Füyuzat 143 Ülviyyə Rəhman

Görünməyən imzalar

Keçən əsrin əvvəlləri, xüsusilə də 1906–1907-ci illərin ədəbi və mətbu mənzərəsinə nəzər salarkən diqqətçəkən məqamlardan biri qadın müəlliflərin adının, demək olar ki, xatırlanmamasıdır. Cəmiyyətin yaddaşında elə bir təsəvvür formalaşıb ki, sanki “Füyuzat” dərgisində qadın qələm sahiblərinə yer verilməyib. Bəs bu, həqiqətən də, belə idimi?

Gəlin cavabı “Füyuzat” səhifələrində axtaraq. 18 dekabr 1906-cı il – “Füyuzat” məcmuəsinin 5-ci sayında “Bakıda səkinə xatunların cəmiyyəti” adlı elanı oxuyuruq. Elanda Hacı Zeynalabdin Tağıyevin həyat yoldaşı Sona xanım Tağıyeva Bakının xeyriyyəçi xanımlarını cəmiyyət yaratmağa səsləyir. Bu cəmiyyət Qarabağ və Gəncə bölgələrində çətinlik çəkən xanımlara yardım etmək məqsədi daşıyırdı. Bu təşəbbüs qadının mətbuat və cəmiyyətdəki izini göstərmirmi?

“Füyuzat” səhifələrində səyahətimizi davam etdiririk. 26 iyul 1907-ci il – “Füyuzat” məcmuəsinin 23-cü sayında “Gözəl sözlərdən” başlıqlı ədəbi hissədə müxtəlif müəlliflərin şeir və əsərlərindən parçalar, sitatlar oxuculara təqdim edilib. Bu dəfə imzalar başqa bir ovqat yaradır: Ayişə Vüslət xanım, Rəfiə xanım, Məqbulə Ləman xanım, Şahandə xanım, Rəna xanım…

Qadın qələm sahiblərinin səsi qəlbə toxunan bir ahənglə yüksəlir: “Övladın yaşaması atadan, tərbiyəsi isə anadan gözlənilər…” (Ayişə Vüslət xanım) “Dənizdə ruzigar olmasaydı, fırtına olmazdı; lakin gəmi də yürüməzdi. Dünyada qadın olmasaydı, bəlkə, fitnə və iztirab olmazdı, lakin insan da tərəqqi etməzdi…” (Rəfiə xanım)

Adını çəkdiyimiz isimlər XIX yüzilliyin sonlarında Osmanlıda yaşamış və şeir yazmış müəlliflər idi. Müjgan Cunburun “Osmanlı dönəmi türk qadın şairləri” adlı çalışmasından da oxuyuruq ki, Ayişə Vüslət xanımın “Validə qucağı” şeiri Osmanlı sərhədlərini də aşaraq oxucuların rəğbətini qazanmışdı…

Davamı…