Dilqəm Əhməd Tarix Xəbərlər

SSRİ səfirinin şikayətinə səbəb olan “Azərbaycan” maddəsi – EKSKLÜZİV

Dr. Dilqəm ƏHMƏD

1943-cü ildə SSRİ-nin Türkiyədəki səfirliyi “İslam-Türk Ensiklopediyası”nda çıxan “Azərbaycan” maddəsini türk hökumətinə şikayət edib. Bunun səbəbi həmin maddədə Rusiyanın Azərbaycanı işğalından sonra törətdikləri cinayətlərin bu ensiklopediyada yer alması idi.  

“İslam-Türk Ensiklopediyası”

“İslam-Türk Ensiklopediyası”1940–1948-ci illərdə İstanbulda işıq üzü görüb. Redaksiya heyətində Əşrəf Edip (Fergan), İsmayıl Hakkı İzmirli, Kamil Miras və Ömər Rıza Doğrul kimi şəxslər yer alıb. Ensiklopediya əvvəlcə jurnal şəklində çıxıb, ilk sayının tarixi 25 oktyabr 1940-cı ildir. “Türk-İslam mütəxəssis alimlərindən ibarət heyət tərəfindən təlif olunmuşdur” qeydi ilə işıq üzü görən ensiklopediya “Âsâr-ı İlmiyye” kitabxanasının nəşri kimi fəaliyyətə başlayıb.

“İslâm-Türk Ansiklopedisi/Muhîtü’l-Maârif Mecmuası” adlı bu nəşrdə müəlliflər haqqında məlumat verilib, ensiklopediya barədə çıxan yazılara cavab verilib, eləcə də müvafiq şəkildə maddələr yer alıb. Daha sonra bu saylar toplanılıb və 798 səhifədən ibarət cild şəklində çap olunub. Həmin ilk və sonuncu cilddə uzun “A” hərfi ilə başlayan maddələr yer alıb. Cildin sonundakı fihristdə müxtəlif elm sahələrinə aid 513 maddənin adı qeyd olunub. İkinci cild normal “A” hərfi ilə başlayan maddələri ehtiva edib, toplam 384 səhifədən ibarət olub, tamamlanmadığı üçün ayrıca cild şəklində çıxmayıb.  

Bu ensiklopediyanın hazırlanması inqilabçı Türkiyənin elmi-mədəni inkişafı üçün əhəmiyyət daşımaqdaydı. 1–5 may 1939-cu il tarixlərində keçirilən I Türk Nəşriyyat Qurultayında bir ensiklopediyanın hazırlanması müzakirə edilib, nəticədə Maarif Vəkaləti Niderlandın Leyden şəhərində ingilis, fransız və alman dillərində yayımlanan “İslam Ensiklopediyası”nın türk dilinə tərcümə olunması barədə qərar qəbul edilib. Bu məqsədlə İstanbul Universiteti Ədəbiyyat Fakültəsində bir tərcümə bürosu da yaradılıb. Lakin Avropada hazırlanan bu nəşrin missioner orientalizm nümunəsi olduğu, eləcə də qərəzli yanaşmalara yer verdiyi üçün tərcüməsi məqsədəuyğun hesab edilməyib, milli bir ensiklopediyanın hazırlanmasına qərar verilib. Bu ensiklopediyanın isə ancaq türk müəlliflərin ərsəyə gətirəcəyi hesab edilib. Çap edildiyi gündən etibarən mütəmadi tənqidlərə də məruz qalan məcmuə 1948-ci ilin aprelində 100-cü saydan sonra fəaliyyətini dayandırıb.

Azərbaycanlı mühacir müəlliflər

Ensiklopediyanın jurnal formasındakı nüsxələrində müəlliflər haqqında da məlumat verilib. Həmin müəlliflər arasında azərbaycanlılar da var: Məhəmmədəmin Rəsulzadə və Mirzəbala Məhəmmədzadə.

“Muhîtü’l-Maârif Mecmuası”nın 45-ci sayında ensiklopediyanın müəlliflərindən Məhəmmədəmin Rəsulzadənin bioqrafiyası və yazdığı maddələr verilib. Maraqlıdır ki, Rəsulzadə bu dövrdə Avropada yaşayırdı, ehtimal ki, o, Türkiyənin Buxarest səfirliyi vasitəsilə redaksiya ilə əməkdaşlıq edib.

Ensiklopediyadakı “Azərbaycan” maddəsinin ilk bölümündə “Azərbaycan” adının mənası və tarixi hüdudlarından bəhs edilib. Bu giriş maddəsini Rəsulzadə özü qələmə alıb. Məhəmmədəmin bəy “Azərbaycan” adının mənası ilə bağlı iki versiyanın olduğunu ifadə edib: “Birinci izaha görə “Azərbaycan” kəlməsi “Azərbayqan” sözünün ərəbləşdirilmiş variantıdır. Atəş mənasını verən “azər” ilə  yer, məkan demək olan “qan” köklərindən düzəldilmiş mürəkkəb bir kəlmədir və “Atəş yurdu” deməkdir… İkinci izah verənlər isə keçmiş dövrlərdə kiçik Midiyanın yerini alan bu adın Böyük İskəndərin komandanlarından Atropatın farsca Azərbad adı ilə münasibətdə olduğunu irəli sürürlər. Onların fikrincə, Azərbaycan Atropatena demək olan Azərbadqandan dəyişmiş Azərbayqan sözünün ərəbləşdirilmiş son şəklidir”.

Rəsulzadə ardınca vaxtilə özünün birbaşa iştirak etdiyi münaqişəni yada salaraq yazıb: “Bundan 22 il əvvələ qədər beynəlmiləl coğrafiya istilahında sadəcə İrana aid bir əyalət adı kimi tanınan bu kəlmə hazırda Qafqaz cümhuriyyətlərindən birinin də beynəlmiləl tanınmış adıdır. Mərkəzi Bakı olan bu cümhuriyyətin Azərbaycan adını almağa haqlı olub-olmadığı vaxtilə münaqişə edilmişdi”.

Burada Rəsulzadə Cümhuriyyət dövründə “Azərbaycan” qəzetində Qacar dövlətindən səslənən ittihamlara verdiyi sərrast cavabları yada salmaqdaydı. O, daha sonra müxtəlif əsərlərə istinad edərək Azərbaycan adının Arazın şimalındakı ərazilər üçün işlənməsinin 1918-ci ildən daha əvvəl olduğunu isbatlayıb.

Rəsulzadənin bu məqaləsinin ardınca Azərbaycanın coğrafi ərazisi maddəsi verilib, onun da müəllifi M.Şakir Ülkütaşır olub. Ülkütaşır davamında “Şimali Azərbaycan” (Qafqaz Azərbaycanı) və “Cənubi Azərbaycan” maddəsini də qələmə alıb. Etnoqrafiya və tarix bölümlərini isə Rəsulzadə yazıb. O, Azərbaycan xalqının formalaşması ilə bağlı tarixi bilgilər verdikdən sonra yekun nəticəyə gəlib: “Azərbaycan türkləri Anadolu türkləri kimi əksəriyyətlə Oğuz türkmənlərə mənsub əşirətlərdən təşəkkül etmişdir. Gərçi burada peçeneq, noqay və bulqar qəbilələrinə mənsub türk əşirətlərinin izlərinə dəxi rast gəlinməkdədir. Səlcuqlar və moğollardan sonra Azərbaycan etnik etibarilə bilxassə oğuzlaşdığı kimi mədəniyyət etibarilə də oğuzlaşmışdır”.

Rəsulzadə tarix bölümündə isə Midiya, Albaniya dönəmindən cümhuriyyətəqədərki geniş bir dövrü qələmə alıb. “Azərbaycan milli cümhuriyyəti”, “Siyasi hərəkatlar”, “Sovet dövrü”, “İstila və istilanın əks-sədası” başlıqlarını isə A. Kutluk imzası ilə Mirzəbala Məhəmmədzadə qələmə alıb. “Ləhcə” başlığını yenə Rəsulzadə, “Ədəbiyyat” başlığını isə M. Şakir Ülkütaşır yazıb. Azərbaycanla bağlı növbəti başlıqları isə M. Avşarlı, Mahmud Raqıb Kösemihal ərsəyə gətirib. Geniş şəkildə verilən “Məzhəblər” bölümünü də Mirzəbala Məhəmmədzadə qələmə alıb.

Sovet səfirinin şikayəti

Türkiyə dövlət arxivindəki bir sənəddə SSRİ-nin Türkiyə səfirliyinin İslam-Türk Ensiklopediyası”ndakı “Azərbaycan” maddəsində yazılanlara görə şikayət etdiyini görürük. Bu şikayət əsasında hazırlanan 1943-cü ilin may ayındakı hesabatda səfirliyin iddiaları ətrafında fikirlər ifadə edilib. Bu hesabat “Azərbaycan” maddəsini yazan müəlliflərin fəaliyyətinə də işıq salmaqdadır.

Ensiklopediyanın 44–47-ci nömrələrində yer alan “Azərbaycan” maddəsinin təhlili hesabatda bu şəkildədir:

Azərbaycan

“İslam-Türk Ensiklopediyası”, No. 44–47:

Birinci hissə (No. 44)

Azərbaycan haqqında ümumi bir baxışdır və bu məmləkəti coğrafi, tarixi, irqi və mədəni baxımdan elmi surətdə təhlil edən yığcam bir etüddür. Bu hissədə müxtəlif millətlərə mənsub tarixçilərdən bol-bol iqtibaslar gətirməklə kifayətlənmiş, şəxsi görüş və mülahizələrdən çəkinilmişdir. Bunların arasında keçmiş çar Rusiyasına mənsub tarixçilər də vardır.

Coğrafiya (No. 45)

Bu bəhs Şimali (Qafqaz) və Cənubi (İran) Azərbaycan olaraq iki hissədən ibarət mütaliə edilir. Təbii coğrafiya məntəqələri; dağlar, çaylar, göllər və meşələrlə kənd təsərrüfatı və sənaye istehsalı hər iki hissənin başlıca mövzularını təşkil edir.

Etnoqrafiya (No. 45)

Bu hissədə miladdan əvvəl VII əsrdən bəri Xəzər dənizi ətrafında bir-birinin ardınca baş verən qövm hərəkətlərinin irqi xüsusiyyətləri tədqiq olunaraq bugünkü Azərbaycanın əsl sakinlərini təşkil edən millətin türk mənşəli olduğu nəticəsinə gəlinir və bir çox qədim və yeni tarixçilərdən sitatlar gətirilir.

Tarix (No. 45–46)

Bu hissədə müxtəlif tarixi dövrlər ardıcıllıqla tədqiq olunur. Ən son Atabəylər və Xanlıqlar dövründən sonra çar Rusiyasının istilası ilə başlayan və 1918-ci ildə Azərbaycan Milli Cümhuriyyətinin qurulması ilə başa çatan dövrlə bu bəhs yekunlaşır. Bu hissə də əvvəlkilər kimi kifayət qədər obyektiv surətdə yazılmış və tarixi hadisələrin təsbit edilməsi ilə kifayətlənmişdir. Amma Azərbaycan xanlıqlarının çar Rusiyası istila qüvvələrinə qarşı mübarizələrindən bəhs edən hissədə rus generallarının zülm və vəhşəti, xanların göstərdikləri müqavimətlər təsvir edilərkən müəllifin hissi təsirlərə qapıldığı təəssüratı yaranmaqdadır.

Azərbaycan Milli Cümhuriyyəti (No. 46)

Bu fəsildə tarixi hadisələr bir-bir qeyd edildikdən sonra Cümhuriyyətin qurulmasının ardınca idarəçilik, ordu və maarif sahələrində həyata keçirilən yeniləşmə hərəkatları çarlıq dövrü ilə müqayisəli şəkildə təfsil edilməkdədir. Müəllif bu fəsildə Azərbaycan Cümhuriyyətinin idarəçiliyini əlində tutanlara sanki bir mədhiyyə yazmış və onların fəaliyyətlərini izah edərkən olduqca təqdiredici bir dil istifadə etmişdir. Bununla yanaşı burada bugünkü Sovet rejimi əleyhinə anlaşıla biləcək bir şey yoxdur.

Azərbaycanda siyasi hərəkatlar (No. 46)

Bu fəsildə də Cümhuriyyətin qurulmasından sonrakı siyasi xarakterli hadisələr və bunların Türkiyədə, eləcə də digər xarici ölkələrdə doğurduğu müsbət və ya mənfi əks-sədalar kifayət qədər obyektiv surətdə təhlil olunur.

Sovet dövrü (No. 46–47)

Sovet səfirliyinin şikayətinə ən çox hədəf olan bu hissədə diqqət çəkən yazılar bunlardır:

“Sovet ordusunun guya Anadoluya yardıma gedəcəyi bəhanəsi ilə Azərbaycana girib orada yerləşdikdən sonra təsis edilən müvəqqəti inqilab komitəsinin (Refkom) ilk fəaliyyətləri haqqındakı hissə Məhəmmədəmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” adlı əsərinin 164–165-ci səhifələrindən eynilə iqtibas edilmişdir. Burada bütün hərbi və mülki rəhbərlərin, məbusların, yüksək vəzifəli məmurların, zənginlərin, nüfuzlu bir çox şəxslərin və partiya üzvlərinin həbsə atıldıqları və “Yağma həftəsi” deyilən bir basqınla bütün evlərin axtarıldığı; yataq, paltar, pul, qızıl, zinət əşyaları, qida məhsulları və sair kimi işə yarayan hər şeyin yük maşınlarına doldurularaq “Lenin yoldaşa proletariatın hədiyyəsi” deyə Rusiyaya aparıldığı və başında bir rus yəhudisi duran edam maşınının mühakiməsiz olaraq çalışdığı; Azərbaycanın ən çox tanınmış rəhbərlərindən adları bir-bir sadalanan on dörd nəfərin qurbanlar arasında olduğu və ilk günlərdə güllələnənlər arasında milli ordunu quran heyətə mənsub 6 general, 6 polkovnik, 1 polkovnik-leytenant, 3 kapitan və 7 baş leytenantın olduğu, Bakı hərbi və mülki qubernatorları ilə polis rəisinin də dərhal güllələndiyi yazılmaqdadır. (səh. 735)

Bu fəsildə Sovet istilasını izləyən və ruslar tərəfindən olduqca qanlı şəkildə yatırılan üsyanlardan bəhs edildikdən sonra Rusiyada NEP dövrünü izləyən kollektivləşmə, yəni həqiqi kommunizm dövründə Azərbaycan kəndlisinin bu sistemi əldə silahla qarşıladığı qeyd olunur. Beləliklə, 1929-cu ildən 1932-ci ilin sonuna qədər Azərbaycanın yenidən bir hərb meydanına çevrildiyi və bu qanlı döyüşlərdə üsyançılara qarşı təyyarə, tank, hətta boğucu qaz belə istifadə edildiyi, bu məmləkətdə 50 mindən çox kəndlinin ailəsi və uşaqları ilə birlikdə Sibirə sürüldüyü yazılmaqdadır. (səh. 736)

Mədəniyyət

Sovet istilasına qədər Türk birliyi istiqamətində inkişaf edən Azərbaycan milli mədəniyyətinin o tarixdən sonra inkişaf istiqamətinin tamamilə dəyişdirildiyi və Azərbaycan türkünü rus mühiti və rus mədəniyyəti içində əritmək siyasətinin izlənildiyi yazılır. (səh. 737)

Siyasi haqlar

Sovet ana qanununa (konstitusiyasına) görə seçki hüququnun qırmızı ordu mənsubları ilə işçilərə aid imtiyazlardan ibarət olduğu və sovet idarəçiliyinin Azərbaycanda qurulmasının ardınca Bakıda 80%-i türk olan neft işçilərinin yerinə rus və erməni işçilərin gətirilməsi səbəbilə Azərbaycan türklərinin bu yolla siyasi haqlardan da faktiki olaraq məhrum buraxıldığı bildirilməkdədir. (səh. 737)

Dil məsələsi

Hər nə qədər Ana qanun (Konstitusiya) liberal bir görünüşə malik olsa və fərz edək ki, ittifaq daxilindəki üzv respublikalara istədikləri zaman birlikdən çıxmaq haqqını tanısa da, bunun üçün federal hökumətin razılığının şərt olması bu liberalizmin əslində nəzəriyyədə qaldığını göstərir. Ana qanunun hədəflədiyi əsas qayənin birliyə daxil olan bütün millətləri rus dili və mədəniyyəti ətrafında “tək dilli və tək mədəniyyətli bir Sovet milləti” halına gətirmək olduğu iddia edilir. Bunun üçün də bugünkü Sovet İttifaqının müxtəlif azad millətlərin müştərək mənafelər ətrafında iş birliyi qurmasından ziyadə tam mərkəziyyətə aparan müvəqqəti bir mərhələ təşkil etdiyi bildirilir. (səh. 738)

Bu qayəyə uyğun olaraq tənzimlənən dil məsələsində də əvvəlcə uzun sürən nəzəri hazırlıqlar əsnasında kapitalizmin və pantürkizmin nümayəndəsi hesab edilən ədəbi türkcənin yerinə Sovet inqilabının müştərək dili olan ruscanın gətirilməsinə çalışıldığı qeyd olunur. Nəhayət, 1938-ci ildə Azərbaycanın ibtidai məktəblərindən başlayaraq rus dilinin tədrisi qanuni bir hala gətirilmişdir. Təşkilati-əsasiyyə (Konstitusiya) qanununa görə rusca ilə bərabər tutulan türkcənin orduda, dövlət idarələrində və elmdəki mövqeyini itirdiyi; latın və rus əlifbalarından hansının üstün tutulacağı barədə aparılan uzun mübahisələrdən sonra 1940-cı ilə doğru latın qrafikalı əlifbalar ləğv edilərək rus əlifbasının bütün Rusiya türklərində istifadəsinin məcburi tutulduğu və elmi terminlərin yerinə rusca terminlərin qoyulduğu yazılmaqdadır. (səh. 739–741)

Ədəbiyyat

Ədəbiyyat sahəsində də məktəblərdə türk şair və ədiblərinin əsərləri yerinə rus əsərlərinin oxudulduğu, türk milli şairlərinin əsərlərinin milli kitabxanalardan yığılaraq məhv edildiyi və bu əsərlərin qanundankənar elan edildiyi, bunun müqabilində rus dilindən edilən tərcümə ədəbiyyatına geniş yer verildiyi bildirilir (səh. 741).

Tarix

Həm ümumi Türk tarixi, həm də Azərbaycan tarixi ortadan qaldırılaraq məktəblərdə tarix tədrisinin Sovet tarixi və sinfi mübarizələr tarixi çərçivəsinə daxil edildiyi qeyd olunur. (səh. 742)

Din, əxlaq və ailə təşkilatının təməlindən sarsıldığı və ailə məfhumu ilə əlaqədar olan hər növ mülkiyyətin, əslində rejimin tələbi olaraq ləğv edilmiş olması səbəbi ilə Azərbaycan türklərinin öz ana yurdlarında, öz milli torpaqları üzərində heç bir mülkiyyət haqqına malik olmayan bir təzyiq və əsarət altına girdiyi və bütün maddi-mənəvi həyatının tamamilə rusların əlinə keçdiyi (səh. 742) yazılmaqdadır.

İstiqlal və istilanın əks-sədaları (No. 47)

Bu bəhsdə ümumiyyətlə qeyd olunmalı xüsusi bir şey yoxdur. Yalnız 744-cü səhifədə Azərbaycanın Sovetlər tərəfindən istilasının həqiqi mahiyyəti anlaşıldıqda bütün Türk ictimai rəyinin və mətbuatının bunu müştərək bir fəlakət kimi göz yaşları ilə qarşıladığı bildirilir. Bu xüsusda Falih Rıfkı kimi ən çox tanınmış türk yazıçılarının qəzetlərdə kədərli yazılar yazdıqları qeyd edilir. İstər bu yazılardan, istərsə də Azərbaycanın fəlakətinə alət olanlar arasındakı türk kommunistlərinin İstiqlal Məhkəməsindəki mühakimələri zamanı prokuror Nəcib Alinin ifadələrindən bəzi xülasələr verilməkdədir.

Ləhcə və ədəbiyyat (No. 47)

Bəhslər tamamilə elmi mahiyyətdə olub, qeyd olunmalı bir şey yoxdur.

Nəticə:

“İslam-Türk Ensiklopediyası”nın 44–47-ci nömrələrini əhatə edən “Azərbaycan” fəsli (Sovet dövrünə aid hissə istisna olmaqla) Sovet səfirliyinin şikayətini haqlı göstərəcək dərəcədə sovet rejimi və ana qanunu (konstitusiyası) əleyhinə, eləcə də iki ölkə arasındakı münasibətlərə təsir edəcək mahiyyətdə mühüm bir şey ehtiva etmir.

Ən çox diqqət çəkən nöqtələri yuxarıda qeyd edilən “Sovet dövrü”nə gəlincə bu hissədə təfərrüatlandırılan hadisələr əsas etibarilə tarixi həqiqətlərə uyğun olsa belə bunların oxuculara təqdim edilmə tərzi hissi təsirlər altında qalındığını göstərməkdədir. Sovet rejimi və Azərbaycandakı fəaliyyətlər tərəfkeş, hətta bəzən düşməncə bir görüşlə təhlil və təfsir edilmişdir. Bugünkü siyasi şərait daxilində həssaslığı aşkar olan bu bəhsin daha bitərəf qələmlərə hazırlatdırılması bu həssaslığın tələb etdiyi ehtiyatlılığa daha çox uyğun olardı.

Həqiqətən, bu məsələ dostluq münasibətləri ilə bağlı olduğumuz Sovet Rusiyasının rejimi əleyhinə hesab edilərək Sovet səfarəti tərəfindən edilən müraciətin qəbulu qərara alındığı təqdirdə; “Azərbaycan” fəslini ehtiva edən dörd nüsxənin deyil, yalnız mövzuya dair (Sovet dövrü) hissəsini ehtiva edən 46 və 47 nömrəli nüsxələrin satışdan yığışdırılması məqsədə nail olmaq üçün kifayət edəcəkdir.

May 1943”

Həqiqətin gizlədilməsi

Hesabatı tam şəkildə təqdim etməkdə məqsədimiz türk hökumətinin ensiklopediya yazarlarına olan müsbət münasibətini göstərmək üçündür. Göründüyü kimi müəlliflərin geniş qaynaqlardan istifadə etmələri, elmi yanaşma sərgiləmələri təqdir edilib, sadəcə siyasi bir sıra məsələlərdə hissi davranıldığı bildirilib. Türk hökuməti baxımından bu təsbitlər başadüşüləndir. Çünki İkinci Dünya müharibəsinin ən qızğın çağında SSRİ ilə ən kiçik qarşıdurma Türk dövlətinin marağına uyğun deyildi. Mirzəbala Məhəmmədzadənin Rəsulzadənin əsərindən iqtibas edərək yazdığı işğal sonrakı hadisələr, şübhəsiz ki, doğru idi. Lakin Türk hökuməti baxımından bir ensiklopediya maddəsi kimi yazıldığı zaman müəllifin nifrət hissini gizlətməsini arzulaması da qəbuledilən olmalıdır. Amma burada Sovet səfirliyini narahat edən yazılış tərzi deyil, oradakı faktlardır ki, bunun inkarı isə mümkünsüzdü. Görünür, türk hökuməti müharibənin gedişatı dövründə Rusiya ilə ən kiçik məsələlərdə problem yaşamamaq üçün ensiklopediyanın həmin maddələr olan qisminin satışdan yığışdırılmasını müvafiq bilib. Amma fikrimizcə, praktikada bu təklif həyata keçirilməyib. Burada önəmli olan məsələ odur ki, ruslar üzərindən 23 il keçdikdən sonra da həyata keçirdikləri cinayətləri ört-basdır etmək üçün mümkün hər vasitəyə əl atmağa çalışıblar.

Qaynaq:

Türk Diplomatik Arşivi

İzmirli, İ. H., Miras, K., vd. (Ede.). (1941-1948). İslâm-Türk Ansiklopedisi Mecmuası (Cilt 1, Sayı: 1-40). İstanbul: Asâr-ı İlmiyye Kütüphanesi.

islamansiklopedisi.org.tr/islam-turk-ansiklopedisi

© Müəllif hüquqları qorunur. Mətndən istifadə etdikdə istinad mütləqdir!