Ədəbiyyat Ülviyyə Rəhman Xəbərlər

Axsaq dərvişin insanlığa xitabı və ya Elçin Əzimlinin “Çağrı” romanı haqqında

Ədəbi cəhətdən xüsusi mütaliə lətafətinə malik, oxuduqca səhifələri bir-birinə calanan, amma bir o qədər də bitməsini istəməyəcəyiniz bir əsərdən bəhs etmək istəyirəm. Bu əsər daha öncə “Dan ulduzu” kitabı ilə tanınan yazar Elçin Əzimlinin “Çağrı” romanıdır. Bu romanın misra aralarında vətənin dəyəri, sevgi, şövq, güc hərisliyi, qadın qüvvəti (bəli, zəifliyi deyil, qüvvəti), analıq duyğusu, atalıq məsuliyyəti, vərasət, tarixi gerçəklər, savaşın vəhşəti, həqiqi nəciblik, həsrət, ayrılıq, vəhdət, səfər, bağışlanma kimi bir-birindən güclü motivlərin işlənməsinə şahid olacaq, mənim kimi siz də əsəri mütaliə edib bitirdikdən sonra bir müddət boşluğa düşəcək, əsərin sehrindən qopmaq istəməyəcəksiniz. Bu əsərdə tarix, mənəviyyat, fəlsəfə, ədəbiyyat, irfani biliklər vəhdət təşkil edir. Bədii dili əvəzolunmaz təsvirlər, məcazlar, bənzətmələrlə zəngin olan “Çağrı” əsərini oxumağı həm tarixi, həm ədəbiyyatı sevənlərə tövsiyə edirik. İndi isə keçək əsərin süjet xəttinin təhlilinə. Diləyənlər əsəri oxuduqdan sonra təhlilə nəzər yetirə bilərlər.

XIII əsr, Mavəraünnəhr, Zərəfşan çayı sahilləri, torpaq yuvalarından başını çıxarıb yazın gəlişini qarşılayan “kelegü”lər – sünbülqıranların insan qorxusu, qədim türkün Torpaq Ana ilə bağı ilə başlayan Elçin Əzimlinin “Çağrı” tarixi romanı Çingiz xanın dünyanı lərzəyə gətirdiyi bir dövrdən bəhs edir. Amma bu əsərin baş qəhrəmanı nə Çingiz xan, nə monqol ordusu, nə də başqa biridir. Əsər Mavəraünnəhr ərazisində qarluq obasının təsviri, qarluqların Zərəfşan sahilindəki məskəni – Qayalıqda baş verən proseslərin alovlanması, qarluq hakimləri – Laçınoğullarının ailə məzarlığının yerləşdiyi Laçın qayasındakı mağaraya yad adamın, fiziki cəhətdən qarluqlara, hətta onların heç bir zaman görmədiyi görünüşə malik olan başdan ayağa – kirpiyindən əbasına qədər ağappaq olan bir şamanın yerləşməsindən narahatlığı ilə başlayır.

Biz bu hissələrdə oba daxilində ağsaqqallar məclisinin fəaliyyətini, oba bəyləri arasındakı ixtilafların ilk işartılarını oxuyur, qədim türk ailə, oba yaşantısına bələd oluruq. Obanın yeniyetmə gənclərinin qanının ən azı Zərəfşan çayı qədər coşqun olduğunu oxuyuruq. Hadisələr bu gənclərdən birinin dolub-daşan çayın digər sahilə keçmək istəməsi və bunun nəticəsində ağır yaralanması ilə başqa bir xətt üzrə istiqamət alır. Biz bu toy gəncin – qarluq obasının rəhbəri Satuq bəyin oğlu olan Çağrının səyahətinə yol yoldaşı olmağa başlayırıq. Tələskənliyin, ötkəmliyin həyatda yol aça biləcəyi itkilərin insanın şəxsiyyətinin formalaşmasında, onun həyata, dünyaya və insanlığa münasibətində rolunu müşahidə edirik.

Dünyanı tək bir dövlət altında birləşdirməyə can atan Çingiz xanın qurbanı qarluq elləri, hətta ümumilikdə bütün Xarəzmşah və Mavəraünnəhr ərazisi olur. Monqol istilası nəticəsində yurd-yuvasından, ailəsindən, sevdiyindən didərgin düşən, həyatda hər şeyini itirən gənc qarluq bəyi Çağrı həyatın axınına özünü qapdırır, yeri gəlir hər kəsin qorxduğu şamanla dostluq edir, yeri gəlir Xarəzm sultanının sərkərdəsi kimi vətənin bir qarış torpağını qorumaq uğruna canından keçməyə razı olur, yeri gəlir ustadının bələdçiliyi ilə birgə müharibə vəhşəti içərisində öz mənəvi dünyasına səfər etmək qərarına gəlir, yeri gəlir dünyanın çəkindiyi, vəhşətindən hamının qorxduğu amansız Çingiz xanın gözlərinin içinə baxır. Özünün də xəbəri olmadan Zərəfşanda yaralandığı o gündən etibarən bir yola başlayan Çağrı o yolu qəbul edir və zamanla zahidanə həyat sürür, bir zamanlar dünya qədər var-dövlət sahibi olan bəy oğlu yemək üçün yaşamağın faydasız olduğunu anlayır, yaşamaq üçün yetəcək qədər qidalanmağın ruhunu saflaşdığını anlayanlardan olur, insanın istəsə də, istəməsə də bu dünyadan nəsibi qədərincə faydalana biləcəyini anlayır. Çağrının dünyadan qazancı isə öz daxili dünyasına olan mənəvi yoludur.

Biz bu əsərdə səyahətin bir çox növünü oxuyuruq. Bunlardan biri Çingiz xanın və ya Xarəzmşah Cəlaləddinin işğal və fəth səfərləri idisə, digəri Altaylarda, Altungöl ətrafında yaşayan şaman Salkın Toyunun yeddi oğlunun dünyanın yeddi tərəfinə olan səyahətləridir. Bu səyahətlərdə şamanlar nəyi aradığını bilmədən, sadəcə yola çıxmalı olduqları üçün çıxmışdırlar. Əsərin əvvəllərində bu hekayəni dinləyən Çağrı belə səyahətə bir anlam verə bilməsə də, əslində, özü də bir səyahətə başlamışdı. Yolçuluqlardan bir digəri isə Nişapurdakı ətir və dərman dükanında oturub insanları müalicə edən ustad Fəridəddinin səyahəti idi. Nə yalan deyim, kitabı mütaliə etməzdən öncə haqqında bir neçə cümlə oxusam da, çıxdığım bu mütaliə yolumda klassik ədəbiyyatın ən sevdiyim müəlliflərindən biri ilə qarşılaşmaq mənim üçün də gözlənilməz oldu. Anidən “quşların dilin”i insanlara aydın edən, “Lisanüt-teyr” əsərinin müəllifi Fəridəddin Əttarın Çağrıya 30 quşun hekayəsini anladan, ona Hüdhüd quşu kimi öndərlik edən bir obraz kimi qarşıma çıxması məni təəccübləndirdi. Bu səhifələri oxuyanda bir oxucu kimi mən də özümü Nişapurda, qızmar Günəşin zərifcə aydınlatdığı minbir ətirli o dükanda hiss etdim. Çağrının duyduğu qoxular və eşitdiyi hekayələrlə təsəvvüf dünyası ilə tanışlığı, Qızılquş mənasına gələn adının həqiqi anlamını – quşların hökmdarı olan, mifologiyada küllərindən doğulması ilə tanınan Simurq quşunun həqiqi anlamını dərk etməsi, məncə, əsərin ən yaddaqalan cəhətlərindən biridir. Ustad Fəridəddin fiziki olaraq bir səyahətə çıxmasa da, hər gün gördüyü əməllərlə, daldığı təfəkkürlə, əslində, bir yolçu idi. Qələmə aldığı qiymətli əsərlərini əmanət etdiyi gənc çağrı da bunu anlayırdı.

Sonra isə bir daha dəhşət zühur edir, Nişapur, Səmərqənd, bütövlükdə bütün türk yurdları bir daha Çingiz xan hücumları ilə üzləşir. Bu savaşdan çoxları sağ qurtula bilmir. Artıq dünyadakı tək varlığı – Ana vətənini də itirən savaşçı Çağrının Çingiz xanla üzləşən, bu üzləşmədə nəfsinə sahib çıxıb ömrünün son anlarında ağzından çıxan sözləri kirlətmək istəməyib özünü Yaradana tapşıran bu gənc bir şəkildə qurtula bilir. Əsl zahidliyi isə bundan sonra başlayır. Çingiz xanın öz yurdunda görməyə tab gətirə bilmədiyi bu türk gözlü gənc əynindəki əbası, cibindəki bir neçə parça kağızla indi fərqində olduğu bir səyahətə başlayır. Səfər savaşın dəhşətindən əvvəlki ehtişamını itirən Səmərqəndədək davam edir. İllər öncə Qayalıqdan çıxan gənc, hələ yeniyetmə, ötkəm, toy Çağrıdan fərqlənirdi Səmərqəndə çatan Çağrı. Cəmi iyirmi bir yaşı olsa da, həyatda gördükləri, yaşadıqları, oxuduqları, ölümlə üz-üzə gəlmələri onu dəyişmişdi. Biz Səmərqənddə artıq bir gənclə deyil, kamil bir dərvişlə yol yoldaşı oluruq. Onun insanlığa xitabını oxuyuruq. Bu ana qədər əsərin adının qəhrəmanın adı olduğunu düşünsəm də, bu andan sonra Çağrının “çağrı”sını oxuduqda bu adın, əslində, Elçin Əzimlinin və ya onun təbirincə desək, Axsaq dərvişin insanlara xitabı olduğunu dərk etdim. Bu xitabı tamamilə siz oxuculara təqdim etmək istəyərdim, amma buna nə sözlər, nə cümlələr razı olmaz. Axsaq dərvişin insanlara xitabını kitabın səhifələrindən oxusanız, daha uyğun olar. Bir də bu xitabı oxumaq üçün Qaf dağının zirvəsinə varmağa çalışan otuz quş kimi müxtəlif vadilərdən keçməli, Ağ şamana, Axsaq dərvişə, ustad Hüdhüdə yoldaş olmalısınız. Yalnız bütün mərhələri uğurla başa vurduqdan sonra həqiqi “çağrı”nı anlayacaq, öz yolculuğunuzda bu xitabı qulağınıza sırğa, yolunuza yoldaş edəcəksiniz. Sonda isə əsərin əvvəlində bizi qarşılayan kelegülər xoş bir vida ilə bütün süjeti yenidən gözümüzün önünə gətirirlər. Yazarın belə gözəl ədəbi priyomları əsəri daha oxunaqlı edir.

Onu da qeyd edək ki, əsərdə albinizm, yəni dəri piqmentinin çatışmazlığı möhtəşəm ədəbi dillə təsvir edilib. Zahiri görünüşünə görə fərq qoyulmağın və insanların fərqli gördükləri bəşərdən necə qorxduğunun yazar məharəti ilə aydınlaşdırılıdığını görürük. Bu cəhətdən hələ də müasir insanlığın fərq qoymamağı öyrənə bilmədiyi bu zamanda müəllifə bir insan kimi dərin minnətdarlıq bildirmək borcunu hiss edirəm.

Müəllif: Ülviyyə Rəhman