Ruslan Bayramlı Təhlil

Dünya ölkələrində ali təhsil müəssisələrinə qəbul qaydaları – Türkiyə nümunəsi

Dünyanın bir çox ölkələrində ali təhsilə olan tələb ildən-ilə artmaqda davam edir. Bu artımın səbəbləri arasında insanların həyat səviyyəsinin yüksəlməsi, ibtidai və orta təhsil səviyyəsində təhsil alan şagirdlərin sayının artması, elmi-texniki tərəqqi nəticəsində digər təhsil səviyyələrinin günümüzün son dərəcə mürəkkəb olan tələblərinə cavab verə bilməmə qorxusu, həmçinin ali təhsilli şəxslərin digər təhsil pillələrinə nisbətən gəlir əldə etmək şansının yüksək olması düşüncəsidir. Hər il ali təhsil müəssisələrinin, həmçinin tələbə qəbulu üçün ayrılan yerlərin sayının da dəyişməsi rəqabətli qəbul sisteminin formalaşmasını, həmçinin ölkələrdən asılı olaraq fərqli qəbul formatının da tətbiqini zəruri etmişdir.

Beynəlxalq təcrübəyə nəzər saldıqda dünyanın əksər ölkələrində orta təhsil pilləsindən sonrakı mərhələni əhatə edən 4-6 illik ali təhsil dövrünün olduğunun şahidi oluruq. Ölkələrə görə ali təhsil müəssisələrinə qəbul prosesi fərqli formalarda həyata keçirilir. Təbii ki, ali təhsil almaq istəyənlər arasından yüksək bilik və bacarığa sahib olanların seçilməsi üçün müəyyən metodların tətbiqi qaçılmazdır. Bir çox ölkələrin konstitusiyalarında orta təhsildən fərqli olaraq ali təhsil icbari olmadığı üçün burada həmin təhsil müəssisələrinin namizədlər arasından özlərinin seçim etmək kimi hüquqları var.

Dünyanın müxtəlif ölkələrində universitetlər qəbul zamanı – orta məktəbi bitirmə imtahanları, ali məktəblərə qəbul imtahanları, qabiliyyət imtahanları, müxtəlif beynəlxalq imtahanlar, o cümlədən imtahansız qəbul qaydalarından da istifadə edirlər.

Müxtəlif ölkələrdə tətbiq olunan qəbul imtahanlarından danışarkən qardaş ölkə Türkiyənin bu sahədə keçdiyi inkişaf yoluna nəzər salmaq yerinə düşər. Belə ki, Türkiyədə XX əsrin ortalarına qədər orta məktəb məzunlarının sayı çox az olduğundan bir çox universitetlər imtahansız qəbul həyata keçirirdilər. Bəzən ayrılan yerlərdən artıq müraciət olduğu təqdirdə universitetlər digər metodlardan istifadə etmək məcburiyyətində qalırdılar. Bura müraciət zamanının nəzərə alınması, yəni ayrılan yerlər dolduqdan sonra qəbulun dayandırılması, universitetlərdə ixtisaslara görə təhsilin keyfiyyətinin nəzərə alınaraq qəbulun aparılması, həmçinin orta məktəb məzunlarının nəticələri nəzərə alınaraq qəbulun aparılması kimi metodlardan istifadə olunurdu.

XX əsrin axırlarına yaxın, daha dəqiq ifadə etsək, 1974-cü ildən 1981-ci ilədək univeristetlərə qəbul prosesi Tələbə Seçmə və Yerləşdirmə Mərkəzi (ÖSYM) tərəfindən həyata keçirilirdi.

1981-ci ildən universitetlərə qəbul üçün verilən imtahanlar iki mərhələdən ibarət olmuşdur. Bu sistemdə ilk mərhələni təşkil edən Tələbə Seçmə İmtahanı (ÖSS) aprel ayında, ikinci mərhələ olan Tələbə Yerləşdirmə İmtahanı (ÖYS) isə iyun ayında həyata keçirilirdi. 1999-cu ildə ikimərhələli imtahanın ikinci mərhələsi ləğv edilərək yalnız ÖSS adı ilə birmərhələli imtahan forması saxlanıldı. 2006-cı ildə Tələbə Seçmə İmtahanında (ÖSS-də) edilən dəyişikliklərə əsasən, imtahanın bir mərhələdə aparılması qüvvədə saxlanılsa da, sualların bir qismi əvvəlki illərdə olduğu kimi, ÖSS tipində, bir qismi isə bütün məktəb kurikulumu (ÖSYM) nəzərə alınaraq hazırlanmağa başladı.

Bu gün ölkəmizdən də Türkiyə universitetlərinə qəbul üçün kifayət qədər müraciət edənlər var. Bunun ən başlıca səbəbi Türkiyənin bizim üçün qardaş ölkə olmasıdır. Həmçinin coğrafi cəhətdən ölkəmizə yaxınlığı, milli-mədəni dəyərlərimizin bənzərliyi, eyni dil ailəsinə mənsubluğumuz və s. bu kimi özəlliklər də azərbaycanlı tələbələrin Türkiyədə oxumaq istəməsinə səbəb olan amillərdəndir.

Hal-hazırda Türkiyə universitetlərinə 3 yolla qəbul olmaq olar. Bunlardan biri attestatla qəbuldur ki, əsasən, imtahansız olur və attestat qiymətləri əsasında həyata keçirilir. Digər qəbul forması Dövlət İmtahan Mərkəzinin imtahanları əsasında həyata keçirilir. Təbii ki, bu forma yalnız Azərbaycandan olan müraciətçilər üçün keçərlidir. Başqa bir qəbul forması YÖS imtahanıdır ki, bu da Azərbaycanla yanaşı, digər xarici ölkə vətəndaşları üçün nəzərdə tutulan, açıqlaması “Yabancı Öğrenci Sınavı” mənasına gələn imtahan formasıdır. Başqa bir qəbul forması isə beynəlxalq imtahan olan SAT imtahanları ilə qəbuldur.

Göründüyü kimi, universitetlərə qəbul prosesinin belə fərqli metodlarla təşkili ölkədən ölkəyə dəyişə bilər.

Yazımızın davamında isə digər ölkələrin bu sahədə tətbiq etdikləri metodlarla tanış olmağa çalışacıq…