Qərb kültüründə xristian dini inancı elmi materializmin təzyiqi altında misli görünməmiş şəkildə zəiflədilib. Meydana çıxan vakuum elə elmin özü tərəfindən dolduruldu. Elm tədricən dinin mövqeyinə iddia etməyə başladı, bu prosesdə elə elmin özü daxilində ağlın ali statusunu aradan qaldırdı.
Klassik təhsil ideyasını aradan qaldıran XVIII əsrə məxsus “elmlərin ensiklopediyası” Didro, Dalamber və “Ruhun təbii tarixi”, “İnsan makina” adlı əsərlərində bütün fəlsəfi düşüncəni keçərsiz və hökmsüz elan edən fransız fiziki və filosofu, maarifçilik materialistlərinin ən erkən nümayəndələrindən biri olan Jüliyen Ofra de La Metrinin biliyi idi. La Metri qeyd olunan əsərlərində hər şeyin beyin və bədən arasında kauzal reflekslər perspektivindən izah edildiyi bir emprisizmi irəli sürürdü.
Elm Qərbdə ilk dəfə meydana çıxdığı zaman onun sadəcə təbii dünyanı kəşf etmək üçün alət olduğu düşünülürdü. İlk vaxtlar fəlsəfə və dinin separat sferaları üzərində bir iddiası olmayan elm onlarla birgə mövcud olmaqdan məmnun idi. Əksər siyentistlərin özləri dini inanclılar idilər. Eynşteyinin dediyi kimi, “dinsiz elm topal, elmsiz din kordur”. Modernizm tərəqqi etdikcə elm “siyentizm”in yüksəlişinə zəmin hazırladı. Bu yalnız elmi materializmin dünyada bütün suallara cavab verə bildiyi inancı idi. Oksford Universitetindən Piter Etkinsin dediyi kimi, “elmin mövcudluğun hər bir aspektini ələ ala bilmədiyini güman etməyə heç bir səbəb yoxdur”.
Siyentizmin kökləri “pozitivizm” olaraq bilinən maarifçiliyə qədər uzanan bir düşüncədən qaynaqlanır. Bu düşüncəyə əsasən, autentik bilik yalnız duyğuların yaşantısından qaynaqlanır. XVIII əsr şotland filosofu Devid Hyum ilə əlaqələndirilən bu fəlsəfi prezumpsiya daha sonralar – XIX əsrdə elmin total fəlsəfəsinə ekstrapolyasiya edildi.
1936-cı ildə ingilis filosofu Alfred Ayer pozitivizimi daha ümumi şəkildə tətbiq oluna bilən fəlsəfi doktrina olaraq müəyyən etsə də, bu doktrina daxili ziddiyyətlərindən dolayı tezliklə uğursuzluğa düçar oldu. Onun prinsipləri din və elm arasında aşkar konflikti tətikləyirdi. Din doğrulana bilmədiyinə görə onun bir anlamı ola bilməzdi. Yalnız elmin anlamı ola bilərdi və beləliklə, yalnız elm ağıl ilə sinonim oldu. Təbii dünyanın fövqündə heç nə ola bilməzdi, əksinə inanmaq irrasional idi.
Lakin elm hər şeyin açıqlamasını verə bilmək iqtidarında deyil. Bir çox elm adamı bu baxışın arroqant olduğu qədər absurdluğuna da diqqət çəkir. Mövcudiyyətin çoxsaylı aspektləri var ki, onlar materialist elmi analizə endirilə bilməz: sevgi, hüquq, fəlsəfə, doğru və yanlışa inanc, gözəlliyin ali dəyəri. Bu, sadalanan fenomenlərin rasional dərkin fövqündə olduğu anlamına gəlmir. Zooloq Piter Medavar pozitivist yanaşmanı elm adamlarını və elmi diskreditasiya etmək vasitəsi olaraq tənqid edirdi. O, elmin “hər şey necə başladı?” və ya “biz hamımız nə üçün burdayıq?” kimi suallara cavab verə bilmək gücsüzlüyünə vurğu edirdi. Bu suallar din və ya fəlsəfə vasitəsilə daha adekvat şəkildə ələ alına bilərdi.
“Neyroelmin fəlsəfi təməlləri” adlı kitablarında neyro-siyentist Maksvell Bennet və Piter Haker konseptual məsələləri elmi məsələlər ilə qarışdırdığına görə materializm və ya “reduksionist elm”ə kolossal hücum başladırlar. Riçard Dovkinsin “elm real dünyanı anlamağımızın yeganə yoludur” inancını tənqid etməklə onlar deyirlər ki, “dünyanı izahetmə” kimi bir şey yoxdur, yalnız dünyada fenomenləri izah etməyin müxtəlif üslubları var. Və təbiət elmləri hər hansı bir şəkildə təsvir edilə və izah edilə bilən hər bir fenomeni izah və ya təsvir etmir.
Siyentist doqmatistlər elmin cavab verə bilmədiyi suallar qarşısında bu sualların sorşulmamalı olduğu, elm Tanrının varlığını onlara sübut edə bilmədiyi üçün Tanrının mövcud olmadığı, elm ali – nəhayi məqsəd məsələləri qarşısında aciz olduğu üçün ali məqsəd deyə bir şeyin olmadığı qənaətindədirlər.
Bu gün elmi triumfalizmin təhrik etdiyi konflikt, əslində, elm və din arasında deyil, bir tərəfdə materializm (və ya “naturalizm”), digər tərəfdə isə elm və inanc arasındadır. Naturalizm təbii və maddi dünyanın mövcud olan hər şeyi açıqladığı görüşündədir. Riyaziyyatçı Devid Berlinski qeyd edir ki, naturalizm siyentistlərin elmi ruhu olaraq gördüklərinə çox yaxın olmaqla bərabər, onun dini düşüncədən üstünlüyünün mənbəyidir. O, ümumi metafizik mövqe, bir ümumbəşəri doktrinadır.
Nəzəri partikl fiziki Stefen Barr 2002-ci ildə Erasmus mühazirəsində qeyd edirdi ki, materializm qətiyyən bir elm deyil, maddədən başqa heç nəyin mövcud olmadığı inancı tərəfindən müəyyən edilən bir fəlsəfə məktəbidir. Barr əlavə edir ki, materializm həm də bir məqsəd ilə “coşğulu şəkildə dəstəklənilən ideologiya”dır: “Həqiqətən də, bu, elmi dünyanın böyük bir hissəsinin ideologiyasıdır. Onun dəstəkçiləri elmi təbiətin tədqiqi və fiziki qanunların kəşfini aşan bir missiyaya sahib olduğunu düşünürlər. Bu missiya xüsusən də dini inanc formasında insanlığı bütün superstisiyalardan azad etmək missiyasıdır”.
Əgər elm, əslində, şeylərin necə olduğunu öyrənməni ehtiva etməklə essensial olaraq obyektivdirsə, materializm onun antitezisi olaraq görülə bilər. Çünki onun başlanğıc nöqtəsi təbii dünya üzərinə ona baxmağın spesifik və məhdud tərzini təlqin etmək arzusudur. O bunu aşkar ideoloji məqsəd ilə edir: dini inancın destruksiyası. Lakin onun özək prinsipi (maddənin sonu maddədir – red.) öz-özlüyündə sübut edilə bilməyən bir inanc növüdür. Berlinski bildirir ki, materializm dinin ağıldan kənar olduğu illüziyasını yaradır. Əgər hər şey maddədirsə, onda Tanrı bir maddi obyektdir. Əgər Tanrı maddi olaraq sübuta yetirilə bilmirsə, o zaman o mövcud ola bilməz. Əgər o mövcuddursa, bu o deməkdir ki, o Tanrı deyil. Yanlış olan postulyasiyadan qaynaqlanan amansız bir çıxılmazlıq…
Dovkins və siyentifik triumfalistlərin elm və din arasında ədavət yarada bilməsinin təməl səbəbi onların insanları elm və materializmin yaxud da naturalizmin bir-birindən fərqləndiyinə inandırmış olması idi. Lakin metafizikanı geçərlilikdən tamamilə məhrum edən bu baxış elmin özünü də təməldən sarsıdır. Pozitivizmə şiddətlə qarşı çıxan Karl Popper metafizika və elm arasındakı parçalanmanın yanlış və qeyri-tarixi olduğuna inanırdı. Metafizikanın anlamsız olduğu fikirləri “sadəlövh və naturalist” anlamlılıq prinsiplərinə əsaslanır. Pozitivistlərin doğrulana bilmə prinsipi elmi biliyin özünü qeyri-mümkün edir. Çünki təbiətin fundamental qanunlarının özləri də doğrulana bilən deyil.
Bundan əlavə, elmin epistemologiyası özünün fövqündə bir şeyin mövcud olduğuna əsaslanır. Dini inancı əzməyə cəhd göstərməklə siyentistlər elan etməyə sevinirlər ki, kainatın mənşəyini anlaya bilməməyimiz o demək deyil ki, biz onu heç vaxt anlaya bilməyəcəyik. Çünki kainat haqqında hər şey elmi kəşfə açıq, uyğundur. Leo Ştrauss vurğulayır ki, bu təkəbbür maddədən başqa heç nəyin mövcud olmadığına dair siyentistlərin öz doktrinasını alt-üst edir. O bildirir ki, elm pozitivistlər tərəfindən sonsuz tərəqqiyə qadir olaraq başa düşülür. Hər bir elmi nəticə şərtidir və gələcək təftiş edilmələrə tabedir və bu heç vaxt dəyişməyəcək.
Beləliklə, elm və din arasındakı münaqişə qeyri-elmidir. Reallıqda, elm bizə dünyanı nə qədər çox izah edirsə və biz onun necə işlədiyini nə qədər çox anlayırıqsa, bir o qədər çox anlamaq və izah etmək ehtiyacı yaradır. Bizi dini inanc domeninə yönəldən sualları aradan qaldırmaqdan uzaq olan elm proqressiv şəkildə onları artırır, bizi “nə” və “necə” ilə bağlı suallardan “niyə” barəsində suallara yönəldir. Bu xüsusən də keçən əsrdə kuantum mexanikası kimi fizikanın kəşfləri nöqteyi-nəzərindən doğrudur. Popper bildirir ki, kuantum mexanikası materializmi tamamilə darmadağın edən isbatlana bilməməzlik və subyektivlik sferaları yaradır. “Elm müşahidə ilə xarakterizə olunur, metafizika isə spekulyasiyaya əsaslanır” baxışı da yanlış demarkasiyadır, çünki Popperə görə, fizikanın modern nəzəriyyələri yüksək dərəcədə spekulyativ və mücərrəddir.
Beləliklə, elm naturalizmi bir xeyli geridə qoyur. Əksər fiziklər və riyaziyyatçılar qəbul ediblər ki, onların kəşfləri qaçılmaz şəkildə maddi olanın fövqündə bir domenin olduğunu göstərir. Lakin təkamülçü bioloqlar belə bir implikasiyanı qəbul etməyə qadir deyillər. Çünki onlar naturalistdirlər. Canlı orqanizmlərdə gördükləri şeyləri ələ alırlar, onların altında yatan şeylərə nəzər yetirməyə ehtiyac duymurlar.
R.Dovkins kimi siyentistlərin maddə və informasiya arasındakı müxtəlifliyi dərk etməmələrinin səbəbi bu ola bilər. “İnformasiya” təbii dünyada bütün fəaliyyətləri idarə edən bioloji proqramlar anlamına gəlir. O, inert maddə və canlı orqanizmlər arasındakı müxtəlifliyi açıqlayır. Təkamülçü nəzəriyyənin ən öndə gələn dəstəkçilərindən biri Corc Villiams etiraf edir: “Gen bir obyekt deyil, informasiya paketidir. Biologiyada sən genlər, genotiplər və gen hövzələrindən bəhs edirsənsə, fiziki obyektiv reallıqdan deyil, informasiyadan bəhs edirsən”.
Bioloji informasiyanın rol və xarakterini anlamaq elmi materializmin hüdudlarını görməkdir. Alman Federal Fizika və Texnologiya İnstitutunun direkoru Verner Gitt qeyd edir: “Bir fiziki maddə informasiya kodu istehsal edə bilməz. Bütün yaşantılar göstərir ki, hər bir yaradıcı informasiya parçası müəyyən mental əməyi təmsil edir və öz azad iradəsini icra edən şəxsi “ideya-verici”yə əsaslandırıla bilər. Öz-özlüyündə maddədən qaynaqlanan informasiyaya səbəb olan heç bir təbiət qanunu, heç bir proses və hadisələr ardıcıllığı yoxdur. İnformasiya maddədən fərqli bir şeydir. O, maddəyə endirilə bilməz. İnformasiya və fiziki maddənin mənşəyi separat şəkildə tədqiq olunmalıdır”.
Elmi triumfalistlərin Dovkins\Etkins məktəbi maddəyə qarşı olaraq informasiyanın zəruri şəkildə bir növ yaradıcı intellek anlamını kəsb etdiyini qəbul edə bilmirlər. Onları belə sübut qarşısında dözümlü edən amil xüsusilə önəmlidir. Bu ona görə deyil ki, onlar əks-arqumentin yanlış olduğundan arxayındırlar, ona görədir ki, bunun doğru ola bilməsindən dəhşətə gəlirlər. Doğru olmanın nəticəsi onlar üçün dəhşətli bir şeydir. Çünki onlar Tanrının mövcud olduğunu qəbul etməli olacaqlar.
Harvard universitetindən Riçard Levontin materialist ideologiyanın siyentistlər üzərində belə güclü təsirinin olması ilə bağlı səmimi fikirləri var: “Bizim əqli-səlimə qarşı elmi ideyaları qəbul etmək istəkliliyimiz elm və təbiətüstü arasındakı real mübarizəni anlamaq baxımından açar rolunu oynayır. Biz bəzi konstruktlarının absurdluğuna, həyat və sağlamlıq ilə bağlı əksər vədlərini yerinə yetirmək uğursuzluğuna rəğmən, elmin tərəfində dayanırıq. Çünki bizim “a priori” təəhhüdümüz var, materializmə təəhhüd. Materializm mütləqdir, çünki biz heç bir halda İlahiliyə icazə verə bilmərik”.
Ona görə də, bu siyentistlər özlərinin də absurd hesab etdikləri nəzəriyyələri irəli sürürlər. Onların hər hansı bir dinə qarşı fobiyası o qədər dərindir ki, Tanrının mövcudluğunu qəbul etməkdənsə, həyatın başqa planetdən Yerə transfer olunduğunun mümkünlüyünü qəbul etməyə hazırdır. Nobel laureatlı bio-kimyaçı Corc Vold 1954-cü ildə söyləyirdi: “Bir canlı orqanizmin spontan əmələgəlməsi qeyri-mümkündür.” Lakin o, mövcudiyyətimizin səbəbi kimi məhz buna inanırdı: “Həyatın mənşəyinə gəldikdə burada yalnız iki mümkünlük var: yaradılış və ya spontan əmələgəlmə. Üçüncü yol yoxdur. Yüz il əvvəl spontan əmələgəlmənin yanlış olduğu göstərildi. Lakin bu bizi yalnız digər bir nəticəyə, supra-təbii yaradılışa yönləndirir. Biz onu fəlsəfi təməllər üzərində qəbul edə bilmərik. Ona görə də qeyri-mümkünə inanmağı seçdik: həyat təsadüfən spontan şəkildə ortaya çıxdı”.
Əlbəttə ki, qeyri-mümkün olduğu məlum olana inanmaq irrasionaldır. Ona görə də, Vold iddia edir ki, “qeyri-mümkün” elmdəki anlamı ümumi danışıq dilində olduğundan fərqlidir. Elmdə “qeyri-mümkün” çox böyük (milyardlarla il) zaman müddətinin keçdiyini nəzərə aldıqda, əslində, “ehtimali” və “qaçılmaz” anlamına gəlir. Lakin Stenli Millerin təsadüfi kimyəvi reaksiyalar vasitəsilə ilk elementar həyat formalarının meydana çıxdığını göstərməyə cəhd etdiyi tədqiqatın 1979-cu ildə aparılan digər tədqiqat tərəfindən alt-üst edilməsi ilə Voldun fikirləri (ələlxüsus amino asidlər ilə bağlı) keçərliliyini itirdi. Bundan sonra Vold öz erkən ideyalarının misli görünməmiş təkzibi ilə çıxış etdi.
Materializmə “a priori” təəhhüd bir növ intellektual korrupsiyaya yol açır. Faktlar bir ideyanın köləsi edilir. Beləliklə, materializm biliyi aşkar etmək vasitəsi deyil, bir ideologiyadır. Onun məqsədi hiyləgər və manipulyativ tərzdə sadəcə dinin deyil, həqiqi elmin, bilik axtarışının destruksiyasıdır.
Ədəbiyyat və istinadlar:
- “Debate between Richard Dawkins and John Lennox”, Natural History Museum, Oxford, October 21, 2008.
- Francis Crick. “Life Itself: Its Origin and Nature” (Futura, 1982), pp. 15–16.
- Albert Einstein. “Science”, Philosophy and Religion: A Symposium, 1941.
- Peter Atkins. “Will Science Ever Fail?”, New Scientist, August 8, 1992.
- Peter Medawar. “Advice to a Young Scientist”, Harper & Row, 1979; “The Limits of Science”, Oxford University Press, 1984.
- David Berlinski. “The Devil’s Delusion: Atheism and Its Scientific Pretensions”, Crown Forum, 2008.
- Peter W. Atkins. “Creation Revisited: The Origin of Space”, Time and the Universe, Penguin Books, 1994.
- George Wald. “The Origin of Life”, Scientific American, vol. 191, no. 48, May, 1954.