələblərinə qarşı vəhşi bir istehzadan başqa bir şey mövcud deyildir”.

Əli Yusifin həbsxanadakı dəhşətli rejimin əleyhinə qaldırdığı bu etiraz forması onun ən yaxın dostlarının, gəncəli İbrahim Axundzadənin və şəkili Əlövsət Nəcəfovun acından ölümünə səbəb olur.

Buna baxmayaraq Əli Yusifdən başlayan bu etiraz sonradan başqa millətləri – qazax, qırğız, başqırd və dağıstanlıları da ayağa qaldırır.

Azərbaycanın istiqlal şairi, mədəni nəslin nümayəndəsi Əli Yusif dünya siyasi tarixində ilk aclıq aksiyası edən insan kimi tarixə düşməklə yanaşı, vəhşi Solovkinin ilk qəddar düşməni olur.

1935-ci ilin yanvarında sürgündən azad edilir, amma yenə vətənə buraxılmır. Bir sürgündən çıxıb o biri sürgünə düşür. 1937-ci ildə həbs olunur, elə həmin il də dünyasını dəyişir…